ATƏT erkən parlament seçkiləriylə bağlı hesabat yayıb

Seçkiöncəsi dəyərləndirmə səfəri zamanı missiyanın nümayəndələri dövlət institutları və seçki administrasiyası, həmçinin siyasi partiya, media, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətin nümayəndləri ilə görüşüblər.

Source: Foto: arxiv


Missiyanın məqsədi seçkiöncəsi mühiti və hazırlıqları dəyərləndirmək olub

ATƏT-in seçkiləri müşahidə missiyası qarşıdan gələn 9 fevral erkən parlament seçkiləriylə bağlı ehtiyacların dəyərləndirilməsi hesabatını açıqlayıb.

Azərbaycan hökumətinin dəvətiylə 9 fevral, 2020-ci ildə keçirilməsi gözlənilən parlament seçkilərini müşahidə etmək üçün ölkəyə gələn ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) 19-21 dekabr tarixlərində ölkədə ehtiyacların dəyərləndirilməsi missiyasını həyata keçiriblər. Missiyaya qurumun yüksək seçki məsləhətçisi Aleksey Qromov (Alexei Gromov) və digər seçki məsləhətçisi Radivoj Qrujiç (Radivoje Grujic) o cümlədən, ATƏT Parlament Assambleyasının Program və Administrativ səlahiyyətlisi Tim Knoblau daxil olub.

Qurum bildirib ki, missiyanın məqsədi seçkiöncəsi mühiti və hazırlıqları dəyərləndirmək olub. Bu dəyərləndirməyə dayanaraq missiya ATƏT-in seçki müşahidə nümayəndlərini ölkəyə yönləndirməyi tövsiyə edir. Seçkiöncəsi dəyərləndirmə səfəri zamanı missiyanın nümayəndələri dövlət institutları və seçki administrasiyası, həmçinin siyasi partiya, media, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətin nümayəndləri ilə görüşüblər.

Azərbaycanda parlament seçkiləri əsasən Konstitusiya və Seçki Məcəlləsi ilə tənzimlənir.

Hesabatda qeyd edilir ki, seçki qanunvericiliyinə ATƏT/DTİHB -nin əvvəlki tövsiyələrini, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığı ilə bağlı, habelə seçki administrasiyasının qərəzsizliyi, namizədlərin qeydiyyatı, media mühiti və seçkinin keçirilməsi ilə bağlı dəyişikliklər olmayıb. “Hakimiyyət seçkilərin açıq, şəffaf və ədalətlilik prinsipinə uyğun olaraq keçirmək öhdəliyini vurğulamışdı”, – hesabatda qeyd edilir.

ATƏT/DTİHB-in fəaliyyət göstərdiyi dövrdə artıq 802 nəfər namizədliyini irəli sürüb və 447 namizəd qeydə alınıb. Potensial namizədlərdən namizədliklərinin 450 seçicinin imzası ilə dəstəklənməsi tələb olunur. ATƏT/DTİHB-in hesabatında qeyd edilir ki, namizədlərin qeydiyyatı prosesinin qərəzsizlik məsələsi xüsusi narahatlıq doğurur, xüsusən də imzaların yoxlanılması prosedurları ilə bağlı ciddi narahatlıq ifadə edilir.

Seçki öncəsi Azərbaycanda bir sıra müxalifət partiyaları və hərəkatlar ictimai şəkildə bu seçkiləri boykot edəcəklərini açıq şəkildə bəyan ediblər.

Hesabatda həmçinin bildirilir ki, Konstitusiya ilə təmin edilsə də, toplaşma və ifadə azadlıqları qanuni çərçivədə və ciddi şəkildə məhdudlaşdırılır və bu, hökumətə qarşı tənqidi fikirləri ifadə edənlərin sistematik təzyiqə məruz qalmsına səbəb olur.

ATƏT/DTİHB-in hesabatında vurğulanır ki, erkən parlament seçkiləri ilə bağlı ölkəyə seçkini müşahidə missiyası yerləşdirməyi tövsiyə edir, ATƏT üzvlərinə 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi göndərmək tövsiyə olunur.

Ana səhifəSiyasətATƏT erkən parlament seçkiləriylə bağlı hesabat yayıb