Xaçmaz sakini: Polisin maskadan istifadə etməməsi iki vətəndaşın həbsinə səbəb olub

“Siyəzən Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi vəzifəsindən istifadə edərək, bizi şərləyib”

Source: Meydan Tv


“Siyəzən Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi vəzifəsindən istifadə edərək, bizi şərləyib”

“Yaşarla Şahin xidməti səhra geyimində olan polis əməkdaşının mağazada alış-veriş edərkən maskadan istifadə etməməsinə görə ona iradlarını bildirmək istəyiblər. Əvəzində isə polis əməkdaşı hər ikisini şərlətdirərək həbsə atdırıb”.

Xaçmaz rayon sakini Xanbaba Hüseynov Meydan TV-yə Yaşar Hüseynovun və sonuncunun yaxın dostu Şahin Sultanovun həbsindən danışır.

Bu il mayın 15-də rayonun Səid Qurbanov küçəsində yerləşən marketdə hər iki vətəndaşla Siyəzən Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi Bədirşah Vəlimətov arasında mübahisə düşüb. Bədirşah Vəlimətov Xaçmaz Rayon Polis Şöbəsinə hər iki vətəndaşla bağlı şikayət edib. Şöbədə aparılan bir aylıq araşdırmadan sonra Yaşar Hüseynov və Şahin Sultanovun işi Xaçmaz Rayon Məhkəməsinə göndərilib. Məhkəmə hər ikisi barədə 15 sutkalıq həbs cəzası kəsib.


“Oğluma deyib, ikinizi də içəri atdıracam, dediyini də edib”

Xanbaba Hüseynov oğlunun və onun dostunun bu cəzasıyla razılaşmır. Atanın iddiasına görə, Yaşarla Şahin polis əməkdaşı Bədirşah Vəlimətov tərəfindən şərlənib, Xaçmaz polisi isə ona “həmkarlıq” nümayiş etdirərək hər iki vətəndaşı həbsə göndərib:

“Əslində hadisə belə baş verib, mənim oğlum dostuyla marketdə olarkən xidməti səhra geyimində olan polis əməkdaşının maskadan istifadə etməməsinə işarə vurub. Çünki polis sıravi vətəndaşı qapalı yerdə maskasız görəndə tutub cərimələyir, ancaq bu polis özü maskasız olub, vətəndaş da haqlı olaraq bunu polisə eşitdirmək istəyib. Nəticədə aralarında mübahisə yaranıb, polis əməkdaşı oğluma və dostuna deyib ki, “siz bilirsiz mən kiməm? bu dəqiqə ikinizi də şöbəyə basdıraram, başınıza oyun açaram”. Dediyini də edib. Xaçmazın polis şöbəsinin Etibar adlı təhqiqatçısı guya 1 ay araşdırma apardı, halbuki, dəfələrlə ərazidəki kamera görüntülərinin araşdırılmasını tələb etsək də, məhəl qoymadı“.


“Vəzifəsindən istifadə edərək, bizi şərləyib”

İyunun 14-də bu iş üzrə Xaçmaz Rayon Məhkəməsində hakim İlkin Xəlilovun sədrliyi ilə məhkəmə keçirilib. Bədirşah Vəlimətov Yaşar Hüseynovla Şahin Sultanovun sərxoş vəziyyətdə mağazaya daxil olaraq ona sataşdıqlarını, yumruqla vurub geri itələdiklərini, söydüklərini bildirib. İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) maddəsi ilə təqsirləndirilən Yaşar Hüseynovla Şahin Sultanovsa özlərini təqsirli bilməyiblər. Onlar izahatlarında göstəriblər ki, bir-birlərinə baxaraq polis işçisinin maskasız olmasına işarə ediblər. Bunu görən polis işçisi də onlara yaxınlaşaraq üstlərinə qışqırıb, “siz kimsiz ki, mənə baxıb işarə edirsiz” deyib. Yaşar Hüseynov məhkəmə izahatında bildirib ki, o, əlini polis işçisinin çiyninə qoyaraq deyib: “Mənim atam da, qardaşım da polisdir, mübahisə nəyə lazımdır ki?” Ancaq polis işçisi sakitləşməyib, onları tutduracağıyla hədələyib və Xaçmaz polis şöbəsinə onlardan şikayət edib. “Biz ona qarşı hər hansı zorakılıq hərəkəti etməmişik, söyməmişik, Bədirşah Vəlimətov vəzifəsindən istifadə edərək, bizi şərləyib”, deyə Yaşar Hüseynov məhkəmə izahatında qeyd edib.

Hər iki dost Xaçmaz Rayon Məhkəməsinin qərarıyla 15 günlük həbsə məhkum edilib.

Xanbaba Hüseynovsa deyir, məhkəmədə hadisənin baş verdiyi ərazidəki kameranın yaddaşına da baxış keçirilib, videogörüntülərdə hadisə zamanı hər hansı zorakılıq hərəkəti olmayıb. Məhkəmə onların hadisə zamanı sərxoş olmaları ilə bağlı nəticəyə də yalnız polis əməkdaşı Bədirşah Vəlimətovun şifahi dediklərindən gəlib. Bununla bağlı işin içində protokol olmayıb.

Xaçmaz Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Bədirşah Vəlimətovun şöbəyə şikayəti əsasında araşdırmalar aparılıb. Təhqiqat zamanı Yaşar Hüseynovla Şahin Sultanovun inzibati xəta törətdikləri sübuta yetirildikdən sonra toplanmış materiallar məhkəməyə göndərilib. Xaçmaz Rayon Məhkəməsi işə hüquqi qiymətini verib. Məhkəmə qərarından narazı qalan tərəf apelyasiya şikayəti verə bilər.

PHOTO-2021-06-21-16-35-28.jpg
Sənəd
Ana səhifəBölgəXaçmaz sakini: Polisin maskadan istifadə etməməsi iki vətəndaşın həbsinə səbəb olub