“Toplum TV işi” üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev saxlanıldığı Bakı İstintaq Təcridxanasında təzyiqlərlə üzləşdiyini bildirib.
Onun ailə üzvlərinin Toplum TV-yə verdiyi məlumata görə, təcridxana rəhbərliyi aclıq aksiyası keçirən Babayevi xəbərdar edib ki, aksiyanı dayandırmadığı halda digər məhbusların saxlanma şəraiti və onlarla rəftar daha da sərtləşdirilə bilər.
Yaxınlarının sözlərinə görə, Ramil Babayev telefon danışığı zamanı bu barədə məlumat verərkən əlaqə dərhal kəsilib.
Babayev isə aclıq aksiyasının əsas səbəblərindən birinin məhbuslara qarşı pis rəftarın dayandırılması olduğunu deyərək aksiyanı davam etdirmək niyyətində olduğunu bildirib.
Ramil Babayev aprelin sonunda başladığı aclıq aksiyasını 8 gündən sonra müvəqqəti dayandırmışdı. O zaman bunu Bakı İstintaq Təcridxanası rəhbərliyinin irəli sürdüyü tələblərin böyük hissəsini yerinə yetirməsi ilə əsaslandırmışdı.
Lakin Babayevin dediyinə görə, təcridxananın rəis müavini Cavid Güləliyevin bir məhbusa işgəncə verdiyini gördükdən sonra mayın 25-də aksiyanı yenidən bərpa edib.
Onun irəli sürdüyü tələblər arasında təcridxanada işgəncə və ayrı-seçkiliyin dayandırılması, cərimə kameralarında sanitar şəraitin yaxşılaşdırılması, məhbusların şikayətlərinin aidiyyəti ünvanlara çatdırılması, siyasi məhbus hesab olunan şəxslərin görüşlərinin dinlənilməməsi, eyni iş üzrə həbs edilmiş Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədlinin müalicəsinə şərait yaradılması və digər məsələlər yer alır.
Babayev, həmçinin, rəis müavini Cavid Güləliyev barəsində işgəncə, vəzifə səlahiyyətlərini aşma, qəsdən sağlamlığa yüngül zərər vurma və digər maddələr üzrə araşdırma aparılmasını tələb edir.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.