Siyasi düsturun dürüstlüyü

Azərbaycan. Foto: GR.Stocks/shutterstock

Zərdüşt Əlizadə

Məne-biçarə bu düsturu təkbaşına həll edə bilməyəcəyəm

Ömrüm boyu həyatı məntiqi qavramaq naminə hansısa qanunauyğunluq aramışam, tapanda sevinmişəm, bəzi hallarda bu qanunun dürüstlüyünə şübhə yarananda, şübhənin təsdiqlənməsi və ya dağıdılması üçün çalışmışam. Təbii ki, bu qanunauyğunluqların 99%-ni məndən əvvəl bəşəriyyətin zəkalı insanları tapıb insanlara əyan etmişlər, sıravi bizlərə qalıb həyatın bu hikmətlərini dərk və əxz etmək, onlardan istifadə edib Allahın yaratdığı bu əcaib və əsrarəngiz dünyaya heyrətlə baxmaq, sevinmək və şükr etmək.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Belə hikmətli qanunauyğunluqlardan biri hər hansı bir dövlətin xarici və daxili siyasətinin vəhdət təşkil etməsi fikridir. Sadə dillə desək, “xarici siyasət daxili siyasətin davamıdır” fikri təsdiqini minlərlə dəfə sübut etmiş siyasi tənlikdir. Yəni daxili siyasətdə ağıllı və mülayim siyasət yürüdən dövlət xarici siyasətində də eyni ağıl və mərifəti sərgiləyir.

Azərbaycan dövləti deyəndə, təbii ki, heç kəs Prezident Aparatının işçilərini, Milli Məclisin deputatlarını və ya Allah eləməsin, əksəriyyəti dünyadan bixəbər bəxtəvərliklə zindəganlıq edən, Mirzə Cəlilin və Mirzə Ələkbər Sabirin dahiyanə istedadla təsvir etdiyi sıravi azərbaycanlıları nəzərdə tutmur. Azərbaycan dövləti deyəndə cəmi-əhli-Azərbaycan və bizimlə yanaşı, dünya siyasətçiləri Prezident İlham Əliyevi görür və tanıyır, Azərbaycan Respublikasının Konstitusiyasından bixəbər olsalar belə, onun “Azərbaycan dövlətinin başçısı” adlı 8-ci maddəsinin 4 bəndinin hamısı ilə razıdır. Yəni Prezident Azərbaycan dövlətini təmsil, xalqın vahidliyini təcəssüm və təmin edir, beynəlxalq müqavilələrə riayətin və məhkəmə hakimiyyətinin təminatçısıdır. Vəssalam-şüttəmam. Daha heç nə qalmadı. Şahənşahi əzəm.

Bizim məmləkətdə Qarabağla bağlı son üç il yarım ərzində vaqe olmuş hadisələr məndə xarici və daxili siyasət arasında sarsılmaz ahəngin mövcudluğu barədə düstura dərin şübhə oyatdı.

Bir tərəfdən, Qarabağ müşkülü ilə son 35 il sərasər məşğul olduğumdan, bu barədə qalaq-qalaq kitab və məqalə oxuduğumdan, müxtəlif  ictimai səviyyələrdə onlarla görüş və danışıqda iştirak etdiyimdən çox gözəl anlayırdım ki, Prezident İlham Əliyev bu düyünün açılması naminə nə qədər mürəkkəb və incə siyasət yürüdür. Nəinki yaranmış fürsətlərdən bacarıqla istifadə edir, hətta ustalıq və bəsirətlə belə fürsətlərin yaranması və yetişməsi üçün zəruru şərtləri ya özü yaradır, ya da yaranmasına kömək edir.

Rusiya öz xoşunamı 44 günlük müharibənin ilk mərhələsində sanki bitərəf qalmışdı? Xeyr, bu “sanki bitərəfliyi” Prezident İlham Əliyevin Rusiyaya yönəlik 20 illik siyasəti qaçılmaz etmişdi.
Müstəqilliyimizdən sonra azı 20 il ərzində münaqişədən “ehtiram məsafəsi” saxlamağa cəhd edən Türkiyə lapdanmı Azərbaycanın “bir numara” müttəfiqinə çevrildi, cənab Ərdoğan təsadüfdənmi “Müharibəyə qatılan üçüncü tərəf qarşısında Türkiyəni görəcək” dedi? Xeyr, bu müttəfiqliyin yaranması üçün xeyli siyasi, iqtisadi və hərbi səylər sərf edilmişdi.

Gürcüstan öz xoşunamı hərbi yüklərin öz ərazisi üzərindən daşınmasını qadağan etmişdi? Xeyr, bu qadağa böyük iş və məsrəfin nəticəsi idi.

KTMT üzvü, əslində Ermənistanın rəsmi müttəfiqi olan dövlətlərin hamısı bu müharibədə Ermənistanla deyil, Azərbaycanla həmrəy olanda, bizim qara gözümüzə aşiq olmuşdularmı? Xeyr, ortada böyük müştərək iqtisadi və siyasi maraqlar dururdu və onların təmin edilməsi üçün Azərbaycan Prezidenti uzun illər boyu böyük zəhmət çəkmişdi.

Ermənistandan Azərbaycana qarşı zopa kimi istifadə edən İran öz xoşunamı bizim qələbəmizi tanıdı? Xeyr, ruhani rəhbərlik İranın daxili əhvali-ruhiyyəsini və islam dünyasının rəğbət istiqamətini duyduğundan belə mövqeyi məcburən tutdu.

Müharibəni başlayan Azərbaycan Prezidenti bunun üçün niyə 2020-ci ilin sonunu seçdi? Çox sadə səbəbə: Avropanın başı tacu-l-vəbaya, Amerkanın başı hakimiyyət davasına qarışmışdı, heç kəsin yadına uzaq Qafqazda hansısa iki balaca dövlətin qovğası düşmürdü.

Müharibə dövründə ümumi bilik və dünyagörüş səviyyəsi plintusdan yuxarı olmayan milli KİV-i dondurub informasiya müharibəsini təkbaşına aparmaq qərarını da Prezident İlham Əliyev özü vermişdi və bu qərar dövlətimizə böyük uğur gətirdi. Bu qərarın sayəsində bilik və dünyagörüş səviyyəsi plintusdan da aşağı olan erməni KİV-i müharibə dövründə darmadağın edildi.

Rus sülhməramlılarının Qarabağda yerləşməsinə razılıq qərarını da mən böyük siyasi bacarığın əlaməti saymışdım. Müxalifətin əyalət səviyyəli liderlərindən fərqli olaraq mən əmin idim və bu barədə dəfələrlə yazmışdım ki, Rusiyaya belə birtərəfli imtiyazın verilməsinin məqsədi içi Rusiya olmaqla “mütərəqqi” Qərbi bizim qələbəmizin legitimliyini tanımağa məcbur etmək, BMT TŞ-də bizə qarşı çıxarıla biləcək qərarları zərərsizləşdirməkdirdir.  Bu təxminim də öz dürüstlüyünü və Prezident İlham Əliyevin Qarabağ siyasətinin bacarığını sübut etdi.

KTMT üzvü, əslində Ermənistanın rəsmi müttəfiqi olan dövlətlərin hamısı bu müharibədə Ermənistanla deyil, Azərbaycanla həmrəy olanda, bizim qara gözümüzə aşiq olmuşdularmı? Xeyr, ortada böyük müştərək iqtisadi və siyasi maraqlar dururdu və …

Bütün bu dürüst siyasi gedişləri müşahidə etdikcə içimdə bir rahatsızlıq oyanırdı: aya, xarici və daxili siyasətin ahəngdarlığı düsturu yanlışdırmı? Axı, bir tərəfdən, bütün bu uğurlu xarici siyasət dövründə Prezident İlham Əliyev, o biri tərəfdən, mənim rəyimə görə, tam yarıtmaz daxili siyasətini böyük əzm və inadla davam etdirirdi.

Bu siyasətin məqsədi cəmiyyəti əzmək, vətəndaşların konstitusion azadlıq və hüquqlarını məhdudlaşdırmaq, həyat amalı korrupsiya olan məmur zümrəsinin ağalığını möhkəmləndirmək, Azərbaycan dövlətinin şənini dünya hadisələrinin məcrasını müəyyənləşdirən Qərb dünyasında yerə çırpmaq idi. Bu siyasətin zirvəsi dövlətimizin Avropa Şurasında üzvlüyünün dondurulması və bizə qarşı Aİ-nin Parlamentinin qınayıcı qətnaməsi oldu.

Buradan da təbii bir sual yaranır: ya uğurlu Qarabağ siyasətinin məqsədi vətənə və xalqa deyil, yalnız Prezidentin şəxsi siyasi hakimiyyətinin möhkəmlənməsinə xidmətdir, ya da daxili və xarici siyasətin vəhdəti düsturu kökündən yanlışdır.

Necə olur, Qarabağı azad edəndə Prezidentin xarici siyasəti xalqa və vətənə xidmət edir, vətəndaşların konstitusion hüquqlarını tapdalayanda, iqtisadiyyatı boğan, qiymətləri bahalaşdıran inhisarçılığı ərşə qaldıranda, Azərbaycanı rüsvayi-cahan edəndə Prezidentin daxili siyasəti yenə də xalqa xidmət edir? Nə təhər olur xarici və daxili siyasətin belə qəribə vəhdəti?

Dəyərli oxucum, sizi də dəvət edirəm düşünəsiniz, bu xarici və daxili siyasətin vəhdəti düsturu doğrudur, ya yanlış?
Məne-biçarə bu düsturu təkbaşına həll edə bilməyəcəyəm.

Ana səhifəMənim FikrimcəSiyasi düsturun dürüstlüyü