Enerji üzərində qurulan “strateji tərəfdaşlıq” və ya maraqlar kölgəsində itən insan haqları

İllüstrasiya: ChatGPT

Son bir ayda Azərbaycan hakimiyyəti həm Qərb, həm Ukrayna, həm də Rusiya ilə paralel diplomatik aktivlik nümayiş etdirir.

Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri, altı sənədin imzalanması və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi ilə bağlı bəyanatlar Bakının Kiyevlə münasibətlərini yeni mərhələyə çıxardığını göstərdi. Bundan cəmi 10 gün əvvəl isə Bakı və Moskva Aktauda baş vermiş AZAL-a məxsus təyyarə qəzası ilə bağlı kompensasiya məsələsində razılığa gəlmiş, ardınca Aleksey Overçukun Bakı səfəri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müsbət mesajlar verilmişdi.

Bu arada Avropa Birliyi ölkələrinin liderləri də ard-arda Bakıya gəlir. Litvanın Baş naziri İnqa Ruqiniene, Latviya Prezidenti Edqars Rinkeviçs və Çexiyanın Baş naziri Andrey Babişin son həftələrdəki səfərlərində əsas diqqət enerji əməkdaşlığına yönəlib. İtaliyanın Baş naziri Giorgia Meloninin Bakı səfəri də bu xəttin davamı kimi görünür. Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorqensenin mart ayında Bakıda dediyi kimi, “Azərbaycandan əldə edə biləcəyimiz qaz bizim üçün son dərəcə önəmlidir”.

Bütün bu diplomatik hərəkətlilik Bakının çoxvektorlu xarici siyasətinin növbəti mərhələsi kimi görünür: eyni vaxtda Moskva ilə gərginliyi azaltmaq, Kiyevlə əlaqələri gücləndirmək və Avropa ilə enerji tərəfdaşlığını dərinləşdirmək. Ancaq bu yaxınlaşmaların ortaq bir xüsusiyyəti var — insan haqları, siyasi məhbuslar və demokratik geriləmə məsələləri demək olar ki, müzakirə olunmur. Bu isə Avropa Birliyinin Azərbaycan siyasətində dəyərlərin yox, maraqların ön planda olub-olmadığı sualını yenidən gündəmə gətirir.

Aprelin ortasından sonuna qədər baş verən hadisələr göstərir ki, Azərbaycan eyni vaxtda həm Rusiya, həm də Ukrayna və Avropa istiqamətində balanslı siyasət aparmağa çalışır.

Foto: Azərtac

Siyasət dəyişdi, yoxsa maraqlar?

Son həftələr Azərbaycanın Avropa istiqamətində diplomatik aktivliyi nəzərəçarpacaq dərəcədə artıb. Litva, Latviya, Çexiya ilə keçirilən görüşlər və gündəmdə olan İtaliya səfəri bir xətt üzrə düzülür. Rəsmi ritorikada bu proses “strateji tərəfdaşlığın dərinləşdirilməsi” kimi təqdim olunur. Amma bu ifadənin real məzmunu məsələsi açıq qalır.

Litva ilə görüşdə əsas müzakirə mövzuları enerji, investisiyalar, təhsil və kənd təsərrüfatı olub. Latviya ilə görüş isə artıq daha strukturlaşdırılmış formatda keçib. 2017-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi münasibətlərin hüquqi bazası kimi təqdim olunur. Görüşdə biznes forum, investisiya imkanları, müdafiə sənayesi və logistika kimi istiqamətlər müzakirə edilib.

Çexiya ilə əməkdaşlıq isə daha konkret iqtisadi göstəricilərlə xarakterizə olunur. Ticarət dövriyyəsi 800 milyon dollardan çoxdur və bunun əsas hissəsini Azərbaycan neftinin ixracı təşkil edir. Eyni zamanda Azərbaycan qazının Avropaya ixracı genişlənir və 10-dan çox Avropa İttifaqı ölkəsini əhatə edir. Burada “strateji tərəfdaşlıq” artıq abstrakt siyasi termin deyil, konkret enerji axınları ilə ölçülən iqtisadi reallıqdır.

Foto: Azərtac

İtaliya ilə bağlı isə hələlik proses plan mərhələsindədir. Avropa Siyasi Birliyi çərçivəsində Yerevan və Bakıya nəzərdə tutulan səfərlər, həmçinin enerji və regional əməkdaşlıq gündəliyi İtaliya ilə münasibətlərin gələcək konturlarını formalaşdırır. Lakin bu xətt hələ reallaşmış əməkdaşlıq deyil, siyasi siqnal mərhələsindədir.

Avropa ölkələri isə enerji təhlükəsizliyi kontekstində Bakıya daha çox maraq göstərir. Siyasi dialoq var, mədəni əlaqələr var, amma gündəliyin mərkəzində yenə enerji dayanır. Qalan bütün “strateji tərəfdaşlıq” cümlələri isə bu reallığın üzərinə yazılan diplomatik dildir.

Enerji yenə mərkəzdə

Son illərdə Avropa İttifaqı Rusiyadan enerji asılılığını azaltmağa çalışır. Xüsusilə qaz təchizatı məsələsi Avropa siyasətinin mərkəzinə çevrilib. 2022-ci ildən sonra bu proses daha da sürətlənib və alternativ mənbələr axtarışı gündəmə gəlib.

Bu kontekstdə Azərbaycan ön plana çıxıb.

Bakı Avropaya qaz ixrac edən ölkələrdən biridir və Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına çıxış əldə edib. Bu dəhliz Xəzər regionundan Avropaya qaz nəql edən əsas marşrutlardan biri kimi təqdim olunur. Azərbaycan qazı artıq bir neçə Avropa ölkəsinə çatdırılır və enerji portfelində yeni mənbə kimi istifadə olunur.

Rəsmilər bunu “enerji təhlükəsizliyi” kimi izah edirlər. Yəni məqsəd Avropanın enerji risklərini azaltmaqdır.

Avropa İttifaqının enerji üzrə komissarının – Dan Yorqensenin “Azərbaycandan əldə edə biləcəyimiz qaz bizim üçün son dərəcə önəmlidir” açıqlaması da bu xətti təsdiqləyir. Onun çıxışlarında əsas vurğu alternativ enerji mənbələrinin artırılması və etibarlı təchizatçıların roludur. Bu tip bəyanatlar bir şeyi göstərir: Avropa üçün əsas prioritet enerji sabitliyidir.

Ərəstun Oruclu
Ərəstun Oruclu, Mənbə: Meydan TV

Meydan TV-yə danışan siyasi şərhçi Ərəstun Oruclu da deyir ki, Avropanın Azərbaycana marağının mərkəzində ilk növbədə enerji dayanır. Onun fikrincə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və Yaxın Şərqdə artan qeyri-müəyyənlik Avropanı alternativ enerji mənbələri axtarmağa məcbur edib.

“İndi onlar alternativ mənbələr axtarırlar və belə mənbələrdən biri kimi də Azərbaycanı görürlər. Bu məqsədlə Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələrini davam etdirirlər”.

Burada siyasi ritorika ilə real maraq arasında fərq açıq görünür.

Bir tərəfdə demokratiya, islahatlar və dəyərlərdən danışılır. Digər tərəfdə isə konkret rəqəmlər, qaz həcmləri və marşrutlar var.

Faktlar göstərir ki, Bakı daha çox enerji təchizatçısı kimi qiymətləndirilir, siyasi transformasiya modeli kimi yox.

Bir sözlə, Avropa üçün Azərbaycan ilk növbədə enerji tərəfdaşıdır. Siyasi və demokratik gündəm isə bu münasibətlərin əsas hərəkətverici qüvvəsi deyil, ikinci plandadır.

Siyasi məhbuslar məsələsi, media azadlığı, seçki mühiti və vətəndaş cəmiyyəti ilə bağlı suallar Avropa rəsmilərinin səfərlərindəki əsas bəyanatlarında yer almır. Rəsmi çıxışlarda bu istiqamətlər ya ümumiyyətlə yoxdur, ya da kənar kontekstdə keçir.

Bu isə ziddiyyət yaradır.

Bir tərəfdə geniş “strateji tərəfdaşlıq” dili var. Digər tərəfdə isə cəmiyyətin daxili siyasi vəziyyəti ilə bağlı mövzular görünmür.

Ərəstun Oruclu hesab edir ki, Avropa üçün insan haqları məsələsi praktik siyasətdə prioritet deyil və iqtisadi maraqlar bu gündəliyi arxa plana keçirir.

“Avropa ölkələri və Avropa siyasətçiləri üçün insan hüquqları məsələlərindən daha prioritet iqtisadi məsələlərdir”.

Eyni region, iki fərqli yanaşma

Avropa İttifaqının Cənubi Qafqaz siyasətində iki paralel yanaşma görünür: Gürcüstan və Azərbaycan.

Gürcüstanla bağlı son illərdə Brüssel açıq şəkildə “demokratik geriləmə” iddialarını gündəmə gətirir. Məhkəmə sistemi, siyasi proseslər və seçki mühiti ilə bağlı tənqidlər artırılıb. Bu tənqidlər tək bəyanatlarla yox, həm də sanksiya mexanizmləri, maliyyə təzyiqləri və siyasi şərtləndirmə ilə müşayiət olunur. Yəni Tbilisi ilə münasibətlərdə daha sərt və şərtli bir xətt görünür.

Azərbaycanla bağlı isə mənzərə fərqlidir.

Ölkədəki avtoritar hakimiyyət modeli, sistemli repressiyalar, məhdudlaşdırılmış media mühiti və siyasi məhbuslarla bağlı hesabatlar beynəlxalq sənədlərdə yer alır. Amma buna baxmayaraq, Avropa İttifaqı ölkələri ilə münasibətlərdə əsas xətt strateji tərəfdaşlıq üzərindən qurulur. Siyasi tənqidlər isə enerji və iqtisadi əməkdaşlığın kölgəsində qalır.

Burada açıq ziddiyyət yaranır:

Bir tərəfdə – Gürcüstan: sanksiya mexanizmləri, siyasi təzyiq və demokratiya tələbləri.
Digər tərəfdə – Azərbaycan: avtoritar idarəetmə modeli, amma strateji əməkdaşlıq dili.

Bu sualın rəsmi cavabı yoxdur. Amma faktlar göstərir ki, Avropa İttifaqının yanaşması universal demokratiya standartlarından çox, ölkənin geosiyasi funksiyası ilə müəyyən olunur.

Yəni belə demək olarsa, Avropa Birliyi ölkələrinin gözündə demokratiya standartları sabit deyil — onlar geosiyasi faydalılığa görə elastikləşir.

Buna əsas səbəb, dediyimiz kimi, Avropanın başlıca marağı olan enerji təhlükəsizliyidir.  İkinci səbəb Orta Dəhliz layihəsidir. Çin–Avropa ticarət bağlantısında bu marşrut getdikcə daha çox önəm qazanır. Rusiya üzərindən keçən yolların alternativi kimi Xəzər üzərindən keçən dəhliz Avropa üçün həm logistika, həm də ticarət baxımından strateji əhəmiyyət daşıyır.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Siyasi şərhçi Rauf Mirqədirovun da fikrincə, Avropa üçün Azərbaycanın əhəmiyyəti təkcə enerji ilə məhdudlaşmır. Burada Orta Dəhliz də strateji rol oynayır.

“Hazırda nisbətən sabit olan Orta Dəhlizdir və bu dəhlizin imkanlarından tam istifadə edilməsi Avropa Birliyinin maraqlarına ciddi şəkildə cavab verir” .

Növbəti amil regional təhlükəsizlikdir. Cənubi Qafqaz Avropa üçün sabitliyin qorunduğu bir zona kimi təqdim olunur. Burada əsas məqsəd yeni münaqişələrin qarşısını almaq, enerji və nəqliyyat xətlərini təhlükəsiz saxlamaqdır. Bu da Azərbaycanla əməkdaşlığı praktik baxımdan daha önəmli edir.

Daha bir faktor isə İran balansıdır. Regionda İranın da təsir imkanları nəzərə alınır və Cənubi Qafqaz Avropa üçün daha geniş geosiyasi balansın bir hissəsi kimi görünür. Bu baxımdan Azərbaycanla münasibətlər regional tarazlığın saxlanması aləti kimi də dəyərləndirilir.

Bütün bu faktorları bir yerə yığanda ümumi mənzərə dəyişmir. Avropa üçün maraqlar çox vaxt dəyərlərdən daha önə keçir. Enerji, təhlükəsizlik və geosiyasi balans prioritet olduqda, demokratik standartlar arxa plana keçir.

Siyasi qazanc

Bundan başqa aprel ayında ard-arda Litva, Latviya və Çexiya rəsmilərinin Bakıya səfərləri, Qəbələdə keçirilən yüksək səviyyəli görüşlər və planlaşdırılan İtaliya səfəri Azərbaycan rəhbərliyini Avropa siyasi xəritəsində aktiv tərəf kimi göstərir. Bu görüşlərin hamısı rəsmi protokol çərçivəsində keçirilsə də, görüntü eyni qalır: Avropa liderləri Bakıya gəlir, Əliyevlə masa arxasında oturur, birgə bəyanatlar verir.

Bu, xarici legitimlik faktorunu gücləndirən əsas elementlərdən biridir. Yəni Azərbaycan rəhbərliyi beynəlxalq platformalarda “təcrid olunmuş aktor” kimi yox, əməkdaşlıq edilən siyasi tərəfdaş kimi təqdim olunur. Avropa İttifaqı və üzv ölkələrin liderləri ilə ardıcıl görüşlər bu imicin daimi şəkildə yenilənməsinə xidmət edir.

İkinci xətt daxili legitimliklə bağlıdır. Xarici görüşlər və yüksək səviyyəli səfərlər ölkə daxilində “beynəlxalq qəbul olunmuş lider” narrativini gücləndirir. Yəni xarici platformalarda qəbul edilən siyasi fiqur obrazı daxili siyasi sabitliyin ideoloji dayaqlarından birinə çevrilir.

Ərəstun Oruclu hesab edir ki, Əliyevin xarici siyasətdəki əsas məqsədi geosiyasi tərəfdaşlıq yox, hakimiyyətin qorunmasıdır.

“lham Əliyev həmişə xarici siyasəti bu cür kombinasiyalar üzərində qurub.Xarici siyasətinin heç vaxt aydın prioritetləri və vektorları olmayıb. Yalnız öz hakimiyyətini qorumaq və hakimiyyətdə qalmaq üçün belə manevrlər üzərindən siyasət yürüdüb”.

Bir sözlə, Avropa ilə əməkdaşlıq Azərbaycan hakimiyyəti üçün təkcə iqtisadi və diplomatik qazanc deyil, həm də Əliyev üçün siyasi qazanca çevrilir.

Bütün bu səfərlər, bəyanatlar və strateji görüşlər bir sualı daha da kəskinləşdirir: Avropa Birliyinin xarici siyasətində demokratiya prinsipi doğrudan da universal qaydadır, yoxsa lazım olanda kənara qoyulan seçim alətidir?

Rauf Mirqədirovun fikrincə, Avropa Birliyinin Azərbaycan siyasətində insan haqları məsələsinin arxa plana keçməsi artıq təsadüfi yox, strukturlaşdırılmış siyasi seçimdir.

“Avropa Birliyinin Azərbaycanla münasibətlərində prioritet məsələlər Orta Dəhliz, enerji daşıyıcıları, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləridir. İnsan hüquqları məsələsi isə arxa plana keçir”.

Azərbaycanla münasibətlər göstərir ki, Avropa Birliyinin xarici siyasətində demokratiya prinsipi çox vaxt universal norma kimi yox, situativ və maraqlara uyğun dəyişən bir seçim kimi işləyir.

Və bu modeldə əsas qayda sadədir: dəyərlər danışılır, amma çox vaxt maraqlar qərar verir.

Ana səhifəAnalitikaEnerji üzərində qurulan “strateji tərəfdaşlıq” və ya maraqlar kölgəsində itən insan haqları