Şon Penn müharibə şəraitində Ukraynaya getdi, Zelenski ilə görüşdü

Şon Penn, Andrea Raffin/shutterstock

“Rejissor hazırda Ukraynada baş verənləri lentə almaq və təcavüzü dünyaya yaymaq istəyir”

Prezident Vladimir Zelenski amerikalı aktyor, kinorejissor və ssenarist Şon Pennlə Rusiyanın Ukraynanı demilitarizasiya etmək üçün keçirdiyi xüsusi əməliyyat fonunda görüşüb.

Ukrayna lideri görüşdən olan qısa videonu “İnstagram”ında “stories”də paylaşıb.

Penn Prezident Adminstrasiyasında olub.

 O, Baş nazirin müavini İrina Vereşuk, həmçinin bəzi yerli jurnalistlər və Ukrayna hərbçiləri ilə söhbət edib.

“Rejissor hazırda Ukraynada baş verən bütün hadisələri lentə almaq və Rusiyanın ölkəmizə təcavüzü ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün xüsusi olaraq Kiyevə gəlib. Bu gün Ukraynanı dəstəkləyənlər arasında Şon Penn də var. Ölkəmiz ona belə cəsarət və dürüstlük nümayiş etdirdiyinə görə minnətdardır”, – Ukrayna hökumətinin bəyanatında deyilir.

Şon Penn hələ 2021-ci ilin noyabrında Ukraynaya səfər etmişdi.

O, çəkəcəyi sənədli filmin hazırlanması çərçivəsində ukraynalı hərbçilərlə görüşüb, söhbət etmişdi.

Şon Penn kinorejissor və aktyor olmaqla yanaşı, siyasi maraqları ilə də diqqət çəkir.

O, 2002-ci ildə “The Washington Post” qəzetinə külli miqdarda pul ödəməklə Amerikanın o vaxtkı prezidenti Corc Buşa açıq məktub yazıb.

Məktubda Amerika ordusunun İraqa girməsini və hökumətin siyasətini kəskin şəkildə tənqid edib.

Rejissor 2001-ci ilin 11 sentyabrında əkiz binalarda baş verən terrorla bağlı ərsəyə gələn filmin müəllifidir.

“1’9”01 September 11” filmi dünyanın müxtəlif ölkələrindən olan 11 rejossorun çəkdiyi on bir novella daxildir.

Hər rejissor 11 dəqiqədən ibarət qısametrajlı film lentə alıb, bu filmlər birləşərək tammetrajlı film əmələ gətirir.

Filmin ən qalmaqallı hissəni məhz Şon Penn çəkib. Onun qəhrəmanı əkiz göydələnlərin yaxınlığında yaşayan qoca dul kişidir.

Göydələnlərin uçmasından sonra qocanın evinə pəncərələrdən işıq düşür və birdən-birə dibçəkdəki bitkilər  çiçəkləyir. Əvvəllər göydələnlər günəş şüalarının qarşısını kəsirdi, indi isə otağa gözqamaşdıran günəş şüaları dolur, qoca sevincindən ağlayır.

Amerikalılar rejisssorun layihəsini antiamerika ovqatında çəkilmiş film hesab edərək, onu tənqid etmişdilər.

Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Rusiya Ukrayna arasındakı münaqişə yeni deyil.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Həmin vaxtdan davam edən münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

Ana səhifəMədəniyyətŞon Penn müharibə şəraitində Ukraynaya getdi, Zelenski ilə görüşdü