Parlament seçkisi 2020: Növbədənkənar mandat davası dostları düşmən etdi

9 fevral seçkiləri. Foto: motioncenter/shutterstock

Natiq Cavadlı

IX hissə

Əvvəlini burdan oxuya bilərsiniz.

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Bu, Azərbaycanın 33 illik müstəqillik dövründə VII parlament seçkiləri idi.

Onlardan yalnız ikisi – 2020 və 2024-cü il seçkiləri növbədənkənar təyin olunub. Həmçinin 1995 və 2000-ci il seçkiləri qarışıq sistemdə, proporsional və majoritar qaydalarda baş tutub.

Meydan TV tarixi proseslərə ekskurs edərək müxtəlif dövrlərdə keçirilmiş parlament seçkiləri ərəfəsində yaşananları bir daha xatırlatmaq qərarına gəlib.

Bir neçə hissədən ibarət məqalə həmin dövrlərdə nəşr olunan mətbu orqanlarda yazılanlar əsasında hazırlanıb.

Növbədənkənar seçkilər

2020-ci ilin fevralın 9-da baş tutan Milli Məclisə seçkilər müstəqillik tarixində ilk növbədənkənar parlament seçkiləri idi. Belə ki, seçkilər noyabrında keçirilməliydi. Ancaq 2016-cı il 26 sentyabrında keçirilmiş sonuncu referendumla Konstitusiyaya edilən dəyişikliklər arasında Prezidentin növbədənkənar seçkilər təyin etmək hüququ var idi. Məhz bunun nəticəsində 2018-ci ilin prezident seçkiləri də çoxunun gözləmədiyi halda vaxtından 6 ay əvvəl, apreldə növbədənkənar keçirilmişdi.

Əli Əhmədov növbədənkənar seçkilərin olacağını təkzib edir

Növbədənkənar seçkilərin keçirilməsi barədə mediada və sosial şəbəkələrdə fikirlər səslənsə də, hakim partiya funksionerləri israrla deyilənləri təkzib edirdi. YAP icra katibi Əli Əhmədov hələ iyunda “növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”,-deyə bildirmişdi. Əli Əhmədov bu barədə yazılanları şayiə adlandırmışdı:

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”.

Əli Əhmədov. Foto: Azərtac

YAP funksioneri demişdi ki, 2020-ci ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək:

“Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir – noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.

2015-ci ilin Milli Məclisinin boş qalan yerlərinə də seçkilər keçirilmədi

V çağırış Milli Məclisində 6 yer boş qalmışdı. 2016-cı ildə Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildiyi üçün onun deputatlıq səlahiyyətinə xitam verilmişdi. Bununla yanaşı, Prezidentin 2018 və 2019-cu illərdəki sərəncamları ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Rüstəm Xəlilov Hacıqabul rayonuna icra başçısı təyin olunmuşdular.

Həmçinin, 2020-ci ilin aprelin 15-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat olan Astan Şahverdiyev vəfat etdiyindən yeri boş qalmışdı. 2020-ci il seçkilərinə qədər boş qalmış yerlərə seçki keçirilmədi.

Ramiz Mehdiyev seçkidən əvvəl vəzifədən uzaqlaşdırıldı

Seçkidən 54 gün əvvəl – oktyabrın 23-də Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi bir çox suallar doğururdu. İllərdir Azərbaycanda seçkilərə məsul olan Mehdiyevin vəzifədən uzaqlaşdırılması bu sualları haqlı sayırdı. Ancaq 2016-cı ildə Birinci vitse-prezident təyin olunan Mehriban Əliyevanın komandasının oturuşması yaranan suallara qismən cavab verirdi. “Turan” yazırdı ki, Prezident Administrasiyasına yüksək vəzifələrə təyinat alan şəxslər əsasən gənc və geniş ictimaiyyətin tanımadığı şəxslər idi:

Ramiz Mehdiyev
Foto: president.az

Bu şəxslərin əksəriyyətinin karyerası H.Əliyev Fondu ilə bağlı olduğundan onları daha çox Birinci vitse-prezidentin komandası kimi xarakterizə edirlər. Ümumiyyətlə, 2016-cı il referendumundan sonra yüksək vəzifələrə təyinat alan şəxslərin mütləq əksəriyyəti cəmiyyətdə Mehriban Əliyevanın komandası kimi qəbul olunur. Sanki hakimiyyətin içərisində yeni alternativ komanda formalaşdırılır. Məntiqlə 9 fevral seçkisini də məhz bu yeni komanda keçirdi”.

Seçkilərə start verilməsinə bir həftə qalmış Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da vəzifəsindən azad edilir. 

Və YAP növbədənkənar seçkilər haqda təkliflə çıxış etdi

Noyabrın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Prezidentin siyasi kursunu və apardığı islahatları dəstəkləmək məqsədilə parlamentin buraxılmasını və yeni deputatların seçilməsi təklifi ilə çıxış etdi. Həmin gün hakim partiyanın iclasında Əli Əhmədov bildirib ki, Azərbaycanın icra və məhkəmə qollarında islahatlar bu günə kimi aparılıb:

İslahatların sistemli olması üçün vacib cəhət odur ki, islahatlar bütün hakimiyyət qollarını əhatə etməlidir”.

Yeni Azərbaycan Partiyası. Foto: “yap.org.az”

Dekabrın 2-də əsasən YAP-dan olan çoxluq bu təklifi dəstəklədi və Prezidentə bu barədə müraciət ünvanladı.

Qanunvericiliyə əsasən, Milli Məclisin iclasının səlahiyyətli hesab olunması üçün ən azı 83 deputat iştirak etməli və səsvermədə 63 və ya 83 səs çoxluğu ilə qərarlar qəbul edilməlidir. Məclisdə səs çoxluğuna hakim olan YAP-çı deputatlar bu təklifi verib, səsə qoydular. Elə həmin gün də ölkə başçısı müraciətini Konstitusiya Məhkəməsinə yönləndirdi və dekabrın 4-də məhkəmə təklifin Konstitusiyaya uyğun olduğuna qərar verdi. Bir gün sonra İlham Əliyev sərəncam imzaladı.

MSK-ya 57.7 milyon manat ayrıldı

Seçkilərin keçirilməsi üçün Dövlət büdcəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) 57.7 milyon manat ayrıldı.

2019-cu ildə MSK-ya 51.3 milyon, 2018-ci ildə isə 67.6 milyon vəsait ayrılmışdı. 2019-cu ildə bələdiyyə, 2018-ci ildə isə növbədənkənar prezident seçkiləri keçirilmişdi.  

Milli Şura: “Erkən seçkilər parlamenti daha itaətkar tərkiblə qəsb etmək üçündür”

Dekabrın 10-da Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) seçkiləri boykot edəcəyi haqda bəyanat yaydı. DQMŞ hesab etdi ki, növbədənkənar parlament seçkiləri hakim Əliyevlər ailəsinin istək və qərarıdır:

Sadəcə, bu qərar mövcud Milli Məclisin öz əli ilə və özünə hörmətsiz şəkildə həyata keçirildi. Erkən parlament seçkilərinin keçirilməsilə bağlı hər hansı ictimai müzakirə aparılmayıb, əksinə bunun mümkünlüyü barədə səslənən müxtəlif mülahizələr hakimiyyət təmsilçiləri tərəfindən qətiyyətlə təkzib olunub. Erkən seçki qərarı YAP-ın adından ortaya çıxarılanda da onun zəruriliyi ağlabatan tərzdə əsaslandırılmadı, bu yöndə hər hansı məntiqli izahatlar və ictimai müzakirə olmadı. Sadəcə, Konstitusiyanın norma və prinsiplərinə də məhəl qoyulmadan, Milli Məclis və Konstitusiya Məhkəməsi Əliyevlər ailəsinin iradəsinə tabe etdirilməklə növbədənkənar parlament seçkisi qərarı rəsmiləşdirildi. Əliyevlərin bu qərarı hakimiyyətin bütünlüklə bir ailə-klanın əlində cəmlənməsi və ailə üzvlərinin birindən digərinə ötürülməsi planına hesablanmaqla, parlamenti yenidən, daha itaətkar tərkiblə qəsb etmək üçündür”.

Bəyanatda “erkən seçki qərarının gizli saxlanaraq, qəfildən üzə çıxarılması və sürətlə rəsmiləşdirilməsi isə cəmiyyəti və müxalifəti hazırlıqsız yaxalamaq üçündür”,-deyə bildirilir.

Milli Şura
Foto: Meydan TV

Milli Şura normal seçkilər üçün ölkədə heç bir şəraitin olmadığını da vurğulayırdı:

Seçki qanunvericiliyi mürtəce məzmun daşıyır, seçki komissiyaları tamamilə hakimiyyətin nəzarətindədir, azad media sıradan çıxarılıb, insanların sərbəst toplaşmaq hüququ faktiki əlindən alınıb, 100-dən çox siyasi məhbus hələ də həbsdədir, müxalif ictimai fəallar və siyasətçilər daimi təzyiq altındadır, siyasi qüvvələr üçün rəqabət mühiti yoxdur, ölkədə total polis nəzarəti və inzibati basqı hökm sürür.

Milli Məclisə erkən seçkilərin keçiriləcəyi bəlli olan kimi Milli Şura hakimiyyətə seçki islahatları ilə bağlı təkliflərini verdi. Təəssüf ki, hakimiyyət əvvəlki illərdə seçki islahatı ilə bağlı tələb və təklifləri qulaqardına vurduğu kimi, bu dəfə də Milli Şuranın təkliflərini nəzərə almadı, hətta YAP-ın icra katibi Əli Əhmədovun dili ilə bu təklifləri “anti-Azərbaycan mövqeyindən irəli sürülmüş tələblər” kimi qiymətləndirdi. Aydın oldu ki, hakimiyyət yenə də normal seçki keçirmək fikrində deyil, əksinə növbəti seçki oğurluğuna hazırlaşır”.

“Milli Şura belə bir şəraitdə xalqın öz iradəsini ifadə etməsinin mümkün olmadığını rəhbər tutaraq 9 fevral 2020-ci ilə təyin edilən növbədənkənar parlament seçkisinə qatılmayacağını, bu seçkini boykot etdiyini bildirir. Milli Şura bəyan edir ki, bu şəraitdə keçirilən seçki heç bir halda xalqın iradəsini ifadə edə və legitim sayıla bilməz”,-deyə bəyanatda qeyd olunur.

Bir gün sonra Klassik Xalq Cəbhəsi Partiyası da oxşar bəyanatla seçkiləri boykot etdiyini açıqladı.

İlkin mərhələdə 20-yə yaxın partiya seçkilərə qatıldı

Dekabrın 26-da MSK seçkilərdə iştirakla bağlı 20-yə yaxın partiyanın nümayəndəsinin qeydə alındığını açıqladı.

Siyasi tribuna. Foto: Niyazz/shutterstock

Onların sırasında Yeni Azərbaycan, Ümid, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Milli İstiqlal, Azərbaycan Demokrat, Böyük Azərbaycan və Vahid Azərbaycan partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınmışdı. Habelə, Ana Vətən, Azərbaycan Təkamül, Müsavat, Azərbaycan Sosial Rifah, Vəhdət, Demokratik İslahatlar, Azərbaycan Liberal Demokrat, Azərbaycan Demokratik Maarifçilik və Müasir Müsavat partiyalarının da MSK tərəfindən nümayəndələrinin qeydə alındığı bildirilirdi.

ATƏT tövsiyələrinin nəzərə alınmadığını dedi

Elə həmin gün ATƏT-in seçkiləri Müşahidə Missiyası erkən parlament seçkiləriylə bağlı ehtiyacların dəyərləndirilməsi hesabatını açıqladı.

ATƏT missiyanın məqsədinin seçkiöncəsi mühiti və hazırlıqları dəyərləndirmək olduğunu qeyd edirdi:

Bu dəyərləndirməyə dayanaraq missiya ATƏT-nin seçki müşahidə nümayəndlərini ölkəyə yönləndirməyi tövsiyə edir. Seçkiöncəsi dəyərləndirmə səfəri zamanı missiyanın nümayəndələri dövlət institutları və seçki administrasiyası, həmçinin siyasi partiya, media, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətin nümayəndləri ilə görüşüblər”.

Hesabatda qeyd edilir ki, seçki qanunvericiliyinə ATƏT/DTİHB-nin əvvəlki tövsiyələrini, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığı ilə bağlı, habelə seçki administrasiyasının qərəzsizliyi, namizədlərin qeydiyyatı, media mühiti və seçkinin keçirilməsi ilə bağlı dəyişikliklər olmayıb:

ATƏT
Foto: azerbaijan.az

Hakimiyyət seçkilərin açıq, şəffaf və ədalətlilik prinsipinə uyğun olaraq keçirmək öhdəliyini vurğulamışdı”.

ATƏT/DTİHB-nin fəaliyyət göstərdiyi dövrdə artıq 802 nəfər namizədliyini irəli sürüb və 447 namizəd qeydə alınıb. Potensial namizədlərdən namizədliklərinin 450 seçicinin imzası ilə dəstəklənməsi tələb olunur. ATƏT/DTİHB-nin hesabatında qeyd edilir ki, namizədlərin qeydiyyatı prosesinin qərəzsizlik məsələsi xüsusi narahatlıq doğurur, əsasən də imzaların yoxlanılması prosedurları ilə bağlı ciddi narahatlıq ifadə edilir.

Seçkiöncəsi Azərbaycanda bir sıra müxalifət partiyaları və hərəkatlar ictimai şəkildə bu seçkiləri boykot edəcəklərini bəyan ediblər.

Hesabatda həmçinin bildirilir ki, Konstitusiya ilə təmin edilsə də, toplaşma və ifadə azadlıqları qanuni çərçivədə və ciddi şəkildə məhdudlaşdırılır və bu, hökumətə qarşı tənqidi fikirləri ifadə edənlərin sistematik təzyiqə məruz qalmasına səbəb olur.

ATƏT/DTİHB-in hesabatında vurğulanır ki, erkən parlament seçkiləri ilə bağlı ölkəyə seçkini müşahidə missiyası yerləşdirməyi tövsiyə edir, ATƏT üzvlərinə 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi göndərmək tövsiyə olunur.

YAP-ın siyahısında 71 yeni sima

Dekabrın 27-də hakim Yeni Azərbaycan Partiyası (YAP) namizədlərinin siyahısını yaydı. Siyahıdan bəlli oldu ki, partiya 125 deputat yerindən 123-nə iddialıdır. Ümumilikdə hakim partiyanın siyahısında 75 yeni sima var idi:

Yeni Azərbaycan Partiyası. Foto: http://yap.org.az/

7 saylı Ordubad-Culfa seçki dairəsi Cəbi Quliyev, 8 saylı Binəqədi birinci seçki dairəsi Kübra Əliyarlı, 10 saylı Binəqədi üçüncü seçki dairəsi Anar Əliyev, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi Səbinə Xasiyeva, 14 saylı Xəzər seçki dairəsi Şəfəq Əhmədova, 15 saylı Yasamal birinci seçki dairəsi Rauf Nağıyev, 16 saylı Yasamal ikinci seçki dairəsi İlham Səfərov, 17 saylı Yasamal üçüncü seçki dairəsi Elnur Allahverdiyev, 18 saylı Nərimanov-Nizami seçki dairəsi Xudaqulu Rzayev, 20 saylı Nərimanov ikinci seçki dairəsi Nihad Allahyarlı, 22 saylı Nəsimi ikinci seçki dairəsi Sərraf Hüseynov, 23 saylı Nəsimi-Səbail seçki dairəsi Elnur Rəhimov, 24 saylı Nizami birinci seçki dairəsi Elnur Mustafayev, 26 saylı Sabunçu birinci seçki dairəsi Afaq Hacıyeva, 27 saylı Sabunçu ikinci seçki dairəsi Əliabbas Salahzadə, 28 saylı Sabunçu üçüncü seçki dairəsi Xatirə Cabbarova, 29 saylı Səbail seçki dairəsi Aytən Hüseynova, 31 saylı Suraxanı ikinci seçki dairəsi Nizaməddin Ağcayev, 32 saylı Suraxanı üçüncü seçki dairəsi Afət Həsənova, 35 saylı Xətai üçüncü seçki dairəsi Turan Əliyev, 36 saylı Xətai dördüncü seçki dairəsi Kənan Rzayev, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi Müşviq Cəfərov, 41 saylı Sumqayıt birinci seçki dairəsi Hicran Hüseynova, 43 saylı Sumqayıt üçüncü seçki dairəsi Emin Hacıyev, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi Müşviq Məmmədov, 46 saylı Şirvan seçki dairəsi Azər Quliyev, 50 saylı Abşeron – Qobustan seçki dairəsi Elman Mikayılov, 52 saylı Quba seçki dairəsi Aysel Şeydayeva, 53 saylı Quba-Qusar seçki dairəsi Habil Bayramlı, 54 saylı Şabran-Siyəzən seçki dairəsi Sadiq Qurbanov, 56 saylı Xaçmaz kənd seçki dairəsi Kənan Mərdanov, 57 saylı Kürdəmir seçki dairəsi Nizami Qəribov, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi Saleh Ələskərov, 59 saylı Salyan seçki dairəsi Rəşad Hacıyev, 60 saylı Salyan-Neftçala seçki dairəsi Etibar Axundov, 61 saylı Neftçala seçki dairəsi Gültəkin Sadıqova, 62 saylı Saatlı seçki dairəsi Əziz Ələkbərli, 63 saylı Sabirabad birinci seçki dairəsi Kamal Cəfərov, 64 saylı Sabirabad ikinci seçki dairəsi Ramin Məmmədov, 66 saylı Biləsuvar seçki dairəsi Səyalə Şahbazova, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi Etibar Sadıqov, 70 saylı Masallı şəhər seçki dairəsi Məşhur Məmmədov, 71 saylı Masallı kənd seçki dairəsi Anar İsgəndərov, 72 saylı Yardımlı-Masallı seçki dairəsi Sərvər Əliyev, 73 saylı Lənkəran şəhər seçki dairəsi Güloğlan Bağırov, 79 saylı İmişli seçki dairəsi Nazim Əzimov, 80 saylı İmişli-Beyləqan seçki dairəsi Rüfət Muradov, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi Rəşad Rəhimov, 84 saylı Füzuli seçki dairəsi Svetlana Məmmədova, 85 saylı Şamaxı seçki dairəsi Arif Lazımov, 86 saylı İsmayıllı seçki dairəsi Zaur Muradov, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi Əli Hüseynov, 88 saylı Göyçay seçki dairəsi Ləman Hacıyeva, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi Rəşad Şükürov, 91 saylı Ucar seçki dairəsi Ramil Həsən, 92 saylı Zərdab-Ucar seçki dairəsi Urfan Əhmədov, 93 saylı Bərdə şəhər seçki dairəsi Fatma Yıldırım, 94 saylı Bərdə kənd seçki dairəsi Qnyaz Məmmədov, 95 saylı Tərtər seçki dairəsi Eldar Əsədov, 96 saylı Goranboy-Naftalan seçki dairəsi Anar Məmmədov, 99 saylı Şəmkir kənd seçki dairəsi Nurlan Həsənov, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi Elşad Mirbəşiroğlu, 102 saylı Samux-Şəmkir seçki dairəsi Nizami Səfərov, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi Elnarə Məhərrəmova, 105 saylı Tovuz seçki dairəsi Məhəbbət Hüseynova, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi Niyazi Tağıyev, 110 saylı Zaqatala seçki dairəsi Bəhruz Bayramov, 112 saylı Qax seçki dairəsi Mahir Əfəndi, 113 saylı Şəki şəhər seçki dairəsi Vüqar İskəndərov, 114 saylı Şəki kənd birinci seçki dairəsi Südabər İsmayılova, 115 saylı Şəki kənd ikinci seçki dairəsi Rahim Həsənov, 116 saylı Qəbələ seçki dairəsi Samir Əliyev, 118 saylı Ağdam şəhər seçki dairəsi Farid Muradov, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi Ceyhun Məmmədov, 123 saylı Kəlbəcər seçki dairəsi Aqil Məmmədov.

YAP 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən namizəd irəli sürməmişdi, sonuncu seçkilərdə bu dairədən bitərəf namizəd, Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının rəhbəri Səttar Möhbalıyev mandat almışdı. Partiyanın namizəd vermədiyi daha bir dairə isə 122 saylı Xankəndi seçki dairəsi idi.

Siyahıda diqqət yaradan ikinci məqam 2015-ci il parlament seçkilərində deputat mandatı alan bəzilərinin adlarının olmaması idi. Bu sırada SOCAR prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, parlament sədrinin müavini Bahar Muradova, Milli Məclisin komitə sədri Arif Rəhimzadə və İqtisad Unversitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevi görmək olar.

Siyavuş Novruzov: “135 nəfər bu tələblə razılaşmadığı üçün partiyadan xaric edildi”

Namizədlərin imzatoplama kampaniyası zamanı məlum oldu ki, hakim partiyanın qərar olmadan 236 nəfər seçkilərə qatılıb. Bu barədə APA-ya müsahibə verən YAP funksioneri Siyavuş Novruzov demişdi ki, onlardan 101 nəfəri partiya tərəfindən namizədlər irəli sürüldükdən sonra öz namizədliyini geri götürdü:

Deputat Siyavuş Novruzov
Foto: Meydan TV

135 nəfərlə isə söhbət aparıldı. Partiyanın Nizamnaməsində göstərilir ki, partiyanın qərarına hörmətlə yanaşılmalıdır. Partiyanın rəhbər orqanlarının çıxardığı qərarlar partiyanın üzvləri tərəfindən qəbul olunmalıdır. Eyni qaydada üzvlər üçün də bizim Nizamnamədə qeyd olunub ki, hər zaman partiyanın dəstəyindən istifadə edə bilər. Həmin şəxslər isə bizim öz namizədlərimizə alternativ yaradırdılar. Partiya uzun illər ölçüb-biçir, tədqiqat işləri aparır ki, hansı dairədən hansı şəxsin namizədliyi irəli sürülsə, qələbə çala bilər. Bunlar hamısı hesablanır. Bütün bunlarla bağlı tədqiqat aparıldıqdan sonra namizədlər irəli sürülür. Lakin 135 nəfər bu tələblə razılaşmadığı üçün partiyadan xaric edildi. Özü də həmin şəxslər Bakıda hansısa təşkilatdan idilər və müxtəlif rayonlarda namizədliyini irəli sürmüşdü. Onlara izah edildi ki, partiyanın bütün qüvvəsi partiyanın irəli sürdüyü namizədi dəstəkləmək üçün səfərbər olunub. Bir partiyadan iki namizəd çıxaranda seçicilər arasında çaşqınlıq yaranır. Bu baxımdan həmin şəxslər partiya sıralarından çıxarıldı. Hazırda onların böyük əksəriyyəti peşmanlıq keçirərək, bizə müraciətlər edirlər. Bu isə təşkilatların və Nəzarət-Təftiş komitəsinin işidir ki, həmin şəxslərlə bağlı qərar verəcək”.

İki dost, “xlebnik” üz-üzə: İqbal Ağazadə və Rauf Arifoğlu

Qarşılıqlı ittihamlar səviyyəsində keçən seçki yarışının 35 saylı Xətai III seçki dairəsində baş tutduğu şübhəsizdir. İllərin dostu, həbsxanada “xlebnik” adlandırlan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu dairədə üz-üzə gəldi. 5 il əvvəl, 2015-ci ildə MSK 35 saylı dairədə İqbal Ağazadənin rəqibi ASDP sədri Araz Əlizadəni qalib elan etmişdi.

Bu dəfə elə ilk gündən İqbal Ağzadə narazılığını “Facebook” səhifəsində ifadə etmişdi:

Doğrudur, mən heç vaxt Rauf bəyin dairəsindən – həm də həmişə iddialı olduğu, onun daim ordan namizədliyini verdiyini bildiyim dairədən – namizədliyimi verməzdim. Bu, mənim prinsiplərimdir. Ona görə yox ki, kiməsə uduza biləcəyimi güman edirəm, əsla. Sadəcə dəyərlərə sayğımın ifadəsi belədir. Lakin mən beləyəmsə, hamını mənim kimi olmağa da məcbur etməyə nə mənim, nə də sizin haqqınız yoxdur. Mən bütün iddialıları bu dairəyə dəvət edirəm, gəlsinlər namizəd olsunlar, yarışsınlar. Seçici səsi almaq üçün mübarizə aparsınlar. Amma Araz Əlizadəyə oxşamasınlar. Uduzanda kişi kimi etiraf etsinlər, xalqın səsinə haram qatmasınlar, hətta uduzanda mandatı onlara verən tapılsa belə, imtina etməyə vicdanları olsun. Namizəd olan hər kəsə, o cümlədən Rauf bəyə uğurlar arzulayıram”.

Ümid sədri çıxışında bir məsələ də xatırlatmışdı:

İqbal Ağazadə və Rauf Arifoğlu. Foto: “YM”

Bir gün yenicə Əməkdar artist adı alan müğənnilərdən biri mərhum sənətkarımız Habil Əliyevə deyir ki, bəs mənə də “Əməkdar artist” adı verdilər. Habil müəllim deyir ki, “onlar verdi, verdi, bəs sənin abrına nə gəldi ki, götürdün?” İndi namizəd olanlar bir də bunu düşünsünlər, xalq səs vermirsə, nəyisə götürməyin, daşıya bilməyəcəksiniz…”.

Rauf Arifoğlu isə “modern.az” saytına demişdi ki, Ümid Partiyasının rəhbərlərinin və İqbal Ağazadənin tərəfdarlarının, səlahiyyətli nümayəndələrinin haqqında apardıqları kampaniyanı izləyir:

Şikayətçi deyiləm. Mənim 35 saylı dairəyə bir ərizə ilə müraciət etməyimlə, ölkədə parlament seçkilərinə start verilib. Hansı dairədən namizədliyimi versəydim, belə olacaqdı və oralarda da mütləq kimsə tapılacaqdı ki, desin, “Rauf Arifoğlu niyə gəldi?” Kimsə özündən güclü olan, yaxud gücünü öz gücünə yaxın hiss etdiyi namizədi sevməz, istəməz”.

O bildirib ki, demokratiyadan danışanlar, “demokratam” deyənlər bu istəməzliyi bir az fərqli, daha sivil ifadə etməlidirlər:

“Dünyadakı ən böyük dəyərin əslində demokratiya və hüquq olduğunu unutmamaq lazımdır. Zahidin haqdan qaçması kimi, azcana bunlara əziyyət olacaq bir situasiyada dönüb, demokratiyadan qaçırlar. Milli mentalitetdən danışırlar. Milli mentalitetə qalsaydı, bəziləri gərək utandığından mənim adımı zikr etməyəydi”.

Ən çox və ən az namizədlərin olduğu dairələr

Ən çox namizədin təsdiqləndiyi dairə 15 saylı Yasamal I seçki dairəsi idi – 23 namizəd. Bu dairədə Müsavat Partiyasının başqanı Arif Hacılı, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, AMİP-nin beynəlxalq məsələləri üzrə katibi Elşən Mustafayev, “Əsa” Teatrının direktoru Nihad Qulamzadə və digərləri yarışsa da, MSK V çağırışın deputatı, Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyevi qalib elan etdi.

İkinci sırada 21 nəfərin namizədliyi təsdiqlənən 16 saylı Yasamal II seçki dairəsindən REAL Partiyasının üzvü Erkin Qədirli bitərəf kimi seçkilərə qatılmışdı, MSK onu qalib elan etdi.

Naxçıvan. Foto: Meydan TV

Sonrakı yerlərdə 29 Səbail (20 namizəd), 13 saylı Xəzər-Pirallahı (18 namizəd), 54 saylı Şabran-Siyəzən (18 namizəd) dairələri sıralanırdı.

Ən az namizədlər Naxçıvan Muxtar Respublikasındakı 1, 2, 3, 4 saylı dairələr idi ki, hər birindən 3 nəfər seçkilərə qatılmışdı. Ancaq 78 saylı Lerik seçki dairəsində 15, 79 saylı İmişli seçki dairəsində 17, yaxud 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsindən 14, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində 14 namizəd qeydə alınmışdı.

(Davamı var)

Ana səhifəRedaktor seçimiParlament seçkisi 2020: Növbədənkənar mandat davası dostları düşmən etdi