“Döyüşə gedəndə düşünmürdüm ki, bir gün Mehdi Səlimzadəyə ağız açacam”

“Gah dedilər, həmin ərazi Məşğulluq Mərkəzinin fövqəladə vəziyyət üçün yoludur, gah da memarlığın üzərinə atdılar və məni başlarından etdilər”.

Source: Meydan TV


Göyçaylı qazi icra hakimiyyətindən narazıdır

“Müharibədə can qoydum, yaralandım. Hospitallarda çox yaxşı qayğı gördüm, amma yaşadığım rayon üçün eynisini deyə bilmərəm. Aldığım travmalara görə işləyə bilmirəm və müalicə üçün pulum olmur. Bir neçə dəfə rayon icra hakimiyyətinə müraciət etdim, bir-iki dərman alıb, yola saldılar. Ondan sonra bir də mənimlə maraqlanmadılar. Problemim isə 1-2 dərmanlar düzələn şey deyil”.

İkinci Qarabağ Müharibəsi iştirakçısı, Göyçay rayon Səyyaf Xəlilov küçəsinin sakini 26 yaşlı Mehman Əsgərov belə deyir.

O, müharibəyə könüllü qatılanlardandır. Deyir, yaşadığı Göyçay rayonunda buna qiymət verən yoxdur. Belə ki, icra başçısı Mehdi Səlimzadə bir dəfə də onunla maraqlanmayıb, qəbul etməyib:

“Məni sayıb ziyarətə gəlməyəcəklərini anladım və özüm xəstə halda birtəhər yatağımdan qalxıb şəhər icra nümayəndəsi Rəşad Şükürovun qəbuluna getdim. Mənimlə maraqlanıb icra başçısına məlumat vermək əvəzinə, müalicəmin bir qismini təşkil edən xırda-para dərman preparatları aldı. Sonradan anladım ki, Rəşad Şükürov icra başçısından daha insaflı imiş. Ən azından nəsə etmişdi”.

Şikayətçi deyir ki, bundan sonra bir neçə dəfə Mehdi Səlimzadənin də qəbuluna gedib. Hər dəfəsində icra hakimiyyətinin başqa əməkdaşı ilə görüşdürülüb:

“Qəbullarda ailəmin maddi durumunun ağır olduğunu, əmək qabiliyyətimin olmadığını söylədim, yardım istədim. Dedim, heç bir sosial müavinət və ya pensiya almırıq. Şəhərin mərkəzində təxminən 15 kv metr boş yer var. Yalvardım ki, orada qeyri-yaşayış obyektinin tikintisinə başlamağım üçün mənə icazə sənədi verilməsinə kömək etsinlər. Aldığım cavab müxtəlif bəhanələrdən ibarət oldu. Gah dedilər, həmin ərazi Məşğulluq Mərkəzinin fövqəladə vəziyyət üçün yoludur, gah da memarlığın üzərinə atdılar və məni başlarından etdilər”.

“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canımı verməyə hazır idim. Döyüşə gedəndə düşünmürdüm ki, bir gün möhtac olacam və gəlib Mehdi Səlimzadəyə ağız açacam. Döyüşdən gəlmişəm deyə heç kimə minnət etmirəm. Çünki vətən anadır və biz millət olaraq onu təmənnasız müdafiə etməyə borcluyuq. Yenə lazım olsa, bu halımla belə olsa, gedərəm. Sadəcə demək istəyirəm ki, sağlamlıq əldən gedib, əvvəlki kimi hər işi görmək mümkün deyil. Bir balaca duyarlı olsunlar, sonrakı həyatımızı qura bilməyimizdə yardım etsinlər”, – Mehman Əsgərov deyir.

O, döyüşə həyəcanla, ürəklə, könüllü getdiyini söyləyir:

“Öncə Goranboyda hərbi hissənin, daha sonra isə Ağdam rayonunda yerləşən hərbi hissənin tərkibində döyüşlərə qatıldım. Vətən mənim canımdır və hətta canımdan da artıqdır. İşğal edilmiş əraziləri azad etdikcə, daha da yüksək əhval-ruhiyyədə olurduq. Mən Azərbaycanın, xüsusən də Qarabağın gözü olan əziz Şuşanın tezliklə azad olunmasını həsrətlə gözləyirdim. Bu səbəbdən də dəfələrlə komandirlərimizə "məni də Şuşamın azadlığı uğrunda gedən döyüşlərə göndərin", – deyə müraciət etmişdim. Lakin komandirlərim mənə olduğum yerdə döyüşləri davam etdirməyimi əmr etdikləri üçün arzumu həyata keçirə bilmədim. Buna baxmayaraq, ruhdan düşmədim. Əksinə, böyük həvəslə döyüşürdüm”.

img-20210213-wa0038.jpg
Arayış

Mehman Əsgərov daha sonra yaralandığını xatırlayır. Deyir, yaxınlığına top mərmisi düşüb və o xəsarət alıb. İlkin tibbi yardımdan sonra Ağdamın Sarıcalı hospitalına göndərilib. Vəziyyəti ağır olduğundan buradan Ağcabədidəki Diaqnostika Mərkəzinə köçürülüb:

“Səhhətimin ağırlaşması səbəbindən məni təcili Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirdilər. Orada müayinə, müalicə və əməliyyat olunduqdan 30 gün sonra məzuniyyətə göndərildim”.

Mehman Əsgərova qoyulan diaqnoz sənədində bildirilir ki, o, hərbidə müxtəlif travmalar alıb:

“Açıq-aşkar qeyd edilir ki, bu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış travmalardır. Diaqnozum müştərək, açıq kəllə-beyin travması, sağtərəfli alın sümüyünün içəriyə basılmış qəlpəli sınığı, baş-beyin əzilməsi, subaraxnoidal qansızma, sağtərəfli alın nahiyəsinin epidural hematoması, sağ ağciyərin əzilməsi və intraparenxematoz yad cismi (qəlpə), sağtərəfli hemotaraksdır. Bu, sağtərəfli hematomanın və sümük qəlpələrinin xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyətdir”.

Bütün bu travmalarla Mehman Əsgərov hərbidən dekabrda tərxis olunub.

Qazi Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Baş prokuror Kamran Əliyevə, dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyevə, müdafiə naziri Zakir Həsənova, ədliyyə naziri Fikrət Məmmədova, Ombudsman Səbinə Əliyevaya, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, ictimai nəzarət koalisiyasının sədri Rasim Məmmədova, Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadəyə vəziyyətini izah edən məktublar göndərib.

Həmin məktublarda bildirib ki, yaşadığı Göyçay rayonunun rəhbərliyi ona etinasız yanaşır:

“Nəinki mənə, tanıdığım bir çox şəhid ailəsi, qazi və veteran var. Mehdi Səlimzadə onlardan da xəbərsizdir. Məktublarda real durumdan danışmışam”.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə problemi araşdırıb, məlumat verəcəklərini bildirsələr də, sonradan zənglərə cavab verməyiblər.

Ana səhifəBölgə“Döyüşə gedəndə düşünmürdüm ki, bir gün Mehdi Səlimzadəyə ağız açacam”