DSX-da ölən hərbçinin yaxınları intihar versiyasına inanmır

Hərbçi Ramin Cəbrayılov. Foto: Sosial Media

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Ramin Cəbrayılovun ölümü ilə bağlı yaxınları rəsmi versiyaya inanmadıqlarını deyirlər.

Beyləqan rayonunda xidmət edən Cəbrayılov mayın 24-də vəfat edib. Rəsmi qurumlər əsgərin intihar etdiyini desə də, ailəsi və yaxınları onun intihar etdiyinə inanmır.

Meydan TV-yə danışan mərhumun qohumu Şaiq Balakişiyevin sözlərinə görə, nə ailə üzvləri, nə də kənd sakinləri Raminin intihar etdiyini düşünmür. Ramin Cəbrayılovun 25 yaşı varıydı və o, 5 ay öncə hərbi xidmətə yollanıb. 

Balakişiyev bildirir ki, Ramin Cəbrayılov hərbi xidmətə könüllü gedib. Onun sözlərinə görə, Ramin universitet və magistratura təhsili alıb, magistraturanı fərqlənmə diplomu ilə bitirib. Çəkisinə görə bir müddət xidmətə aparılmasa da, sonradan arıqlayıb və könüllü hərbi xidmətə yollanıb.

“Deyirdi ki, mən yararsız hərbi bilet ala bilmərəm, gedib xidmət edib hərbi bilet almalıyam ki, sonra işimi qurum, karyera qurum”, – deyə qohumu qeyd edir.

“Belə adam niyə intihar eləsin?”

Balakişiyevin sözlərinə görə, Ramin ailəsinə bağlı biri olub. O, atasını uşaq yaşında itirdiyindən ailəsinə özü baxmalı olub. Qohumu deyir ki, Raminin iki bacısı var, anası isə xəstədir. Hərbi xidmətə gedərkən də anasını qohumlarına tapşırıb:

“Gedəndə deyib ki, mən gələnə qədər anama baxın, qayıdanda özüm baxacam. Belə adam niyə intihar eləsin? Evlə də tez-tez əlaqə saxlayırdı, heç bir çətinliyinin olmadığını deyirdi”.

Şaiq Balakişiyev bildirir ki, cənazə kəndə gətiriləndə DSX rəhbərliyindən və digər dövlət qurumlardan yüksək rütbəli şəxslər iştirak edib. Onun sözlərinə görə, həm dəfn günü, həm də sonrakı mərasimdə gələnlər Ramin haqqında müsbət fikirlər səsləndiriblər.

“Polkovniklər, zabitlər gəlmişdi. Sonra general da gəldi, həmçinin DSX-nin rəisi Elçin Quliyevin müavini də gəlmişdi. Öz komandiri də deyirdi ki, çox nümunəvi əsgər olub, xidməti yaxşı yerinə yetirib. Deyiblər, qərargahda xidmətə çıxanda hadisə olub”, – deyə Balakişiyev bildirir.

“Birinci güllədən sonra silah əlindən düşər”

Mərhumun qohumu intihar versiyasına şübhə etdiklərini deyir. Onun sözlərinə görə, meyitə baxan yaxınları bir neçə güllə izi gördüklərini bildiriblər.

“Deyirlər boğazının altından dəyib, başından çıxıb. Amma baş tərəfdə böyük zədə olmayıb, balaca nöqtə boyda deşik olub, halbuki o silahla başda böyük zədə olmalı idi. Biz də hərbi xidmət keçmişik. Üstəlik çənənin altında iki güllə izi olsa da, baş nahiyəsində sadəcə bir güllə yarası olub. Özünü vuran adamda birinci güllədən sonra avtomat əlindən düşər”, – deyə o qeyd edir.

Balakişiyev bildirir ki, ekspertiza Beyləqanda xəstəxanada aparılıb, materialların prokurorluğa verildiyi deyilib. Onun sözlərinə görə, ailəyə qərargahda kamera görüntülərinin olduğu da bildirilib.

“Dedilər ki, qərargahda kameralar var, görüntülər prokurorluğa verilib. Amma bilmirik, o görüntüləri ailəyə göstərəcəklər, ya yox. Ola bilər deyəcəklər həmin anda işıq sönüb və ya başqa nəsə. İndi nə deyəcəklər, onu da özləri bilir, bir də Allah bilir. Qalmışıq belə”, – deyə o bildirir.

Onun sözlərinə görə, ailədə və kənddə əsas narazılıqlardan biri də hadisə ilə bağlı məlumatların qapalı saxlanılmasıdır.

“Çəkilişi sildirdilər”

Şaiq Balakişiyev deyir ki, dəfn günü çəkiliş aparmaq istəyərkən polis müdaxilə edib. Sonrakı mərasimdə də çəkiliş edən şəxsin telefonu əlindən alınıb və görüntülər silinib.

“Dedilər çəkiliş olmaz. Soruşdum – niyə? Cavab verdilər ki, rəhbərlik icazə vermir. Sonra kənddən olan tanışımız, həm də polis olan yaxınımız gəldi, o da mane oldu. Bu gün də çəkiliş edərkən komandanlıqdan gələn general işarə verdi, komissar getdi həmin adamın əlindən telefonu aldı, çəkilişi sildi”, – deyə Balakişiyev bildirir.

Şaiq Balakişiyev hesab edir ki, əgər hadisə rəsmi qurumların dediyi kimi intihardırsa, çəkilişə və ictimailəşdirməyə mane olunmamalı idi:

“Əgər intihardırsa, qoy açıq danışsınlar. Niyə çəkilişdən narahat olurlar? Niyə camaatın görməsinə imkan vermirlər?”.

Bu son bir ayda Dövlət Sərhəd Xidmətində 4-cü hərbçi ölümü hadisəsidir.

Dövlət Sərhəd Xidməti əsgərlərin ölümü ilə bağlı hər hansı bir açıqlama verməyib.Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədovun araşdırmasına əsasən, 2026-cı ilin may ayına qədər Azərbaycanda azı 20 hərbi qulluqçu qeyri-döyüş şəraitində vəfat edib.

Ana səhifəXəbərlərDSX-da ölən hərbçinin yaxınları intihar versiyasına inanmır