Amerikalı aktyor: “Ukraynada son 24 saatda baş verənlər ürəkparçalayandır”

Şon Penn. Frippitaun/shutterstock

Şon Penn: “Zelenski çıxılmaz vəziyyətdədir”

Amerikalı kinorejissor və aktyor Şon Penn teleaparıcı Kseniya Sobçaka müsahibə verib.

Sənətçi bir neçə gündür ki, Kiyevdə olduğunu deyib.

İkinci dəfə reallaşan səfərinin Ukraynaya həsr etdiyi sənədli filmin çəkilişləri ilə əlaqədar olduğunu bildirib.

“Film bu ölkəyə, prezidentinə, hazırda baş verən münaqişəyə həsr olunacaq. Məni Kiyevə gətirən səbəb budur. Rusiya ilə Ukrayna arasındakı münaqişənin bir neçə ildir ki, davam etdiyini bilirik. Lakin son 24 saat ərzində baş verənlər ürəkparçalayandır”, – Penn bildirib.

Rejissor baş verən prosesləri ürək ağrısı ilə, siyasətçi kimi yox, şahid qismində izlədiyini deyib.

O, vəziyyətin hərbi yolla deyil, diplomatiya ilə həllinin vacibliyini vurğulayıb.

Sobçak sənətçidən Amerikanın bu məsələdəki mövqeyini, tətbiq olunan sanksiyaları doğru hesab edib-etmədiyini soruşub.

“Burada çoxlu siyasi fəlsəfə qarışıqlığı var. Hətta “demokratiya” sözünün özündə də bu belədir. Amerika hökuməti hərbi güclə deyil, öhdəliklərlə Ukraynanın yanındadır”, – Şon Penn cavabında deyib.

Fevralın 25-də ABŞ Rusiyaya sanksiyalar elan edib. Bunlardan biri Rusiyanın VTB bankının ABŞ-ın maliyyə sistemi ilə əlaqəsinin kəsilməsidir.

Rejissor Prezident Vladimir Zelenski ilə görüşündən də danışıb: “Zelenski çıxılmaz vəziyyətdədir. İstənilən insan – qadın, ya da kişi onun vəziyyətinə düşə bilər. Amma mən tam əminliklə deyə bilərəm ki, bu adam sevgi dolu, intellektli və cəsarətli insandır”.

Sobçakın: “Sizcə, Putin bu konflikt haqqında nə düşünür?” – sualına Penn belə cavab verib: “Bu suala cavab vermək çətindir”.

Çəkəcəyi sənədli filmdə Rusiya Prezidenti Vladimir Putinin də mövqeyini görmək istədiyini söyləyib.

Hətta bildirib ki, bununla bağlı Putinlə görüşüb: “Bir neçə ay öncə qeyri-rəsmi sorğu göndərmişdim Cənab Putinlə tarixi bir görüşüm, danışmaq imkanım olub. Həmçinin Dmitri Peskovla da görüşmək imkanım olub. Peskov bilir ki, mən açıq fikirli insanam. Putin məni dəvət etsə, qarşı tərəfi də dinləməyə hazıram”.

Hazırda Kiyevdə hərbi proseslərin mərkəzində olan Penn bundan qorxmadığını deyib. Bildirib ki, Ukraynada baş verənlərdən heç kim qaça bilməz.

“Rus xalqı, Ukrayna xalqı, Amerika xalqı, biz indi hamımız birik, birliyik”, – o əlavə edib.

Prezident Vladimir Zelenski fevralın 24-də Şon Pennlə Rusiyanın Ukraynanı demilitarizasiya etmək üçün keçirdiyi xüsusi əməliyyat fonunda görüşüb.

Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Ana səhifəMədəniyyətAmerikalı aktyor: “Ukraynada son 24 saatda baş verənlər ürəkparçalayandır”