Yaxınları bundan əvvəl Nəsimi Musayevdən xəbər ala bilmədiklərini deyərək kömək istəmişdilər
Laçın istiqamətində hərbi xidmət keçərkən itkin düşən əsgər Nəsimi Rasim oğlu Musayevin Ermənistan ərazisində saxlanılıb. Bu barədə oktyabrın 1-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Qurumun açıqlamasına görə, Nəsimi Musayev sentyabrın 26-da xidmət yerində olmayıb və həmin gündən onun axtarışına başlanılıb. Axtarışlara Müdafiə və Fövqəladə Hallar nazirliklərinin qüvvələri cəlb edilib.
Baş Prokurorluq həmçinin Hərbi Prokurorluğun apardığı araşdırma zamanı Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair “əsaslı şübhələrin” müəyyən edildiyini açıqladı.
Faktla bağlı cinayət işi başlandı. Ancaq açıqlamada işin Cinayət Məcəlləsinin konkret hansı maddəsi ilə aparıldığı göstərilmirdi.
Nəsimi Musayevin yaxınlarının müraciəti bundan əvvəl Meydan TV-nin sosial media hesabında yayımlanmışdı.
Ailə üzvləri videoda əsgərdən sentyabrın 26-dan xəbər ala bilmədiklərini, onun taleyi barədə onlara dəqiq məlumat verilmədiyini bildirirdilər. Yaxınları həmçinin xidmət etdiyi hərbi hissənin komandirinin onları qəbul etmədiyini deyərək Prezident İlham Əliyevə və müdafiə naziri Zakir Həsənova müraciət etmişdilər.
Baş Prokurorluğun son açıqlamasında isə bildirilir ki, görülən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti də hadisə ilə bağlı məlumat yayıb.
Ermənistan tərəfinin açıqlamasına görə, sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə Azərbaycan hərbi hissələrindən birinin hərbi qulluqçusunun naməlum şəraitdə xidmət yerini tərk etdiyini bildirib.
Azərbaycan tərəfinin əsgərin Ermənistan sərhədini qanunsuz keçmiş ola biləcəyini də istisna etmədiyi qeyd olunur.
Ermənistan MTX bildirir ki, bundan sonra hər iki ölkənin aidiyyəti qurumları axtarış tədbirləri həyata keçiriblər.
Qurumun məlumatına görə, oktyabrın 1-də saat 14:15 radələrində Ermənistanın Sünik vilayətinin Şaki yaşayış məntəqəsində bir yerli sakinin ayağından güllələnməsi barədə polisə məlumat daxil olub.
Ermənistan tərəfi atəş açan şəxsin Azərbaycandan olan hərbi qulluqçu olduğunu və onun saxlanıldığını iddia edir.
Faktla bağlı Ermənistanın İstintaq Komitəsində də cinayət işi başlanıb. Azərbaycan Baş Prokurorluğunun açıqlamasında Ermənistan vətəndaşının yaralanması barədə məlumat və ya bu iddiaya münasibət yer almayıb.
Baş Prokurorluq Nəsimi Musayevin Ermənistanda olması və saxlanılmasının hallarının aydınlaşdırılması üçün Ermənistanın aidiyyəti qurumları ilə təmasların davam etdiyini bildirir.
Ermənistan mediası hadisə ilə bağlı əlavə detallar da yayıb. Sisiandakı tibb mərkəzinin direktoru Anik Qriqoryana istinadən xəbər verilir ki, hadisə zamanı yaralanan Şaki sakini 38 yaşlı qadındır.
Onun bud nahiyəsindən güllə yarası aldığı, güllənin ayaqda qalmadığı bildirilir. Xəstəxana rəhbərinin sözlərinə görə, qadının vəziyyəti stabildir və həyatı üçün təhlükə yoxdur.
Şaki sakinlərindən biri isə azərbaycanlı hərbçinin təxminən 4–5 gün əvvəl Ermənistan ərazisinə keçdiyini və həmin müddətdə onun tapılmadığını iddia edib. Bu iddia Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin açıqlamasında təsdiqlənmir.
Hələlik Nəsimi Musayevin sentyabrın 26-da hərbi hissədən hansı şəraitdə ayrıldığı, Ermənistan ərazisinə necə keçdiyi və həmin günlər ərzində harada olduğu açıqlanmır.