Azərbaycan mediası “28 May” metro stansiyası yaxınlığında kütləvi saxlanılmalar barədə məlumat yayıb. Saxlanılanların sayı ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.
Oktyabrın 12-də axşam saatlarında Bakının mərkəzində, “28 May” metro stansiyası yaxınlığında məktəbli geyiminə dair yeni qaydalara etiraz aksiyası keçirməyə cəhd göstərən şəxslərin saxlanıldığı bildirilir. Azərbaycan mediasının məlumatına görə, polis 200-dən çox şəxsi saxlayıb.
Yayılan məlumatlara əsasən, hadisə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərara qarşı etiraz aksiyası keçirmək cəhdi zamanı baş verib. Ərazidə xidmət aparan polis əməkdaşları təhsil müəssisələrində hicabla bağlı məhdudiyyətlərə etiraz etmək niyyətində olduğu bildirilən bir qrup şəxsi saxlayıblar.

Saxlanılanların sayının 200 nəfəri keçdiyi, 100-dən çox şəxs barəsində isə cinayət işi başlandığı iddia olunur. Oxşar məlumatı Unikal.az da yayıb. Lakin bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Sosial şəbəkələrdə hadisə ilə əlaqələndirilən videogörüntülər də yayılıb. Bununla belə, görüntülərin dəqiq nə vaxt və hansı şəraitdə çəkildiyini müstəqil şəkildə müəyyənləşdirmək mümkün olmayıb.
Bundan əvvəl, oktyabrın 12-də Daxili İşlər Nazirliyi hicab məhdudiyyətlərinə qarşı etirazlarla əlaqədar 37 nəfərin həbs edildiyini açıqlayıb. Nazirliyin iddiasına görə, həmin şəxslər təhsil müəssisələrinin əməkdaşları ilə münaqişəli vəziyyətlər yaradıb, məktəblərin fəaliyyətinə mane olub və ictimai asayişi pozublar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanı kobud surətdə pozan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə) ilə cinayət işi açılıb.
Lakin DİN-in 37 nəfərin həbsi ilə bağlı açıqlaması oktyabrın 12-də gündüz saatlarında yayılıb. “28 May” metro stansiyası yaxınlığında kütləvi saxlanılmalar barədə məlumatlar isə axşam saatlarında ortaya çıxıb. Bu hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı, əvvəl həbs edilən şəxslərin 200-dən çox saxlanılan arasında yer alıb-almadığı məlum deyil.
Etirazlara nə səbəb olub?
Sentyabrın 21-də Nazirlər Kabineti məktəbli geyimi ilə bağlı qaydalara dəyişiklik edib. Yeni tələblərə əsasən, dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının görünüşünü pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.
Oktyabrın 6-da isə dövlət ümumi təhsil müəssisələrində müəllimlərin geyiminə dair tələblər təsdiqlənib.
Qərarlarda hicabın adı birbaşa çəkilməsə də, yeni qaydalar inanclı vətəndaşların bir hissəsinin narazılığına səbəb olub. Sosial şəbəkələrdə hicablı şagirdlərin dərslərə buraxılmadığı, müəllimlərdən isə yeni geyim qaydalarına əməl etmələrinin tələb olunduğu barədə məlumatlar yayılıb.
Bəzi valideynlər bildirirlər ki, məktəb rəhbərlikləri hicablı qızlardan baş örtüklərini çıxarmağı tələb edir, əks halda onların dərslərə buraxılmasına icazə verilmir.
Oktyabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə şagird və müəllimlərin geyim qaydalarına əməl etməsinə nəzarətin gücləndiriləcəyini açıqlayıb. Bununla belə, idarə hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı yayılan şikayətlərə münasibət bildirməyib.
Məhbuslar da hicab məhdudiyyətlərinə etiraz edirlər
Yeni geyim qaydalarına qarşı etirazlar cəzaçəkmə müəssisələrində də özünü göstərib.
Oktyabrın 8-də 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Polad Aslanov hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyasına başlayıb. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan ruhani Zeynal Bayramov da oktyabrın 12-dən hicab qadağasına etiraz olaraq aclıq aksiyasına başladığını və dərman qəbulundan imtina etdiyini bildirib.
Oktyabrın 12-də 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan 19 məhbus bəyanat yayıb. Onlar hicabla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib və tələbləri yerinə yetirilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaqlarını bildiriblər.
“Əks təqdirdə, etiraz və tələblərimiz yerinə yetirilənədək aclıq aksiyası keçirərək canımız və qanımız bahasına mübarizə aparacağıq”, – bəyanatda qeyd olunur.
Bəyanatı imzalayan məhbuslar hesab edirlər ki, hicabla bağlı məhdudiyyətlər dini etiqad azadlığına və təhsil hüququna müdaxilədir. Onların elan etdikləri aclıq aksiyasına başlayıb-başlamadıqları hələlik məlum deyil.
Oktyabrın 13-nə olan məlumata görə, “28 May” metro stansiyası yaxınlığında oktyabrın 12-də axşam saatlarında dəqiq neçə nəfərin saxlanıldığı, onlardan neçəsinin sərbəst buraxıldığı və kimlərə rəsmi ittiham irəli sürüldüyü təsdiqlənməyib.
Daxili İşlər Nazirliyi 200-dən çox şəxsin saxlanıldığı barədə yayılan məlumatlarla bağlı ayrıca açıqlama verməyib.