İqbal Əbilov: “Bu iş talışlara qarşı diskriminasiyanın parçasıdır”

İyulun 11-də, Ali Məhkəmədə “Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı, 18 il azadlıqdan məhrum edilmiş İqbal Əbilovun məhkəmə prosesi keçirilib.

İqbal Əbilov vəsatət verərək məhkəmədən talış dilində tərcüməçi tələb edib və proses ərzində ingilis dilində çıxış edib.

Məhkəmə vəsatəti təmin etməyib və əsas gətirilib ki, Əbilov Azərbaycan dilində danışıb və anlaya bilir.

Bundan sonra İqbal Əbilov qərardan etiraz olaraq məhkəmədə çıxışından imtina edib və ingilis dilində çıxış edib:

“Mı sənibəton elon karde piyedəm ki, az bə odəmon, etnikə qruppon iyən zıvonon həmməy bərobərəti bovə kardedəm. Şımə tolışə zıvoniku pəoqordini dəvət nıkarde ğəror nişo doydə ki, Şımə iyən təmsil kardə sistem bə kişvəri kişvərvəndon iyən xəlğon bərobərəti bovə kardedənişon. Çımı əleyh okardə bıə cınoyətə koy təki ım ğərorən kişvərədə tolışon əleyh mıvcud bıə sistematikə diskriminasiyə i poəye. Mı bımi iştə etrozi ifodə kardedəm. Çımı səbin az iyo həni co hiç qılə çıxış əkənim”.

“Mən yenə də elan etmək istəyirəm ki, mən bütün insanların, etnik qrupların və dillərin bərabərliyinə inanıram. Sizin talış dilindən tərcüməçi dəvət etməmə qərarınız göstərir ki, siz və sizin təmsil etdiyiniz sistem ölkə vətəndaşlarının və xalqlarının bərabərliyinə inanmırsınız. Mənə qarşı açılan cinayət işi kimi bu qərar da ölkədə talışlara qarşı mövcud olan sistematik diskriminasiyanın bir parçasıdır. Mən buna qarşı öz etirazımı bildirirəm. Buna görə də mən burda başqa hər hansı bir çıxış etməyəcəyəm”.

Vəkili Fariz Namazlı məhkəmədəki çıxışında Əbilova verilən ittihamların əsassız olduğunu qeyd edib.

Fariz Namazlı İqbal Əbilov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini tələb edib. 

Ali Məhkəmə aşağı instansiya məhkəməsinin İqbal Əbilovun 18 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarını qüvvədə saxlayıb.

İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Əbilov Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham olunub.

O, bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.

Ana səhifəXəbərlərİqbal Əbilov: “Bu iş talışlara qarşı diskriminasiyanın parçasıdır”