“Oksigeni dozadan çox verib, ciyərlərini dağıtdılar”

“Alxas deyirdi ki, tibb bacıları dillərylə pul istəyir”

Source: Specify Source


COVİD-19-a yoluxmuş 55 yaşlı Şəki sakininin yaxınları onun həkim məsuliyyətsizliyindən öldüyünü iddia edirlər

“Alxasla hər gün danışırdıq. Deyirdi, həkimlər ona baxmır, deyirdi, burda (xəstəxanada) hər şey puldur, pul… Pulun yoxdursa, əl-ayağını uzat, öl… Adam aprelin 26-da öz ayağıyla getdi xəstəxanaya, orda vəziyyəti daha da ağırlaşdı. Qərara gəldik ki, o xəstəxanadan çıxaraq, başqa yerə aparaq, mayın 7-də getdik, gördük nəşini morqa aparmaq üçün maşına qoyurlar”.

Şəki sakini Rəfail Kazımov Meydan TV-yə danışır ki, yaxın qohumu, Şəkinin Sarıca kənd sakini, 55 yaşlı Alxas İsmayılov aprelin 26-da COVİD-19 diaqnozuyla Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusuna götürülüb. Mayın 7-də baxımsızlıq və məsuliyyətsizlik üzündən orada həyatını itirib.


“Deyirdi, mənə 8 gündə yalnız bir dəfə “Kleksan” vurulub, başqa heç nə…”

“Aprelin 26-da Alxası KT etdirdim, ağ ciyərində buzlu şüşə aşkar edildi. Vəziyyəti pis deyildi, ancaq evdə müalicə almaq istəmədi, dedi “xəstə var, uşaq var, gedib evdəkiləri də yoluxdura bilərəm”, ona görə də xəstəxana şəraitində müalicə olunmaq istədi. Təcili yardım çağırdıq, təcili yardım maşınıyla Gəncədəki 1 saylı xəstəxananın modul tipli korpusuna götürdük. Hər gün telefonla danışırdıq, ilk dəfə danışanda bizə “həkim deyir, 1-2 günə səni evə buraxacam, ev şəraitində müalicə olun, sən xəstəxanalıq deyilsən”, – dedi. Ancaq nədənsə, onu evə buraxmadılar. Alxas 8 gün idi xəstəxanadaydı, hər dəfə zəngləşəndə deyirdi ki, mənə 8 gün ərzində bircə dəfə “Kleksan” vurulub, başqa heç bir dərman verilməyib. Bir gün də zəng vurub dedi ki, məni reanimasiyaya köçürdülər, deyəsən, vəziyyətim ağırlaşır. Səsində dəyişiklik vardı, təngnəfəs idi…”, – Rəfail Kazımov deyir


“Kateter qoşanda sidik kanallarını zədələmişdilər”

Rəfail Kazımovun sözlərinə görə, tibbi heyət xəstəyə lazımınca diqqət göstərməyib:

“Biz Alxası özümüz analizə aparmışdıq, sonra xəstəxanaya yerləşdirmişdik. Bir neçə gün sonra həkimlərdən xahiş etdik ki, Alxasdan yenə analiz götürülsün, durumu öyrənilsin. Dedilər, biz analiz götürmürük. Məcbur olub özümüz yenə başqa özəl xəstəxanada öz cibimizin puluyla onun analizlərini verdik, nəticələrini xəstəxanaya təqdim etdik. Həkimlər bizə deyirdilər ki, vəziyyəti yaxşıdır. Biz də düşünürdük ki, əgər vəziyyəti yaxşıdırsa, reanimasiyaya niyə köçürülüb, niyə oksigen balonuna qoşulub? Sidiyə kateterlə çıxırdı, hətta həkimlər o qədər qeyri-peşəkar, məsuliyyətsiz yanaşmışdılar ki, kateter qoşarkən Alxasın sidiklik kanallarını zədələmişdilər, sidiyə qanla çıxırdı…”


“Dedik, gəlmişik xəstəmizi çıxarmağa, dedilər, ölüb, morqa göndəririk”

Rəfail Kazımov xəstəxanada xidmətə görə həkimlərə pul verdiyini də bildirir:

“Alxas deyirdi ki, tibb bacıları dillərylə pul istəyir. Mən özüm xəstəxanaya getdim, Turanə, İlhamə, Aygün adlı tibb işçilərinə pul payladım. Ondan sonra ona dərman verməyə başladılar, ancaq artıq gec idi, Alxasın vəziyyəti ağırlaşmışdı. Zəng vurub deyirdi “məni burdan çıxarın”. Zorla danışırdı, nəfəsi çatmırdı. Gördük ki, vəziyyəti düzəlmir, mayın 7-də sonuncu dəfə ailə üzvləriylə danışıb, deyib, məni burdan çıxarın. Qərara gəldik ki, gedək onu başqa xəstəxanaya köçürək. Elə həmin gün xəstəxanaya getdik, dedik, gəlmişik xəstəmizi aparmağa… Dedilər: “Xəstəniz keçinib, morqa göndəririk”. Alxas nə vaxt keçinib, bilməmişik, bizə xəbər etməyiblər. Bəlkə də həmin gün təsadüfən xəstəxanaya getməsəydik, öldüyündən xəbər tutmayacaqdıq”.


“Pullarını da götürmüşdülər”

“Alxası xəstəxanaya götürəndə mən cibinə 300 manat pul qoymuşdum. Özündə də pul vardı. Ancaq əşyalarını bizə qaytaranda o puldan cəmi 160 manat qalmışdı. Dediyim kimi, mən özüm də tibb bacılarına pul paylamışdım. Bunlar həkim deyil, ölüsoyandılar. Orda nələr eşitdik, ilahi… Xəstənin barmağından üzük çıxarmaq, xəstənin əşyalarını oğurlamaq… Daha nələr, nələr…”

14557221532868538766_1200x630.jpg
Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxana

Alxas İsmayılovun ailə üzvləri xəstəxana rəhbərliyindən ona aprelin 26-dan mayın 7-dək müalicə dövründə ona verilən dərman preparatlarının, qoşulan sistemlərin siyahısını tələb ediblər. Rəfail Kazımovun deməsinə görə, onlara bildirilib ki, onlara belə bir siyahı verə bilməzlər, çünki bu, xəstəxananın sirridir. Deyir, hətta Alxas xəstəxanaya götürülərkən xəstəxanaya verdikləri analiz cavablarını da xəstəxana onlara qaytarmaqdan imtina edib.

Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanasının baş həkimi Nurlan Rüstəmova Meydan TV-yə deyib ki, xəstə yaxınlarının iddiası əsassızdır:

“COVİD xəstələrinin yerləşdiyi korpusa heç kim buraxılmır, xəstə yaxınları heç korpusun həyətinə yaxın düşə bilmir. Belə olan halda haradan bilirlər ki, içəridə vəziyyət necədir? Mən bir baş həkim kimi deyirəm ki, xəstəxanamızda müalicə alanlara yüksək səviyyədə xidmət göstərilir. Pandemiyayla mübarizə çərçivəsində də hər bir vətəndaş lazımi şəkildə müalicə alır”.

Baş həkim digər ittihamları da rədd edir:

“Xəstənin cibindən pul oğurlanıb və yaxınları da heç nə demədən gediblər? Pasiyentin ölümü haqda da yaxınlarına məlumat verilib. Deyilən heç bir ittihamın əsası yoxdur”.

TƏBİB-dən məsələni araşdıracaqlarını desələr də, iki gün ərzində heç bir məlumat verilməyib.

Ana səhifəBölgə“Oksigeni dozadan çox verib, ciyərlərini dağıtdılar”