Gürcüstan: anonsu verilmiş inqilab və məhbus Saakaşvilinin “intihar hüququ”

Gürcüstan siyasətində əsas hadisələrin araşdırılması

Yazar: Diana Petriaşvili,Mediaşəbəkə

Foto: Meydan TV

Gürcü seçicisi dejavü yaşayır: hakimiyyət tərəfdarları ilə onların opponentləri arasında qızğın mübahisə gedir, müxalifət seçkilərin nəticələrini tanımaqdan imtina edir və etiraz aksiyaları keçirir. Hakimiyyətdəki məmurlarsa qeyri-adi heç nə baş vermədiyini gözə soxmağa çalışır.

Gürcüstanda eyni mənzərəni düz bir il bundan əvvəl, parlament seçkilərindən sonra da müşahidə etmək olardı. Əslində bugünkü böhran dərin quyunu xatırladır – o, bünövrəsi bir il əvvəl qoyulmuş siyasi iflasın davamıdır. Seçkilərin nəticələri ilə razılaşmayan müxalifət nə qədər çalışsa da, nə növbədənkənar səsverməyə, nə də hökumətdə mühüm istefalara nail ola bildi. Ətrafa səs salan etiraz aksiyalarını da keçirmək hər dəfə alınmırdı. Hakimiyyətsə buna çox az ehtiyac duyulduğu halda dəmir iradə nümayiş etdirmək qərarına gəldi: o, uzun müddət heç bir güzəştə getmədi. Nəhayət, üfüqdə razılaşma görünəndə, onu da kobud şəkildə pozdu.

Bu müqəddimə yerli özünüidarəetmə orqanlarına seçkilərin birdən niyə belə böyük əhəmiyyət kəsb etdiyini anlamaq üçün zəruridir. Axı normada həmin vaxt sakitcə vilayət şuralarının rəhbərləri seçilməli idi. Lakin bu seçkilər gürcü müxalifəti üçün son şansa çevrildi – birincisi, xalq tərəfindən gerçəkdən də dəstəkləndiyini, ikincisi, onun öz seçicilərini saxtalaşdırmadan qorumaq iqtidarında olduğunu göstərmək.    

Bu mühüm seçkilər iki turda keçirildi. Nəticələr müxalifət tərəfdarlarını növbəti dəfə peşman etdi – hakim partiya bir dairə müstəsna olmaqla qalib gəldi. Onun namizədləri ən böyük üstünlüyü Tbilisidə əldə etdi, belə ki müxalifəti on faizdən də çox geridə qoydu.

MSK-nın nəticələrinə inansaq, müxalifətin son qalası əhalisi 3 min nəfərdən ibarət üsyankar Salencix rayonu oldu. Gürcüstanın qərbində, Sameqrelo bölgəsində yerləşən bu əyalət artıq çoxdan özünü müxalif ərazi kimi göstərib. Yerli sakinlər həm öz ərazilərində, həm də paytaxtda müxalif Milli hərəkatın aksiyalarını tez bir zamanda doldururlar. Məhz bu bölgədən olan şəxslərin sabiq prezident Saakaşviliyə Gürcüstana girməkdə və Tbilisidə kirayə mənzildə məskunlaşmaqda yarımçı olması həm rəmzi, həm də qanunauyğundur.

Hazırkı hakimiyyətin son illər ərzində bir neçə cinayət işi açdığı Saakaşvili qəfil Gürcüstana gəlib, məhbəsə düşüb və seçkilərin birinci turunun ərəfəsində aclıq elan edib. İkinci turun keçirildiyi gün o artıq bir aydır ki aclıq edirdi. Üçüncü prezidentin məsləkdaşları onun özəl klinikaya köçürülməsini tələb edirdi, hakimiyyət isə inadkarlıq göstərir və onun məhbəs xəstəxanasında saxlanmalı olduğunu söyləyirdi. Lakin müxalifət və hüquq müdafiəçiləri bu opsiyanı sabiq prezidentin həyatı üçün həkimlərin nəzarəti olmadan aclıqdan az qala daha təhlükəli saydı: onların dediyinə görə, Saakaşvili məhbəs xəstəxanasında öldürülə bilərdi.       

Hakimiyyət seçkilərdən sonra da siyasətçinin özəl klinikada müayinə edilməsini rədd etdi, halbuki Gürcüstan məhbəslərində bu cür olaylara az rast gəlinməyib. Sabiq prezidentin mübarizə yoldaşları həyəcan təbili çalaraq, Saakaşvilinin çox arıqladığını, taqətdən düşdüyünü və hər an ölə biləcəyini söyləsə də, hakimiyyət növbəti dəfə qulaqardına vurur.

Belə ki, Gürcü Arzusu hakim partiyasının başçısı İrakli Kobaxidze sabiq prezidentin aclığını “imitasiya” adlandırıb və jurnalistlərə deyib ki, bütün məhbuslar Saakaşvilini ələ salaraq, onun “limonadı çox sevdiyini” söyləyir. Elə həmin partiyanın digər lideri Mamuka Mdinaradze deyib ki, Saakaşvili özünü gülünc vəziyyətə qoyur və tezliklə onun yalan danışdığı üzə çıxacaq:
“İnsan yemək yemədən 40 gün yaşaya bilər. Biz onun aclığının 41-ci gününü gözləyərik”.
Bütün bu bəyanatların oxucuya daha aydın olması üçün qeyd edək ki, Saakaşvilinin saxlandığı gün hər iki məmur sabiq prezidentin sərhədi keçmədiyini dəqiq bildiklərini deyirdi. “Operativ məlumatlar”a görə, o Ukraynada, daha dəqiq desələr, Truskavesdə idi.

Siyasi qiymətləndirmə sənətində hamıdan uzağa Baş nazir İrakli Qaribaşvili gedib. O deyib ki, Gürcüstanda hər bir vətəndaşın, o cümlədən Saakaşvilinin intihar hüququ var.   


Sabiq prezidentin tərəfdarları Rustavi şəhərində, Saakaşvilinin olduğu məhbəsin qarşısında etiraz aksiyası keçirib. Onlar Saakaşvili azadlığa buraxılanadək etiraz aksiyasını davam etdirməyi planlaşdırır. Bəzi müxalifətçilər hətta inqilabın anonsunu verib – əgər hər şey onların planlaşdırdığı kimi gedərsə, inqilab noyabrın 6-sı Tbilisidə növbəti böyük mitinq zamanı baş verəcək.

Lakin unutmamaq lazımdır ki, ölkədə sabiq prezidentin əleyhdarlarının və onların yaratdığı partiyanın da səsi yaxşı eşidilir. Sosial şəbəkələrdə gedən qızğın mübahisələrdən məlum olur ki, bəzi istifadəçilər Saakaşvilinin məhbəsdə olmasına ürəkdən sevinir. Bəziləri isə hətta bədnam intihar hüququ bəyanatı ilə də razıdır. Bu qəddarlıq müşahidəçiləri təəccübləndirir: axı gürcülər digər prezidentləri mühakiməyə məruz qalmalı olduqları halda belə dinc buraxmışdılar.

Ana səhifəSiyasətGürcüstan: anonsu verilmiş inqilab və məhbus Saakaşvilinin “intihar hüququ”