Siyəzəndə polis şöbəsində saxlanılan 31 yaşlı gənc ölüb

“Həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı müvəqqəti saxlama yerində qəfildən pisləşib”

Source: Specify Source


Polis gəncin evindən psixitrop maddə olan metamfetamin (“patı”) tapıldığını deyir

Avqustun 2-də Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan 1990-cı il təvəllüdlü Tural İsmayılov bir qədər sonra rayondakı Regional Diaqnostika və Müalicə Mərkəzində ölüb. Onun vəziyyətinin niyə pisləşdiyi, ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.

Daxili İşlər Nazirliyindən Meydan TV-yə verilən məlumata görə, 31 yaşlı Tural İsmayılov narkotik vasitələrin alqı-satqısında şübhəli bilinərək, saxlanılıb. Onun evinə baxış keçirilib və bu zaman 8 ədəd bükülüdə psixitrop maddə olan metamfetamin (“patı”) tapılıb. Bu səbəbdən Tural İsmayılov şübhəli şəxs qismində tutularaq, saxlanılması üçün Siyəzən Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilib.

“Həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı müvəqqəti saxlama yerində qəfildən pisləşib. Polis əməkdaşları tərəfindən o, dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, Tural İsmayılov orada ölüb”, – məlumatda bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, hazırda faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır: “Tural İsmayılovla eyni və qonşu kameralarda saxlanılan şəxslərin və növbədə olan polis əməkdaşlarının izahatları alınıb. Məhkəmə-tibb ekspertizası təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib. Digər zəruri prosessual hərəkətlər həyata keçirilib. Ekspert tərəfindən keçirilmiş ilkin xarici müayinə zamanı meyit üzərində hər-hansı xəsarət aşkar edilməyib. Araşdırmanın nəticəsindən asılı olaraq, qanuni qərar qəbul olunacaq”.

Ana səhifəBölgəSiyəzəndə polis şöbəsində saxlanılan 31 yaşlı gənc ölüb