30 ildən çoxdur yaşadıqları yataqxanadan çıxarılırlar

Gəncədə 3 saylı Peşə Liseyinin yataqxanasında məskunlaşmış 10 ailədən 4-ü yaşadıqları mənzillərdən çıxarılır. 

Ailələr Meydan TV-yə bildirirlər ki, onlara kompensasiya və alternativ yaşayış yeri təqdim olunmadan binanı 90 gün ərzində tərk etmələri tələb edilib.

Sakinlərin sözlərinə görə, xəbərdarlıq məktubu fevralın 13-də Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən göndərilib. Məktubda qeyd olunur ki, həmin ailələr tələbələr üçün nəzərdə tutulmuş yataqxanada “qanunsuz” yaşayırlar və mənzilləri boşaltmadıqları təqdirdə məsələ məhkəməyə çıxarılacaq.

“Mərkəz ərazisində heç bir qanuni əsas olmadan əldə etdiyiniz mənzilin 90 gün müddətində boşaldılması tələb edilir. Əks halda, mənzil dövlət mülkiyyətinin zəbt edilməsi kimi qiymətləndirilərək məhkəmə qaydasında boşaldılacaq”, – məktubda deyilir.

Xəbərdarlıq məktubunu Şükufə Abdullayeva, Təranə Məmmədova, Svetlana Orucova və Xədicə Bağırova alıb.

“1993-cü ildən burada yaşayırıq”

Sakinlər bildirirlər ki, 1990-cı illərin əvvəllərində mənzilləri olmadığı üçün yerli icra orqanları tərəfindən müvəqqəti olaraq bu yataqxanaya yerləşdiriliblər. Xədicə Bağırova deyir ki, o, burada 1993-cü ildən yaşayır:

“Mənə hamilə vaxtımda yerim olmadığı üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən bura yerləşdirildim. İndi isə deyirlər 90 günə çıx. Mən hara gedim? Kirayə qalmağa imkanım yoxdur. Süpürgəçi işləyirəm, zorla dolanıram”.

Onun sözlərinə görə, ailələrin bir hissəsi rəsmi qeydiyyata alınmasa da, illərdir həmin ünvanda faktiki yaşayırlar, kommunal xidmətlərdən istifadə edir və dövlət qurumlarından məktublar da bu ünvana göndərilir.

“Bina qəzalıdır, su və qaz yoxdur”

Sakinlər yataqxanadakı şəraitin ağır olduğunu bildirirlər. Onların sözlərinə görə, binada qaz yoxdur, su həftədə cəmi üç gün verilir, kanalizasiya sistemi işləmir, otaqlar odun sobası ilə qızdırılır, bina isə qəzalı vəziyyətdədir:

“Kanalizasiya yoxdur, tullantılarımız birinci mərtəbəyə axır. Çimmək üçün onun-bunun qapısına gedirik. Siçovul, siçan içində yaşayırıq. Su üçün saatlarla növbəyə dayanırıq. Belə şəraitdə yaşayırıq, amma bunu da bizə çox görürlər”, – sakinlər deyir.Onlar bildirirlər ki, binada azyaşlı uşaqlar, əlilliyi olan şəxslər və xəstə yaşlı insanlar yaşayır.

“Gedəcək yerimiz yoxdur”

Sakinlər bildirirlər ki, alternativ yaşayış yeri təqdim olunmadan çıxarılsalar, evsiz qalacaqlar: “Biz buradan çıxarılırıqsa, heç olmasa haradasa yerləşdirsinlər. Gedəcək yerimiz yoxdur”.

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Bəs qanun nə deyir?

Azərbaycan qanunvericiliyi dövlət balansında olan mənzillərdə məskunlaşma və çıxarılmanı müəyyən qaydalarla tənzimləyir. Mənzil Məcəlləsinin 95-ci maddəsinə əsasən, dövlət və bələdiyyə balansında olan mənzillərdə qanunsuz məskunlaşma hallarında çıxarılma yalnız məhkəmə qərarı ilə həyata keçirilə bilər. Çıxarılma zamanı xüsusilə uşaqlar, əlilliyi olanlar və yaşlılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə, hər kəsin yaşayış hüququ var. Dövlət sosial təminat tədbirləri ilə həssas qrupların hüquqlarını qorumağa öhdəlik daşıyır. Uzun müddət eyni ünvanda yaşayan şəxslərin faktiki yaşayışı hüquqi baxımdan qorunur və kommunal xidmətlərdən istifadə onların “qeyri-qanuni” sayılmadığını göstərir.

Hüquqşünaslar bildirirlər ki, uzun müddət faktiki yaşayan şəxslərin alternativsiz köçürülməsi, xüsusilə aztəminatlı və həssas qruplara aid olduqda, mübahisəli hesab olunur və hər bir hal ayrıca qiymətləndirilməlidir.

Azərbaycanda dövlət balansında olan yataqxanalarda yaşayan bir sıra şəxslərin hüquqi statusu uzun illərdir mübahisə mövzusu olaraq qalır. Bu cür hallarda sakinlərin çıxarılması ilə bağlı qərarlar zaman-zaman müzakirələrə səbəb olub.

Ana səhifəBölgə30 ildən çoxdur yaşadıqları yataqxanadan çıxarılırlar