Oktay Saral hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasını qəbuledilməz adlandırıb. Hakim Yeni Azərbaycan Partiyası isə onun açıqlamasını Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycanda hicablı şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı etirazlara münasibət bildirib.
O, oktyabrın 12-də “X” sosial şəbəkəsində paylaşım edərək Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasını tənqid edib.
“Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun əngəllənməsi qəbuledilməzdir. İnancına görə başını örtən bir şagirdi məktəbin qapısında saxlamaq hansı vicdana, hansı ədalətə sığır? Hicab maneə deyil, inancın tələbidir. Təhsil hüququ heç bir ideoloji məcburiyyətin qurbanına çevrilə bilməz”, – Saral yazıb.
Türkiyə Prezidentinin baş müşaviri Azərbaycan hakimiyyətini mövcud yanaşmadan imtina etməyə çağırıb.
“Azərbaycanın bu yanlış addımdan bir an əvvəl geri dönməsini gözləyirik. Gənclərin gələcəyinə maneə yaratmaq yox, onların qarşısını açmaq lazımdır. Bu dövrdə belə bir anlayışa əsla yol verilməməlidir”, – deyə o əlavə edib.
YAP: “Belə açıqlamalar qardaşlıq münasibətlərinin ruhuna ziddir”
Hakim Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 13-də Oktay Saralın və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatların açıqlamalarına cavab verib.
Partiya Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrində Azərbaycan haqqında qərəzli məlumatlar yayıldığını iddia edib.
YAP-ın bəyanatında Oktay Saralın və AKP deputatlarının Azərbaycanın konstitusion quruluşunu, dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan açıqlamalar verdiyi bildirilib.
Partiya həmin açıqlamaları populist və məsuliyyətsiz adlandıraraq onların Azərbaycan-Türkiyə münasibətlərində süni gərginlik yarada biləcəyini qeyd edib.
YAP hesab edir ki, Azərbaycanda təhsil sahəsində tətbiq olunan qaydalar dünyəvilik, bərabərlik və qanunun aliliyi prinsiplərinə əsaslanır.
Bəyanatda hicab məsələsinin Azərbaycana qarşı siyasi təzyiq vasitəsinə çevrilməsinin yolverilməz olduğu vurğulanıb.
Partiya AKP rəhbərliyini və təmsilçilərini Azərbaycanın daxili işlərinə hörmət etməyə, münasibətlərə zərər verə biləcək açıqlamalardan çəkinməyə çağırıb.
Hicab etirazlarına görə xeyli sayda şəxs saxlanılıb
Azərbaycanda son günlər məktəblərdə vahid geyim qaydalarının tətbiqi, hicablı şagirdlərin və müəllimlərin təhsil müəssisələrinə buraxılmaması ilə bağlı narazılıqlar yaşanır.
Oktyabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi dövlət məktəblərində vahid geyim qaydalarına əməl olunmasının yoxlanılacağını açıqlayıb. Qurum qaydaların tətbiqinin məqsədini məktəblərdə intizamlı və bərabər təhsil mühitinin yaradılması ilə izah edib.
Hicabla bağlı məhdudiyyətlərə etirazlardan sonra Bakıda 37 nəfər həbs edilib. Daha 200 nəfərdən çox şəxsin isə saxlanıldığı deyilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar ictimai qaydanı pozmağa, təhsil müəssisələrinin normal fəaliyyətinə və nəqliyyatın hərəkətinə mane olmağa yönələn hərəkətlərdə şübhəli bilinirlər. Faktla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanıb.