“Rusiya 14 gün öncə başlatdığı hərbi müdaxiləni sürətləndirib”
Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrini Polşanın təklifini təcili dəyərləndirməyə çağırıb.
“Tezliklə Ukraynanı müdafiə etmək üçün qeyri-uçuş zonası elan edilməsə, beynəlxalq ictimaiyyət kütləvi humanitar fəlakətə görə məsuliyyət daşıyacaq”.
Zelenski martın 9-da televiziyada etdiyi çıxışında belə deyib. Bildirib ki, Rusiya 14 gün öncə başlatdığı hərbi müdaxiləni sürətləndirib:
“İnsanlar ölür, şəhərlər dağılır. Dünya bunu yalnız izləməklə məşğul olmamalıdır”.
Prezident əlavə edib ki, Rusiya bu gün Ukraynanın dinc sakinlərini hədəf alıb:
“Şəhərlərimizə, infrastrukturumuza qarşı raketlərdən, təyyarələrdən, vertolyotlardan istifadə edir. Buna cavab vermək dünyanın humanitar borcudur”, – Zelenski bildirib.
NATO Rusiya ilə müharibənin genişlənə biləcəyini əsas gətirərək səmanı bağlamaqdan imtina edib.
Polşa Ukraynanı MiQ-29 qırıcıları ilə tədarük etməyə hazır olduğunu açıqlayıb. Lakin bunu NATO çərçivəsində edə biləcəyini bildirib.
Polşa təklifində bildirib ki, özünün sovet istehsalı MiQ-29 qırıcılarını ABŞ-ın Almaniyadakı Ramşteyn hava bazası vasitəsilə Ukraynaya göndərə bilər. Lakin Vaşinqton belə bir addımın münaqişəni dərinləşdirə biləcəyindən ehtiyatlanır.
MiQ-29 qırıcıları Rusiya istehsalıdır. Ukrayna pilotları bu təyyarələri sürmək üzrə təlim keçiblər.