“Toplum TV”-nin polisə aparılan əməkdaşı sərbəst buraxılıb

Cavid Ramazanov “Toplum TV” işinə görə sorğu-sual edilib

“Toplum TV”-nin əməkdaşı, yazar Cavid Ramazanovun aprelin 27-də səhər saat 11.00 radələrində küçədə saxlanılaraq zorla aparıldığı bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, sonradan onun Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığını müəyyənləşdiriblər.

Onun “Toplum TV” ilə bağlı cinayət işi üzrə saxlandığı bildirilib.

Daxili İşlər Nazirliyi də Cavid Ramazanovun istintaqda olduğunu təsdiqləyib.

Nazirlikdən bildirilib ki, Cavid Ramazanovun barəsində həbsə alternativ növdə qətimkan tədbiri var.

O, müəyyən sualları cavablandırması üçün istintaqa dəvət olunub.

Qanuna görə, yalnız təqsirləndirilən şəxsin barəsində həbs və ya ona alternativ növdə (başqa yerə getməmək, polis nəzarətinə vermə və s.) qətimkan tədbiri seçilə bilər.

Bu günə qədər Cavid Ramazanovun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə məlumat yox idi.

Yaxınlarının bildirdiyinə görə, aprelin 27-də Cavid Ramazanov saxlandıqdan sonra onun hüquqlarının müdafiəsi üçün vəkili Bakı şəhər Baş Polis İdarəsinə getsə də, onu istintaqa buraxmayıblar, order tələb ediblər.

Daha sonra vəkil orderlə Polis İdarəsinə gedib.

Cavid Ramazanov saatlarla sorğu-sual edildikdən sonra saat 19:22 radələrində sərbəst buraxılıb.

Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında “Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəSiyasət“Toplum TV”-nin polisə aparılan əməkdaşı sərbəst buraxılıb