Amerikalı aktyor: “Polşa qırıcıları Ukraynaya verilməlidir”

Şon Penn. Frippitaun/shutterstock

“Ağ Evlə Polşa arasındakı bürokratik maneə MiQ-29 təyyarələrinin verilməsini gecikdirir”

Amerikalı aktyor və rejissor Şon Penn Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakla MiQ-29 qırıcılarının tədarükü məsələsini müzakirə edib.

Daha əvvəl Prezident Volodimir Zelenski ilə görüşən Penn ölkəyə Polşa qırıcılarının göndərilməsinin tərəfdarı olduğunu bildirib.

Bu barədə o, rəsmi “Twitter” hesabında məlumat verib.

O, Yermakla videobağlantı vasitəsilə danışdığı fotonu nəşrə əlavə edib.

“Bizim Ağ Evlə Polşa hakimiyyəti arasında hansısa bürokratik maneə səbəbindən qırıcılar hələ də Ukraynaya çatdırılmayıb”, – aktyor yazıb.

Şon Penn Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı sənədli film çəkir.

Prezident Volodimir Zelenski Qərbi Ukraynaya mümkün qədər tez döyüş təyyarələrinin verilməsi məsələsini həll etməyə çağırıb.

O qeyd edib ki, Rusiya mülki əhaliyə, şəhərlərə və infrastruktura qarşı raketlər, təyyarələr və helikopterlərdən istifadə edir.

Daha əvvəl Ukrayna hakimiyyəti beynəlxalq tərəfdaşlardan ölkə üzərində uçuşa qadağa qoyulmasını və Silahlı Qüvvələri qırıcı təyyarələrlə təmin etməyi xahiş edib.

ABŞ və NATO Ukrayna hava məkanında uçuşa qadağa zonası tətbiq etməkdən imtina edir.

Martın 8-də Polşa Xarici İşlər Nazirliyi Sovet istehsalı olan MiQ-29 qırıcılarını ABŞ-ın Almaniyadakı Ramşteyn hava bazası vasitəsilə Ukraynaya göndərə biləcəyini bildirib.

Vaşinqton belə bir addımın münaqişəni dərinləşdirə biləcəyindən ehtiyatlanır.

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəMədəniyyətAmerikalı aktyor: “Polşa qırıcıları Ukraynaya verilməlidir”