Əli Kərimlinin istintaqı yekunlaşıb; 20 ilədək və ya ömürlük həbs oluna bilər

Əli Kərimli, Foto: Meydan TV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli və bu partiyanın Ali Məclisinin katibi Məmməd İbrahimin barəsində açılan cinayət işi üzrə istintaq bitib.

İttiham aktının bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi bildirilir.

AzadlıqRadiosu yazır ki, Əli Kərimli və Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Məsələ ilə bağlı istintaq qurumundan rəsmi münasibət öyrənmək mümkün olmayıb.

Əli Kərimli və Məmməd İbrahim daha öncə ictimaiyyətə açıqlamalarında ittihamı rədd ediblər, siyasi sifarişlə həbs olunduqlarını bildiriblər. Əli Kərimli isə ümumiyyətlə istintaqa ifadə vermədiyini qeyd edib.

Əli Kərimli və Məmməd İbrahim 2025-ci il noyabrın sonunda həbs olunublar. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində həbs olunduğu deyilsə də, sonradan bu işlər bir-birindən ayrılıb.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunur.

Ana səhifə ▸ Siyasət ▸ Əli Kərimlinin istintaqı yekunlaşıb; 20 ilədək və ya ömürlük həbs oluna bilər