Sevil Məmmədova

Mənbə: Meydan TV

Başlıq: Sevil Məmmədova

İmişli sakini: Adam uşaqdan da utanır

“İnsanların dolanışığı o qədər ağırdır ki, həyətlərindəki fəhləlik işinə də pul xərcləmirlər”

66 yaşlı İmişli sakini Sevil Məmmədovanın ailəsi dəmir yığmaqla məşğuldur. Küçədən yığdıqları dəmirləri satıb, dolanırlar. Deyir, bəzən günlərlə əllərinə normal material keçmir. Bu zaman pulları da olmur. Belə günlərdə 5 nəfərlik ailənin dolanmağı çətinləşir:

“Aztəminatlı ailəyik, rayon yeridir, normal iş də yoxdur. Pandemiya dövrüdür, başlanğıcda insanlara kömək etdilər, sonradan onu da dayandırdılar. Onu da deyim ki, həmin vaxt icra hakimiyyətinin nümayəndələri məhəlləmizdəki kasıb ailələrə yardım payladı, biz kənarda qaldıq”.

Sevil Məmmədova deyir ki, pandemiyadan əvvəl oğlu şadlıq evlərində ofisiantlıq edib. Bəzən fəhləliyə də gedirmiş:

“Ancaq pandemiyadan sonra toylar dayandı, ofisiant işi batdı. İnsanların dolanışığı o qədər ağırdır ki, həyətlərindəki fəhləlik işinə də pul xərcləmirlər, gördüklərini özləri görür, görmədikləri də qalır. Elə özüm də həyət-bacalarda iş olanda gedirdim. İndi heç bir iş yoxdur. Budur bir ildən artıq müddətdir ki, əzab-əziyyət içindəyik”.

Sevil Məmmədova deyir ki, indi əllərində qalan yeganə iş dəmir toplamaqdır. Oğlu bütün günü küçələrdə dəmir toplayır, axşamlar topladığını aparıb təhvil verir, ordan aldığı pulla ərzaq alıb evə dönür:

“Daha uşaqlar makaronun üzünə baxmırlar, beziblər. Nə qədər eyni şey bişirmək olar? Adam uşaqdan da utanır. Düzdür, mənim pensiyam var, 230 manat alıram. Amma özümün də min bir dərdim var, yaşlı adamam, iynə-dərmana verirəm. Çox vaxt hər şeyə çatmır da”.

Sevil Məmmədova çətinliklə yeridiyini söyləyir. Həkimə getməlidir, ancaq pulunu toplaya bilmir:

“Çəliklə gəzirəm, həkimə getmək lazımdır, pul yoxdur. Problemlərim olmasa, canım sağlam olsa, inanın özüm də işləyib dolanardım. Qalmışam 230 manatlıq pensiyanın ümidinə. Onunla dolanmaq olar? Heç nəyə çatmır. Pensiya olduğu kimi qalır, amma dərman qiymətləri, ərzaq günü-gündən bahalaşır. Mənim də oynaqlarım yeyilir, dərman-iynə lazımdır, birini alıram, biri qalır. Hər şey od qiymətinədir. Bəzi aylar işıqdan, sudan, qazdan, nə bilim uşaqların boğazından kəsib özümə dərman ala bilmirəm”.

Sevil Məmmədovanın digər oğlu Bakı şəhərində kirayədə qalır, alver edir, birtəhər dolanırmış. Deyir, pandemiya vaxtı hər yer bağlandı. İşləmədikcə, qaldığı evin kirayəsini də ödəyə bilməyib. Bir ara onlar da İmişliyə gəlib:

“Bir evin içində 9 nəfər olduq. Zülm çəkdik. Heç nəyi çatdıra bilmirdik, dolanmaq olmurdu. Dəfələrlə aidiyyatı qurumlara demişik, kömək əli uzadan olmayıb. Nolar, bizə də yardım etsinlər. Ya da bu restoranları açsınlar, camaat toylarda ofisiantlıq edib, dolanırdı. Heç deyilsə, buna şərait yaratsınlar. Bu gün rayonlarda minlərlə insanın gəliri toyxanalardan çıxır. Camaat necə dolanmalıdır?”

İmişli Rayon İcra Hakimiyyətindən ailənin vəziyyəti ilə maraqlanacaqlarını deyiblər:

“Pandemiya vaxtı çox ailəyə yardımlar olundu. Kasıb insanlara ərzaq paketləri paylandı. Bizə müraciət etməyiblər, etsəydilər, onlara da kömək olardı. Restoranlarda toyların olmaması isə bizim qərarımız deyil. Pandemiya ilə mübarizə üçün atılmış addımdır”.

2019-cu ilin sonu Çində yaranıb dünyaya yayılan COVİD-19 virusundan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Bundan sonra bir çox ölkədə olduğu kimi Azərbaycanda da ictimai iaşə obyektləri bağlanıb, toy və yas məclislərinin təşkilinə qadağalar qoyulub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ygzndh

Ən çox baxılan