Utanın, yerin dibinə girin!

Foto: Azərbaycan Güləş Federasiyası

Turan Muxtar

Mən Çamizonu tanımıram, amma özümüzü tanıyıram

İtaliyalı oğlan – Frank Çamizo Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalında azərbaycanlı güləşçi Turan Bayramova məğlub olması ilə bağlı səs-küy salanda, açığı, ona inanmışdım. Çamizo iddia etmişdi ki, Azərbaycan tərəfi bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edib. Sonra da demişdi ki, onun rüşvətdən imtina etməsindən sonra turnirin təşkilatçıları pulu hakimlərə veriblər.

Mən Çamizonu tanımıram, nə qatarda, nə taksidə, nə bir restoranda, nə də hansısa başqa bir yerdə qarşılaşmışıq. Nə yeyir, nə içir, hobilləri nələrdir, xarakteri necədir, qətiyyən məlumatım yoxdur. Amma mən özümüzü – azərbaycanlıları tanıyıram. Tanıdığım azərbaycanlıların Parisdə keçiriləcək olimpiadaya lisenziya almaq üçün rəqib idmançıya və hakimlərə 300 min dollar rüşvət təklif edə biləcək qədər əxlaqsız, saxtakar olduqlarına inanıram.

Elə Çamizonun etirazlarından və İtaliya Güləş Federasiyasının şikayətindən sonra Dünya Güləş Birliyi də azərbaycanlıları tanıyıb. Bu görüşün hakimi və nümayəndələrinin 2-8 ay müddətinə diskvalifikasiya edilməsi qərara alınıb. Bunlar Roman Pavlov, Əli Sayvan, Aleksey Bazulin, Kamel Buaziz, İbrahim Çiçioğlu və Keysi Qesledir. Bayramov isə görüşün qalibi olaraq qalıb. Çünki qaydaya əsasən, qalib döşəkdə elan edildikdən sonra görüşün nəticəsi dəyişdirilə bilməz.

Xülasə, iddialara görə, Azərbaycan Güləş Federasiyası Azərbaycan xalqının haqqı olan 300 min dolları uduzması üçün əvvəlcə italiyalı idmançıya təklif edib, onun imtinasından sonra görüşün hakimlərinə. Çamizo ilə Bayramovun görüşünü idarə edən hakimlərin cəza almasından sonra məlum olur ki, Azərbaycan Güləş Federasiyası hakimləri pulla ələ ala bilib.

Nə deyəsən? “Utanmırsız, ölüb yerə girmirsiz” sualı versən, nə faydası var?

Hə, mən Çamizonu tanımıram, amma özümüzü – azərbaycanlıları tanıyıram. Və əminəm ki, bu azərbaycanlılar bu günədək müxtəlif idman növləri üzrə, müxtəlif yarışlarda, turnirlərdə rəqib idmançılara, hakimlərə dəfələrlə, ətək-ətək pullar təklif ediblər. Utanın, yerin dibinə girin!

Ana səhifəMənim FikrimcəUtanın, yerin dibinə girin!