Nüfuzun təcavüzü

Kişilərdən təcavüz haqqında fikirlərini soruşsaq…

Source:

İnkişaf edən informasiya sektorunun statistika elminə etdiyi təsir midir bilinmir, amma son illərdə təcavüz hadisələrinin ciddi şəkildə artdığını göstərdi. Artıq hər gün bir təcavüz xəbərini qəzetlərdə, ya da elə birbaşa küçədə görürük. Bu durumun sosioloji və psixoloji olaraq bir çox səbəbinin olması açıq-aydın məlumdur. Mən isə bu yazı boyunca kişilərin təcavüzə baxışı üzərində durmağa çalışacağam.

Əlimizə bir mikrofon alıb küçələrə çıxsaq və kişilərdən təcavüz haqqında fikirlərini soruşsaq,istisnasız olaraq heç kim qəbul etməz, hətta böyük bir əksəriyyət belə bir durumla rastlaşarsa, münasibət bildirmədəm ötüb-keçməyəcəyini deyər. O halda, belə bir durum ortaya çıxır, cəmiyyətimizdə heç kim təcavüz hallarını təsdiqləmir, amma təcavüz halları Avropa ölkələri ilə nisbətdə daha çoxdur. Bunun altında ailə ənənəmiz və təhsil sistemimizin içində yerləşdirilmiş olan Avtoritar Təhsil Modeli yatmaqdadır. Daha dəhşətlisi isə təhsil sisteminin fərdlə işi qurtardığında artıq fərdin şəxsiyyətinə bu avtoritar təhsil modeli yerləşmiş olur.

Avtoritar təhsil sisteminin təməli qadağalardan gəlir. Bütün fərdlərə qadağalar öyrədilir və həyatları boyunca bu qadağalara uyğun davranmaları istənilir. Əks halda cəzalandırılacaqlar. Bu, çalışma etməkdən tutmuş, yeməyini vaxtında yeməyə qədər formalaşdırıla bilər. Bu təzyiq müddətində insan gündən-günə Pavlovun iti mövqeyinə gəlməkdədir. Fərdin yaşadığı həyat günah – cəza, ya da davranış – mükafat məngənəsinə endirilməkdədir.

Təcavüz hadisələrinə baxdığımızda isə çox zaman cəzaların tapılmadığını və ya kifayət etmədiyini düşünürük. Bu özünüaldatmadır. Əslində, buradakı əsas məsələ cəzaların kifayət qədər olmaması və ya heç olmaması deyil. Əsas problem fərdin avtoritar gücün aradan qaldırıldığında hər cür davranışı reallaşdıra biləcəyini düşünməsidir. Əgər etdiyi hərəkətin qarşılığında cəza almırsa, cəmiyyət tərəfindən tənqid olunmursa, insan etdiyini doğru qəbul edəcək. Cəzaları istədiyiniz qədər artırın, lap təcavüz hallarını Ağır Cinayətlərdə mühakimə edin, yenə də nəticə dəyişməz. Əgər fərd qaranlıq küçədə etdiyi təcavüzü mənfəət kimi görürsə, avtoritar gücün qəddarlığı ona əngəl olmaz. Dolayısı ilə, cəzaları artırmaq müvəqqəti həldir. Avtoritarlıq nə qədər güclü olursa, olsun, fərdlərdəki bu problem hər zaman qalacaqdır. Avtoritarlıq yox olduğu anda isə özünü yenidən şiddətli şəkildə biruzə verəcəkdir.

Bunun ən ağrılı nümunəsi döyüş günahlarıdır. Özünüidarəetmə qabiliyyəti olmayan hər bir fərd ona nəzarət edən avtoritar güc yox olduqda hər cür çılğın günah eləyə bilər.

Ölkəmizdə kişilərin, çox təəssüf ki, əsas dünyagörüşü budur. İnsanlara təcavüz etməyən fərdlərdən isə bunun səbəblərini soruşduqda, bir qisminin dini səbəbləri əsas göstərməsi də mahiyyət etibarı ilə eynidir. Davamlı olaraq onu izləyən, ona nəzarət edən ilahi bir avtoritar gücdən qorxmaq günahı əngəlləyə bilir. Fəqət sadəcə dini qorxularla günaha və təcavüzə təşəbbüs etməyənlər, əgər dini inancları hər hansı bir səbəbdən zəyiflərsə, aşırı dərəcədə günaha meyilli olacaqlar.

Bu səbəblə, təcavüz və günah nisbətlərini azaltmaq üçün, təhsil sisteminin fərdlərə özünüidarəetmə bacarıqlarını qazandırması lazımdır. Amma ibtidai sinif şagirlərinin həkim deyil də, məmur olaraq karyera qurmağı düşündüyü ölkədə bu olduqca uzun və zəhmətli bir vaxt tələb edəcək.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəNüfuzun təcavüzü