Nazir olmaq üçün Leyla Əliyevanın qəbuluna düşmək istəyən şəxs 11 milyon manatından oldu

“Tikinti oliqarxı” kimi tanınan Bəhram Abbasov və pul verdiyi şəxs Könül İbrahimova – Foto: Chatgpt

Uzun müddətdir ki, adı media və məhkəmələrdə müxtəlif qalmaqallarda hallanan Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi şöbəsinin sabiq müdiri, “tikinti oliqarxı” kimi tanınan Bəhram Abbasov və oğlu, “Konstra MTK”-nın təsisçisi Bəsrət Abbaslı barədə yeni faktlar ortaya çıxıb.

Bu barədə Meydan TV-yə təqdim olunan sənədlərdə və məlumatlarda bildirilir.

Həmçinin, məlumatlarda adı məhkəmə proseslərində hallanan, yüzlərlə vətəndaşın mənzillərini mənimsəməkdə və onlara qarşı dələduzluq etməkdə ittiham olunan Bəhram Abbasovun nazir olmaq istəyi də vurğulanır.

Məlumata və notarial qaydada təsdiq olunmuş sənədlərə əsasən, nazir olmaq istəyən Bəhram Abbasov Prezident İlham Əliyevin qızı Leyla Əliyevanın qəbuluna düşmək üçün 11 milyon (on bir milyon) manatdan çox pul ödəyib. Həmin pul müxtəlif vaxtlarda notarial qaydada borc şəklində verilib və pullar hakim ailəyə yaxın olduğu bildirilən Könül Əkbər qızı İbrahimova tərəfindən qəbul edilib. Könül İbrahimovanın sadəcə vasitəçi olduğu qeyd olunur. O, Fiziologiya İnstitutunda Təhsil Şöbəsinin rəhbəridir.

17 dekabr 2015-ci ildə bağlanmış və Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu tərəfindən təsdiq edilmiş kredit müqaviləsində qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti, ev 69, mənzil 62 ünvanında yaşayan Abbasov Bəhram Yaqub oğlu (01.06.1964), Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyadzadə küçəsi, döngə 8, ev 8 ünvanında qeydiyyatda olan İbrahimova Könül Əkbər qızına (29.04.1976) 2 milyon 500 min manat borc verib.

25 aprel 2016-cı il tarixli elə həmin notarius tərəfindən təsdiq edilmiş digər sənəddə isə qeyd olunur ki, Abbasov Bəhram, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 118, mənzil 1 ünvanında qeydiyyatda olan [yeni ünvan] Könül İbrahimovaya 3 milyon manat pul verib.

Abbasovun digər sənədlərdə də müxtəlif məbləğlərdə pul ödədiyinə dair məlumatlar əks olunub. Beləliklə, ümumilikdə Könül İbrahimovaya 11 milyon 888 min manat vəsait ödənildiyi aydın olur. Onun aldığı vəsaitin məbləği göstərir ki, İbrahimova sıradan bir şəxs deyil.

Məlumatı verən şəxs bildirir ki, Bəhram Abbasovun Leyla Əliyevanın qəbuluna düşməsi onun nazir olmaq arzusunu reallaşdırmasa da, sonradan həbs olunan oğlu Bəsrət Abbaslını zindandan xilas edib. Amma nəticə etibarilə Abbasovun pulu “batıb”. Bəhram Abbasov isə ümumilikdə “Konstra MTK” ilə əlaqəsini inkar edib və dövlət məmuru olduğunu bildirib. Maraqlıdır ki, Hesablama Palatasının adi bir şöbə müdirinin ümumilikdə ödədiyi 11 milyon 888 min manat vəsaiti haradandır?

Bəsrət Abbaslı niyə həbs edilmişdi?

Bəhram Abbasov uzun illər Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Açıq mənbələrdəki məlumatlara görə, o, “tikinti oliqarxı” kimi tanınıb və oğlu Bəsrət Abbaslı onun yaratdığı “Konstra MTK”-nın təsisçisi və qanuni təmsilçisi olub.

“Konstra MTK” və rəhbərliyinin adı bir neçə ildir ki, müxtəlif hüquqi proseslərdə və məhkəmə işlərində hallanır. 2021-ci ildə Bəsrət Abbaslının ölkədən çıxışına qadağa qoyulub və məlum olub ki, şirkətin dövlət büdcəsinə 73 min manat borcu var.

“Konstra MTK”-nın təsisçisi Bəsrət Abbaslı – Foto: Chatgpt

Bundan başqa, şirkət rəhbərliyi Mövsüm Sənani küçəsi 13/15 ünvanında tikilən mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz satmaqda və dələduzluqda ittiham olunub. Şirkətə qarşı yüzdən çox zərərçəkən iddia qaldırıb.

2023-cü ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsində MTK-nın təsisçisi Bəsrət Abbaslı, direktoru Dilafir Rəsulov və əməkdaşı Tahir Əliyev barədə hökm oxunub. Dilafir Rəsulov və Tahir Əliyev uzun müddətə azadlıqdan məhrum edilsə də, Bəsrət Abbaslı cəmi 1 il 6 ay müddətinə həbs cəzası alıb. Amma Abbaslı tam bu müddəti də həbsxanada keçirməyib. 2024-cü il, sentyabrın 5-də Bakı Apellyasiya Məhkəməsi Bəsrət Abbaslı barədə hökmü dəyişərək onu azadlığa buraxıb və üzərinə qoyulan əmlak qadağası da götürülüb. Bu işdə atası Bəhram Abbasovun əlaqələrinin də ciddi rol oynadığı bildirilir.

Bundan əlavə, Meydan TV-nin araşdırması zamanı Bəhram Abbasovun bir neçə şirkətə sahib olduğu məlum olub. Bunlara “ALEX-TAMAR REAL ESTATE” MMC, “ALEX-NETA REAL ESTATE” MMC və “NR İnşaat Tikinti və Qiymətləndirmə” MMC daxildir.

Araşdırma həmçinin göstərib ki, Könül İbrahimova “Xəzər-İ.K.Ə.” MMC şirkətlərinin sahibidir.

Vaxtilə Meydan TV “Konstra” MTK ilə bağlı narazılıq edən sakinlərin problemlərini işıqlandırıb və bu mövzuda reportaj hazırlayıb. “Konstra” MMC-dən mənzil alan şəxslər sonradan xəbər tutublar ki, mənzillərin başqa sahibləri də var. Saytımızda şirkətin fəaliyyəti nəticəsində zərər çəkdiyini bildirən vətəndaşlarla bağlı dəfələrlə məqalələr dərc olunub.

Aşağıda məqalədə qeyd edilən borcla əlaqədar kredit müqavilələrinə dair sənədlər təqdim olunur:

Ana səhifəAraşdırmaNazir olmaq üçün Leyla Əliyevanın qəbuluna düşmək istəyən şəxs 11 milyon manatından oldu