Ramiz Mehdiyev uzun illər Azərbaycan hakimiyyətinin ən qapalı və ən təsirli fiqurlarından biri sayılıb. O, 1995-ci ildən 2019-cu ilə qədər Prezident Administrasiyasına rəhbərlik edib. Heydər Əliyevin prezidentliyi dövründə bu vəzifəyə gətirilən Mehdiyev İlham Əliyevin hakimiyyəti illərində də postunu qoruyub və siyasi sistemin əsas memarlarından biri kimi tanınıb.
Onun adı Azərbaycan siyasi leksikonunda çox vaxt “boz kardinal” ifadəsi ilə yanaşı çəkilib. Bu ifadə rəsmi tituldan daha çox pərdəarxası təsiri, kadr siyasətinə və ideoloji xəttə nəzarəti, hakimiyyət daxilində uzunmüddətli mövqeyi izah etmək üçün işlədilib.
2019-cu ilin oktyabrında Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi. Elə həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postuna keçdi. Bu, onun hakimiyyətdən tam uzaqlaşdırılması kimi deyil, daha çox dövlət sistemində başqa platformaya keçirilməsi kimi görünürdü.
Amma sonrakı illər Mehdiyevin siyasi çəkisinin tədricən azaldığı dövr oldu. 2022-ci ildə AMEA rəhbərliyindən də getdi. 2025-ci ilin oktyabrında isə Ramiz Mehdiyev artıq sabiq yüksək vəzifəli şəxs kimi yox, cinayət işi üzrə təqsirləndirilən şəxs kimi gündəmə gəldi.
Ramiz Mehdiyevin həbs tarixçəsi
O, Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. Məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçib. İki gün öncə Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddətini daha 5 ay uzadılmasına qərar verdi.
Bütün bu baş verənlər vacib bir sualı gündəmə gətirir: illərlə dövlətin ən yüksək siyasi idarəetmə mərkəzində olmuş şəxsin və onun ailəsinin biznesləri vəzifədən sonrakı dövrdə hansı imkanlara malik olub?
İctimaiyyətə açıq dövlət məlumatları bu suala bir neçə ipucu verir.
Dövlət satınalmalarının vahid internet portalında Ramiz Mehdiyevin ailə çevrəsi ilə əlaqələndirilən “Kaspian Telekom” MMC-nin 2026-cı ildə dövlət qurumları ilə müqavilələr bağladığı görünür. Dövlət Vergi Xidmətinin rəsmi məlumatları isə şirkətin hüquqi ünvanı və qanuni təmsilçisi üzərindən Mehdiyevlər ailəsinə gedib çıxan bağlantıları göstərir.
Başqa bir ailə şirkəti kimi təqdim olunan “Şərq-Qərb” ASC isə ötən ili 10 milyon manatdan çox gəlirlə başa vurub.
Ramiz Mehdiyev artıq vəzifədə deyil. Amma açıq məlumatlar göstərir ki, onun ailəsi ilə əlaqəli şirkətlər vəzifədən sonrakı illərdə də dövlət sifarişləri və kommersiya dövriyyəsi baxımından uğurlar qazanıb.
Vəzifədən gedən Mehdiyev, satınalma qazanan ailə biznesi
Ramiz Mehdiyevin Prezident Administrasiyasından uzaqlaşdırılmasından sonra onun siyasi təsir imkanlarının azaldığı düşünülürdü. Amma dövlət satınalmaları portalında görünən məlumatlar ailəsinə bağlı şirkətlərin dövlət qurumları ilə işləməkdə davam etdiyini göstərir.
“Kaspian Telekom” MMC-nin adı 2026-cı ildə ən azı iki dövlət qurumu ilə bağlanmış müqavilədə keçir.
Birinci müqavilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə bağlanıb. Satınalma predmeti sərnişin liftləri üçün internet xidmətinin alınmasıdır. Müqavilənin dəyəri 24 min 248 manat 40 qəpikdir.
Bu böyük məbləğ olmasa da şirkətin öncəki 4 ildə qazandığı toplam tender vəsaitindən artıqdır. Bundan başqa müqavilənin bağlanma üsulu da diqqət çəkir: satınalma açıq tenderlə yox, bir mənbədən satınalma metodu ilə həyata keçirilib.
Bu o deməkdir ki, dövlət qurumu rəqabətli prosedura getməyib, təklifləri müqayisə etməyib, birbaşa “Kaspian Telekom” MMC-ni seçib.
İkinci müqavilə Kənd Təsərrüfatı Nazirliyinə bağlı Kəlbəcər Dövlət Aqrar İnkişaf Mərkəzi ilə bağlıdır. Burada da satınalma predmeti internet xidmətidir. Burada da prosedur eynidir: bir mənbədən satınalma.
Beləliklə, eyni şirkət, eyni xidmət sahəsi və eyni satınalma metodu görünür.
İnternet xidməti Azərbaycanda alternativsiz sahə deyil. Bazarda müxtəlif provayderlər fəaliyyət göstərir. Ona görə də dövlət qurumlarının məhz bu şirkəti tender keçirmədən seçməsi ayrıca izah tələb edən haldır.
“Dövlət satınalmaları haqqında” qanuna görə, bir mənbədən satınalma istisna mexanizmidir. Bu üsul satınalma predmetinin yalnız konkret təchizatçıda olduğu, alternativin olmadığı, təcili tələbat yarandığı və ya əvvəlki satınalmanın texnoloji davamı olduğu hallarda tətbiq edilə bilər.
Gəncədə liftlər üçün internet, Kəlbəcərdə dövlət aqrar mərkəzi üçün internet xidməti bu istisna kateqoriyalarından hansına düşür? Açıq məlumatlarda bunun cavabı görünmür.
“Kaspian Telekom”un reyestr izi
Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, “Kaspian Telekom” MMC 28 iyul 2005-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 1020 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17 kimi göstərilir.
Bu ünvan təsadüfi görünmür. Açıq mənbələrdə həmin ünvan Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və nəvəsi Fidan Əliyevanın qeydiyyat ünvanı kimi göstərilir.
Şirkətin qanuni təmsilçisi isə Orxan Fikrət oğlu Əliyevdir. Açıq məlumatlarda Orxan Əliyevin Ramiz Mehdiyevin ailə çevrəsi ilə qohumluq əlaqəsi olduğu bilinir. O, Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qardaşı, keçmiş MTN-in Anti-terror Mərkəzinin polkovniki olmuş Fikrət Əliyevin oğludur.
Bu məlumatlar şirkətin hüquqi mülkiyyət zəncirini tam açmır. Azərbaycanda bir çox hallarda faktiki benefisiarlarla rəsmi təmsilçilər üst-üstə düşmür. Amma ünvan, ailə qeydiyyatı və qanuni təmsilçi birlikdə götürüldükdə “Kaspian Telekom”un Ramiz Mehdiyevin ailə çevrəsi ilə bağlılığına şübhə yaranmır.
Bu suallar daha da aktuallaşır, çünki şirkət adi biznes subyekti kimi deyil, dövlət qurumlarının tender keçirmədən seçdiyi təchizatçı şirkət kimi görünür.
“Şərq-Qərb”: ailə biznesinin daha böyük qolu
Mehdiyevlər ailəsi ilə əlaqələndirilən başqa şirkət “Şərq-Qərb” ASC-dir.
Bu şirkət “Kaspian Telekom”dan fərqli olaraq daha böyük maliyyə dövriyyəsinə malikdir. 2025-ci il üzrə açıqlanmış maliyyə hesabatına görə, “Şərq-Qərb” ASC 10 milyon 243 min 300 manat gəlir əldə edib.
Şirkətin həmin il üzrə xalis mənfəəti 675 min 700 manat olub.
Əvvəlki illərin göstəriciləri də şirkətin davamlı gəlir əldə etdiyini göstərir. 2024-cü ildə xalis mənfəət 844 min 700 manat, 2023-cü ildə 648 min 400 manat, 2022-ci ildə 1 milyon 393 min 600 manat olub.
Bu rəqəmlər “Şərq-Qərb” MMC-nin kağız üzərində qalan şirkət olmadığını göstərir. Söhbət real dövriyyəsi olan, milyonlarla manatlıq gəlir əldə edən biznesdən gedir.
Dövlət reyestri məlumatlarına görə, “Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17 kimi göstərilir.
Eyni ünvanda “Şərq-Qərb Mülk” MMC, “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC kimi şirkətlərin də qeydiyyatda olduğu bildirilir.
Bu ünvan və şirkət qruplaşması Mehdiyevlər ailəsi ilə əlaqələndirilən biznes şəbəkəsinin tək bir şirkətdən ibarət olmadığını göstərir.
Oğul Teymur Mehdiyev izi
“Şərq-Qərb” ASC-nin son maliyyə hesabatında səhmdarların adı açıqlanmır.
Amma əvvəlki açıq məlumatlarda şirkətin səhmlərinin 96 faizinin Teymur Ramiz oğlu Mehdiyevə məxsus olduğu göstərilib.
Teymur Mehdiyev Ramiz Mehdiyevin oğludur. O, uzun illər dövlət sistemində çalışıb, fövqəladə hallar nazirinin müavini vəzifəsində olub.
Reyestr məlumatlarında Teymur Mehdiyevin qeydiyyat ünvanı Bakı şəhəri, İstiqlaliyyət küçəsi, ev 9, mənzil 31 kimi göstərilir. Açıq mənbələrdə eyni ünvan Ramiz Mehdiyevin qeydiyyat ünvanı kimi də təqdim olunur.
Əgər “Şərq-Qərb” ASC-də Teymur Mehdiyevin əvvəl göstərilən payı qüvvədə qalıbsa, bu şirkət Ramiz Mehdiyevin ailə biznesinin əsas aktivlərindən biri hesab olunur.

Nəşriyyat, mətbəə və dövlət sifarişləri
“Şərq-Qərb” ASC nəşriyyat və mətbəə sahəsində fəaliyyət göstərir.
Bu sahə Azərbaycanda dövlət sifarişləri ilə sıx bağlı sahələrdən biridir. Dərsliklərin çapı, rəsmi nəşrlər, dövlət qurumlarının çap məhsulları, tədris və metodik materiallar, poliqrafiya xidmətləri dövlət büdcəsi hesabına maliyyələşən işlər sırasındadır.
Şirkətin 2025-ci ildə 10 milyon manatdan çox gəlir əldə etməsi həmin gəlirin mənbələri ilə bağlı sual yaradır: bu pullar daha çox özəl sifarişlərdən gəlib, yoxsa dövlət sifarişlərindən?
Maliyyə hesabatında bu bölgü ayrıca görünməsə də Dövlət Satınalma Portalında yerləşdirilən məlumatlar bu sualın cavabını qismən göstərir. “Şərq-Qərb” ASC 2025-ci ildə dövlət qurumları və dövlətə bağlı müəssisələrlə 6 müqavilə imzalayıb. Bu müqavilələrin ümumi dəyəri 3 milyon 91 min 269 manat 82 qəpik olub. Satınalanlar arasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, eləcə də “Naxçıvan Duz İstehsalı” MMC var. Başqa sözlə, şirkətin 2025-ci ildə açıqladığı 10 milyon 243 min manatlıq gəlirin azı üçdə biri dövlət satınalmaları hesabına formalaşıb.
Ramiz Mehdiyev siyasi vəzifədən uzaqlaşdırılsa da, onun ailəsinə bağlanan şirkətin 2025-ci ildə 10 milyon manatdan çox gəlir açıqlaması göstərir ki, ailə biznesi vəzifədən sonrakı dövrdə də zəifləməyib. Əksinə, açıq rəqəmlər bu biznesin gəlirli qalmaqda davam etdiyini göstərir.