RSF: “Bu hökm transmilli repressiyalara qarşı dönüş nöqtəsi olmalıdır”

Sərhədsiz Reportyorlar (RSF) beynəlxalq mətbuat hüquqları təşkilatı Fransa məhkəməsinin bu ölkədə yaşayan azərbaycanlı bloger Məhəmməd Mirzəliyə qarşı sui-qəsd cəhdi işi üzrə çıxardığı hökmü alqışlayıb.

Təşkilatın bəyanatında bildirilir ki, Renn şəhər Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 30 ilə qədər həbs cəzası verməklə Avropa torpağında avtoritar rejimlər tərəfindən həyata keçirilən transmilli repressiyaların cəzasız qalmayacağına dair açıq bir mesaj göndərib.

Məhkəmə iyunun 10-da olub. Qərara əsasən, mütəşəkkil dəstə daxilində qətl cəhdində ittiham olunan 9 nəfərdən 8-i ağır həbs cəzası alıb, 1 nəfər isə bəraət qazanıb. Hücumun təşkilatçısı Emin Qasımov 30 il, beynəlxalq axtarışda olan Rövşən Qocayev qiyabi 25 il, Mehrac Zərbəliyev 18 il, Emin Zamanzadə 15 il, Rza Məlikov 13 il, Xəzər Xankişiyev, Ramil Sultanov və Çingiz İbrahimovun hər biri isə 5 il azadlıqdan məhrum edilib. İttihamı təsdiqlənməyən Faiq Paşazadəyə bəraət verilib. Cəza alan bütün şəxslərin həbs müddəti bitdikdən sonra Fransaya girişinə ömürlük qadağa qoyulub.

Məhəmməd Mirzəli 2021-ci il martın 14-də yaşadığı Nant şəhərində naməlum şəxslərin hücumuna məruz qalmışdı. Bloger bildirirdi ki, bundan əvvəl də ona qarşı odlu silahla hücum cəhdi olub. Mirzəli hər iki hadisənin arxasında Azərbaycan hakimiyyətinin dayandığını iddia edir. O, Azərbaycan hakimiyyətinin tənqidçisi kimi tanınır.  Azərbaycan rəsmiləri isə bu iddialarla bağlı ictimai açıqlama verməyiblər.

Məhəmməd Mirzəli 2025-ci il sentyabrın 15-də Azərbaycanda qiyabi olaraq 6 il 6 ay həbs cəzasına məhkum edilib. Ona qarşı kütləvi iğtişaşlarda iştirak və hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamları irəli sürülüb.

RSF-nin bəyanatında Məhkəmənin qərarına istinadən vurğulanır ki, bu hücumda əsas məqsəd təkcə bir insanın həyatına son qoymaq deyil, həm də rejim əleyhdarları arasında terror və qorxu mühiti yaratmaq olub. Bununla da məhkəmə sui-qəsd cəhdinin siyasi xarakter daşıdığını rəsmən təsdiqləyib.

Məhəmməd Mirzəlinin vəkillərindən biri Anri Karpentye də məhkəmənin qərarını fövqəladə ağır və əhəmiyyətli addım kimi qiymətləndirib:

“Bu hücumun icraçılarını 30 ilədək həbs cəzasına məhkum etməklə məhkəmə Fransa ərazisində törədilmiş dövlət dəstəkli terror aktını açıq şəkildə pislədi”.

Məhkəmə prosesi təqsirləndirilən şəxslərin cinayətkar şəbəkələrlə mümkün əlaqələri barədə iddialar fonunda gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib. RSF bu işi Fransa tarixində transmilli repressiyalarla bağlı ən mühüm məhkəmə proseslərindən biri kimi qiymətləndirir.

RSF-nin Şərqi Avropa və Orta Asiya bölməsinin rəhbəri Jan Kavelyerin sözlərinə görə, bu hökm Avropa torpağında mühacirətdə yaşayan jurnalistləri qorxuda və ya susdura biləcəyinə inanan hər kəsə kəskin xəbərdarlıqdır:

“Bu, Fransa ədalətinin transmilli repressiyaların zorakılığına qətiyyətlə cavab verməyə qadir olduğunu və heç bir dövlətin onun sərhədlərini aşaraq müxalifəti əzə bilməyəcəyini nümayiş etdirir. Bu hökm, həmçinin bütövlükdə Avropa Birliyi üçün dönüş nöqtəsi olmalıdır. Transmilli repressiya artıq kənar bir fenomen deyil – bu, jurnalistlərin təhlükəsizliyinə və qanunun aliliyinə birbaşa təhdiddir. Avropa səviyyəsində qətiyyətli və əlaqələndirilmiş cavab bu cür əməliyyatların heç vaxt təkrarlanmamasını təmin etməyin yeganə yoludur”, – RSF-in Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelie bildirib.

RSF Azərbaycanı Rusiya, Belarus, İran və Çinlə yanaşı transmilli repressiya üsullardan istifadə etməkdə ittiham olunan ölkələr sırasında göstərir. Prezident İlham Əliyev isə 2021-ci ildə “France 24” telekanalına müsahibəsində hökumətinin Məhəmməd Mirzəliyə qarşı sui-qəsd cəhdində hər hansı iştirakını təkzib edib və RSF-ni Azərbaycana qarşı qərəzli mövqe tutmaqda ittiham edib.

Bu məhkəmə prosesi Azərbaycanda müstəqil media nümayəndələrinə qarşı təzyiqlərlə bağlı beynəlxalq narahatlıqların artdığı bir dövrə təsadüf edir. Mirzəli hazırda da Fransa polisinin mühafizəsi altında yaşayır.

Ana səhifəXəbərlərRSF: “Bu hökm transmilli repressiyalara qarşı dönüş nöqtəsi olmalıdır”