Azərbaycanın ən böyük heyvan sığınacağı bağlanmaq təhlükəsində: 400-dən çox it küçələrə düşə bilər

Azərbaycanın ən böyük heyvan sığınacağı qapanmaq təhlükəsi ilə üz-üzə: 400-dən çox sahibsiz heyvan yenidən küçələrdə qala bilər

Zaqatala rayonunda fəaliyyət göstərən və yüzlərlə yaralı, xəstə, eyni zamanda da sahibsiz  itlərin sığınacağı olan “Naynuxana” bağlanmaq təhlükəsi ilə üz-üzədir. 

Sığınacağın rəhbəri, heyvan haqları fəalı Nizami Ramazanov Meydan TV-yə bildirir ki, ərazi sahibi torpağı 120 min manata satır və onlardan ya bu məbləği ödəməyi, ya da qısa müddətdə ərazini tərk etməyi istəyir.

Ramazanovun sözlərinə görə, sığınacaq son beş il ərzində heyvansevərlərin dəstəyi və onunla bacısının şəxsi imkanları hesabına qurulub. İcarəyə götürlən iki hektar ərazidə yaradılan sığınacaqda hazırda 400-dən çox yaralı, şikəst, kor və müxtəlif xəstəliklərdən əziyyət çəkən it saxlanılır. Onların çoxu küçələrdən toplanaraq müalicə olunub və burada məskunlaşdırlıb:

Heyvanlar haqqında heç bir məlumat və bələdçi yoxdur, bildiyiniz əsir düşərgəsidir.

“Bura Azərbaycanın ən böyük sığınacağıdır və bağlanmaq təhlükəsi var. Beş il ərzində heyvansevərlərin dəstəyi ilə burada tikinti işləri aparmışıq. Məqsədimiz kiminsə yerini zəbt etmək yox, yaralı, şikəst və kimsəsiz heyvanlara baxmaq olub”.

Sığınacaq rəhbəri bildirir ki, mövcud şəraitdə buranı başqa əraziyə köçürmək demək olar ki, mümkün deyil. Onun sözlərinə görə, problem təkcə yeni torpaq sahəsinin tapılması ilə də bitmir.

“İlk növbədə böyük bir ərazi alınmalıdır. Ondan sonra buradakı tikililəri söküb başqa yerə daşımaq, yenidən qurmaq lazımdır. Bu isə qat-qat artıq vəsait və güc tələb edir. Biz bu yeri beş ilə, addım-addım qurmuşuq”.

Nizami Ramazanov deyir ki, sığınacaq böyük şəxsi fədakarlıq hesabına yaradılıb və bu prosesi yenidən təkrarlamaq artıq mümkünsüz görünür:

“Bura tək pulun hesabına yaranmayıb. Beş ildir işçi tapmırıq, heç kim bura gəlmir. Bacımla mən on nəfərlik işi görürük. Bu sığınacaq bizim sağlamlığımız bahasına başa gəlib”.

Onun sözlərinə görə, hazırda ən böyük təhlükə sığınacaqda olan heyvanların taleyi ilə bağlıdır:

“400-dən çox iti aparacaq yerimiz yoxdur. Şikəst, kor, xəstə itləri necə küçələrə tərk edək? Bu, böyük bir fəlakət olar. Bu heyvanların çoxu küçədə yaşaya bilməz. Onları buraxmaq, ölümə tərk etmək deməkdir”.

Nizami Ramazanov bildirir ki, sığınacaq yalnız heyvansevərlərin dəstəyi ilə fəaliyyət göstərir və mövcud xərcləri qarşılamaq belə ciddi çətinlik yaradır:

"Sərt karantin günlərində küçə heyvanları ac qalıb"

“Biz ancaq ianələrlə itlərin yeməyini və müalicə xərclərini çətinliklə ödəyirik. 120 min manatı toplamaq bizim üçün real deyil”.

O həmçinin qeyd edir ki, bu müddət ərzində aidiyyəti qurumlardan ciddi dəstək almayıblar:

“Halbuki bu sığınacaq cəmiyyət üçün də faydalıdır. Biz yüzlərlə sahibsiz itin qayğısını çəkirik, onların sayını nəzarətdə saxlayırıq.”

Nizami Ramazanovun sözlərinə görə, daha əvvəl Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təklif olunan alternativ ərazi də yararsız olub:

“Bizə çay kənarında, çay yatağında bir sahə göstərmişdilər. Orada nə tikinti aparmaq mümkündür, nə də normal şərait yaratmaq. Boş torpaq verməklə bu problem həll olunmur. Əgər yer verilirsə, şərait də qurulmalıdır”.

Sığınacaq rəhbəri bildirir ki, bu iş təkcə fərdi təşəbbüs deyil, ümumi ictimai məsələdir:

Nizami Ramazanov

“Bu, təkcə bizim problemimiz deyil. Bu, Azərbaycanın problemidir. Biz illərdir bu yükü öz üzərimizə götürmüşük. Televiziyalar haqqımızda çəkilişlər edir, problemimiz ictimailəşdirilir. Əslində, aidiyyəti qurumlar bunu görürlər. Özləri maraqlanmalı, bizə dəstək olmalıdırlar”.

Heyvansevər vəziyyətin kritik olduğunu vurğulayaraq ictimaiyyətə və imkanlı şəxslərə də müraciət edib:

“İlk öncə aidiyyəti qurumlara, daha sonra isə iş adamlarına, imkanlı şəxslərə müraciət edirəm. Çox ağır vəziyyətdəyik. Hər an qapılar açılıb 400 it Zaqatalanın küçələrinə buraxıla bilər. Bu sığınacağı qorumaq üçün böyük dəstəyə ehtiyacımız var”.

Zaqatala Rayon İcra Hakimiyyətindən məsələyə münasibət almaq mümkün olmayıb.

Heyvan haqları fəalları hesab edirlər ki, sahibsiz heyvanlara dəstək göstərmək əsasən dövlətin məsuliyyətidir, könüllülərin şəxsi fədakarlığı ilə məhdudlaşmamalıdır. Azərbaycan beynəlxalq səviyyədə heyvanların qorunması ilə bağlı bir neçə konvensiyaya qoşulub. Məsələn, Avropa Ev Heyvanlarının Qorunması Konvensiyası, Bern Konvensiyası və CITES. Lakin praktikada, xüsusən regionlarda, dövlət tərəfindən rəsmi heyvan sığınacaqları demək olar ki, yoxdur. Küçədə yaşayan yüzlərlə yaralı, xəstə və sahibsiz heyvanın taleyi isə əsasən könüllülərin şəxsi fədakarlığına bağlıdır. Mövcud qanunvericilik sığınacaqların texniki tələblərini müəyyən etsə də, onların maliyyələşdirilməsi və davamlı dəstəyi təmin olunmayıb. Zaqatala nümunəsi göstərir ki, regionlar üzrə belə boşluqlar həm heyvan rifahı, həm də ictimai məsuliyyət baxımından ciddi problemlər yaradır və dövlətin öhdəliklərini praktikada yerinə yetirmədiyi görünür.

Sabah, aprelin 4-də Sahibsiz Heyvanların Müdafiəsi Günü qeyd olunur. Heyvansevərlər isə küçədə yaşayan heyvanların yetəri qədər müdafiə olunmadığını və dövlətin qayğısından uzaq qaldığını deyirlər.

Ana səhifəSosialAzərbaycanın ən böyük heyvan sığınacağı bağlanmaq təhlükəsində: 400-dən çox it küçələrə düşə bilər