Azərbaycan hakimiyyəti xaricdə yaşayan tənqidçilərini sosial şəbəkələrdəki paylaşımları və onlayn çıxışları əsasında cinayət təqibinə məruz qoyur.
Bu barədə Human Rights Watch (HRW) təşkilatının iyunun 10-da yaydığı bəyanatda bildirilir.
Təşkilatın araşdırmasına görə, xaricdə yaşayan azərbaycanlı fəallar, jurnalistlər və siyasi şərhçilər qiyabi məhkəmə qərarları ilə uzunmüddətli həbs cəzalarına məhkum edilirlər.
HRW hesab edir ki, həmin hökmlər sonradan ekstradisiya tələbləri, beynəlxalq səfərlər zamanı saxlanılma və digər transmilli təzyiq vasitələri üçün istifadə oluna bilər.
“Xaricdə yaşayan hökumət tənqidçilərinə qarşı keçirilən bu məhkəmə prosesləri nə etibarlıdır, nə də lazımi hüquqi prosedurlara uyğundur. Məqsəd həmin şəxsləri susdurmaqdır”, – təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qoqia bildirib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti onlayn çıxışları əsas götürərək cinayət işləri qurur və bununla da tənqidçiləri ölkə sərhədlərindən kənarda təqib etməyə çalışır.
HRW 2025-ci ilin iyulundan 2026-cı ilin martınadək Bakı Ağır Cinayətlər Məhkəməsinin qiyabi qaydada çıxardığı səkkiz hökmü araşdırıb. Həmin işlər üzrə Avropa ölkələrində və ABŞ-də yaşayan Azərbaycan vətəndaşları 6 ildən 16 ilədək azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.
Təşkilatın məlumatına görə, işlərin böyük hissəsində ittihamlar illər əvvəl sosial şəbəkələrdə yayımlanmış paylaşımlar, YouTube çıxışları və digər onlayn məzmun əsasında irəli sürülüb.
Məhkəmələr əsasən dövlət ekspertlərinin rəylərinə istinad edib, dövlət hesabına təyin olunan vəkillər isə təqsirləndirilən şəxslərlə əlaqə saxlamayıb və ya effektiv müdafiə təmin etməyiblər.
HRW bildirir ki, bu işlər Azərbaycanın ölkə xaricində yaşayan tənqidçilərə münasibətdə siyasətində yeni mərhələnin göstəricisidir.
Təşkilat xatırladır ki, 2023-cü ilin dekabrında Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərlə ölkədə ilk dəfə qiyabi cinayət mühakiməsi mexanizmi tətbiq olunub.
Hesabatda diqqət çəkilən işlərdən biri Fransada yaşayan tarixçi Altay Göyüşovla bağlıdır. Bakı Ağır Cinayətlər Məhkəməsi onu hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırış etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib. İttiham tərəfi sübut kimi onun YouTube çıxışlarını və Facebook paylaşımlarını təqdim edib.
Eyni gün Nyu-Yorkda yaşayan siyasi analitik Ərəstun Oruclu da oxşar ittihamlarla 8 il müddətinə azadlıqdan məhrum edilib. Prokurorluq onun hökumətin hesabatlılığı və siyasi dəyişikliklərlə bağlı səsləndirdiyi fikirləri cinayət xarakterli çağırış kimi qiymətləndirib.
Ən böyük iş isə Almaniya, Fransa, İsveçrə, Niderland və Böyük Britaniyada yaşayan yeddi nəfərlə bağlı olub. Onlar kütləvi iğtişaşlara və hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamları ilə 9 ildən 14 ilədək həbs cəzalarına məhkum ediliblər.
HRW hesab edir ki, araşdırılan bütün işlərdə ortaq xüsusiyyət məhkəmələrin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəylərinə söykənməsidir. Təşkilatın fikrincə, həmin ekspertizalar beynəlxalq hüquqda ifadənin zorakılığa təhrik edib-etmədiyini müəyyənləşdirmək üçün tələb olunan meyarları nəzərə almır.
Təşkilat vurğulayır ki, beynəlxalq hüquq siyasi və tənqidi çıxışları qoruyur və hökumətlər dövlət institutlarının tənqidini milli təhlükəsizliyə təhdid kimi qiymətləndirməməlidir.
HRW Azərbaycan hakimiyyətini ifadə azadlığı ilə bağlı qiyabi hökmləri yenidən nəzərdən keçirməyə, Avropa hökumətlərini isə bu hökmlərə əsaslanan ekstradisiya tələblərinə ehtiyatla yanaşmağa çağırıb.
“Azərbaycanın verdiyi mesaj budur ki, ölkəni tərk etmək tənqidçiləri qisasdan qorumayacaq. Avropa hökumətləri bu hökmlərin transmilli repressiya alətinə çevrilməsinə imkan verməməlidir”, – Giorgi Qoqia bildirib.
Rəsmi Bakı insan hüquqları ilə bağlı tənqidləri rədd edir və beynəlxalq təşkilatları Azərbaycana qarşı qərəzli mövqe tutmaqda günahlandırır.
Hüquq müdafiəçilərinin son hesabatına görə isə ölkədə 328 siyasi məhbus var. Hökumət bu statusda şəxslərin varlığını qəbul etməsə də, beynəlxalq qurumlar hakimiyyəti siyasi təqibləri, azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırır.