Doğan, yaradan, ana rəhminin adı ilə…

İlk vətənimiz anamızın bədənidir…

Source:

Qədim insanlar var olanları iki yerə bölmüşlər: doğub-törəyənlər, bar verənlər və doğmayanlar, bar verməyənlər; dişi və erkək, yaxud, qadın və kişi. (Qənaətimcə, cinsli dillərin meydana gəlməsi də bu amillə əlaqədardır. Orta cins, məncə, daha sonralar yaranıb). Dünya xalqlarının mifologiyasında ağacın, canavarın, dağın, daşın, suyun və s. insan doğmasına və qadınla eyniləşdirililməsinə aid çoxlu sayda örnəklər vardır.

Beləliklə, qadınlar, dişi heyvanlar, bar verən ağaclar, məhsul verən torpaq və s. eyni cinsdən sayılmış və buna görə də bütövlükdə yaratma bacarığı feminin qabiliyyət kimi təsəvvür edilmişdir.

İnsanların yaratdığı ən qədim sənət nümunələri, mağara rəsmləri və heykəllərin təxminən 40-45 min il yaşı var. Maraqlıdır ki, bunların hamısı qadın rəsmləri və heykəlləridir. Belə hesab edilir ki, onlar sitayiş nəsnəsi kimi yaradılıb. Tunc dövrünədək gonbul, iri döşlü (bərəkət rəmzi kimi), geniş yançaqlı (doğuş, yaratma rəmzi kimi), kobud, sağ və sol tərəfində pələnglərlə taxtda oturan (hakimiyyət rəmzi kimi) ana tanrıça müqəddəsləşməkdə davam edir. Lakin Tunc dövründən sonra patriarxallıq qüvvətləndikcə, ana tanrıça heykəlləri öz nüfuzunu itirməyə, get-gedə “arıqlamağa” və “zərifləşməyə” başlayır. Bu, həm də qadına qarşı münasibətin göstəricisi idi. Qədim dövrə aid olan bütlər artıq bir neçə qarın doğmuş, müasir ifadəylə desək, “qızlıq fiqurasını” itirmiş, təcrübəli, hökmlü, dolu bədənli analardır. Sonrakı dövrün qadın fiqurlarından isə erotizm, zəiflik, qorxaqlıq və ürkəklik yağır. Başqa sözlə, qadında analıq əvəzinə seksuallıq önə çıxmağa başlayır. Belə qadın təqdimatı günümüzədək aktuallığını qoruyur.

Yeri gəlmişkən, qadın adı kimi bu gün də istifadə edilən “sənəm” sözü vaxtilə “büt”lərə deyilirdi və onun digər mənası gözəl qadın deməkdir. “Sənəm” sözündə qadın-büt eyniliyinin izlərini görürük. Bütlərə isə monoteist dinlərədək allah kimi sitayiş edilirdi. Deməli, büt-qadın eyniliyi əslində allah-qadın eyniliyi deməkdir Sonralar “büt”, “sənəm” epitetlərinə divan ədəbiyyatında bol-bol rast gəlinəcək: “Allahu əkbər, ey sənəm!” (İ.Nəsimi), yaxud, “Heyrət ey büt, surətin gördükdə lal eylər məni.” (M.Füzuli) və s.


İlk vətənimiz anamızın bədənidir

Bir sıra araşdırmaçıların fikrincə, törədici kimi hər şeyin özülündə dayanan, mənası ilkin maddə demək olan “materiya” sözü – latınca “mater”, ingiliscə “mother”, rusca “мать”, almanca “die Mutter” sözləri ilə eyniköklüdür; mənası ana deməkdir. Yəni, qadın ilkin maddi başlanğıcdır.

İlk vətənimiz anamızın bədənidir.

Qənaətimcə, aylarla ana bətnində suyun içində qalan və dünyaya suyla gələn insanın, dünyada ilk yaradıcını dişi su biçimində təsəvvür etməsi məntiqlidir. (Şumer miflərində tanrıça Nammu, yunanlarda tanrıça Qaia və s.)

Türklərin dinini araşdıran J.-P.Roux belə hesab edir ki, türklərdə bərəkət və doğum tanrıçası “(H)Umay” – ana rəhmi (plasenta) deməkdir.

Təsəvvüf filosoflarının qadınla bağlı görüşlərini “Sufi gözüylə qadın” adlı kitabında işıqlandıran S.Uludağ, İbn Ərəbinin ana rəhmiylə Allahın adları olan Rəhman və Rəhim arasında əlaqə qurduğundan bəhs edir. Yəni, Rəhman, Rəhim adlarının “doğan”, “ana rəhmi”, “ana bətni”, “analıq orqanı” kimi mənaları vardır. Deməli, “Bismillahirrahmanirrahim”lə sözə başlayan hər bir müsəlman əslində, şəfqətli, mərhəmətli, bəsləyici “Doğan, Yaradan, Ana rəhminin, Analıq orqanının adıyla” deyərək sözə başlayır.

Feminist teologiyanın qurucusu C.Halkesə görə də ivrit dilində “rachum” (mərhəmətli) ilə “rechem” (rəhim) sözləri eyniköklü qohum sözlərdir.

(Bu sözlər sonralar ərəb dilinə keçib, həm də hər iki dil sami dil ailəsinə mənsubdur).

Halkes hətta monoteist dinlərdə də Allahın qadın cinsinə və xüsusiyyətlərinə malik olmasını əsaslandırır.

Hindistanda əvvəllər qadın cinsində olan, sonralar isə kişi cinsinə çevrilmiş tanrılardan biri Şivanın məkanı “Garbha griha”, yəni “rəhim evi”, “analıq orqanı evi” adlanır.

Ana rəhminin ilkin yaradıcı olması və yeri-göyü doğması Çin dünyagörüşünün təməllərindən olan Dao fəlsəfəsində də mövcuddur. Daoizmin ana kitabı “Dao De Çinq”in 6-cı şerində deyilir:

“Vadi ruhu olümsüzdür.

Deyirlər ki, qaranlıq bir dişiymiş o

qaranlıq dişinin qapısı (rəhmi)

köküymüş göyün, yerin.

Durmadan, yorulmadan

təsir edər dörd bir yana.”

Ö.Tulqana görə bu şeirdə “ “Qaranlıq dişi” həm mistik, sirrlə dolu qadınlığı, başqa sözlə, Yini, batiniliyi, daxililiyi simvollaşdırır, həm də Çin dilində “ana bətni”, “ana rəhmi”, “analıq orqanı” mənasına gəlir. “Qaranlıq dişinin qapısı” həm hər cür mövcudatın doğuluşunun tablosunu rəsm edir, həm də “sirrlər sirri” olan “bütün möcüzənin qapısını” – Daonu assosiasiya edir.”

Anadolu tanrıçası Kibele də “Həyatın rəhmi” kimi təqdim edilir.


“Doğdu günəş qırmızı…”

Bir çox xalqların miflərində təkcə yerin deyil, günəşin də çıxdığı məkan ana bətni biçimində təsvir edilir. Məsələn, qədim misirlilərə görə, göy qübbəsi kosmik inək görünüşündə olan tanrıça Hatxorun qarnı və bətnidir. Hatxor, günəş tanrısı Horusu səhərlər doğub, axşamlar bətninə qaytarır. Anadoluda Çatalhöyükdə bir divar rəsmində tanrıçanın qarnında bir dairə və dairənin də ortasında nöqtə çəkilib. Burada da tanrıçanın qarnının (rəhminin) günəşin evi olması göstərilir (Y.Cıbıroğlu). Dilimizdə hələ də saxlanılan “günəş doğ(ul)du, “ay doğ(ul)du”, “quyruq doğ(ul)du, “ulduz doğ(ul)du” ifadələri də belə miflərlə əlaqəlidir. Yeri gəlmişkən, deyim ki, əslində Türkiyə türkləri doğulmağa doğmaq deyərkən bizdən daha çox haqlıdırlar və biz doğulmaq felini yalnız göy cisimlərinə tətbiq edərkən doğru işlədirik.


Rəhmdən gəlib rəhm(ət)ə getməyimiz

J.G.Frazerin, G.Tümerin, Y.Cıbıroğlunun, J.Campbelin, R.Briffaultun, M.Gimbutasın K. Armstrongun və b. arxaik dönəmlərə aid araşdırmalarında, tanrıça və tanrıların evi sayılan məbədlərin, eləcə də məzarların ana bətni və analıq orqanı biçimində hazırlanmasından bəhs edilir.

Hətta şumer ilahilərinin birində “axşam yeməyinə çörək doğan soba” haqqında danışılır! (S.N.Kramer).

Son dərəcə mühüm bir məqama da diqqətinizi cəlb etmək istəyirəm. M.H.Çığın yazılarına əsaslanaraq deyə bilərik ki, şumerlilər həbsxanaları da ana bətni formasında tikiblər! Mənası da bu olub ki, cəza evindən çıxan adam günahlarından təmizlənmiş halda yenidən doğulur! İndi də hansısa fiziki və ya mənəvi bir ağrıdan qurtulduqdan sonra “anadan yeni doğulmuş kimiyəm” ifadəsini işlədirik. Yeni doğulmuş çağa ana bətnindən dünyaya su ilə gəldiyinə görə yuyunmuş və təmiz sayılırdı, amma sonralar qadının murdar elan edilməsiylə bu düşüncə dəyişdirildi. Məsələn, xristianlığa görə insan dünyaya günahkar və murdar gəlir və ona görə də xaç suyuna salınıb vaftiz edilməlidir. Yunan dilində “vaptizo”dan törəyən bu sözün mənası “suya batırmaq”, “yumaq” deməkdir.

İraqda, Hindistanda, Anadoluda (Çatalhöyükdə), Misirdə, Fələstində və Ürdün torpaqlarında və s. ana rəhmi və analıq orqanı quruluşunda dairəvi (ana bətni) və üçbucaq (analıq orqanı) şəklində onlarla məbəd, mağaralar və məzarlar var.

Azərbaycanın müxtəlif bölgələrində arxeoloji qazıntılar zamanı tapılmaqda olan küp qəbirlər də ana bətnini imitasiya edir.

Hələ də bir çox bölgələrdə tapıntılar zamanı görülür ki, qəbirlər ana bətni formasında, içindəki cəsədlər isə ana bətnindəki körpə kimi yarımbükülü vəziyyətdədir. Bu cür dəfn edilmə hətta Neandertal qəbirlərində də görülür!

Qədim insanlar özlərini təbiətdən ayırmadıqlarına görə yenidən doğuluşa inanırdılar. Məsələn, öüb-dirilən tanrılar (Dumuzidən İsayadək) qışda təbiətin ölüb yazda yenidən dirilməsini simvollaşdırır. Ana bətni biçimində olan qəbirlərin anlamı ölənin yenidən doğulmaq üçün ana bətninə qaytarılması demək idi.

Yuxarıda Allahın adları olan Rəhman, Rəhim haqqında bəhs etmişdik. Bu sözlərin işığında ölmüş birisinə nə üçün “rəhmətlik”, ya da “Allahın rəhmətinə” getdi” dediyimizin mənasını görmək olar. Quranda yazılır: “O, istədiyi kimsəni öz rəhmətinə daxil edər…” (76/31)

Küp qəbirlər və digər məzar formalarından başqa ana bətni kimi təsəvvür edilən mağaraların da həm məzarlıq, həm də məbəd funksiyasını daşıdığı bəllidir. Həm miflərdə, həm fəlsəfə mətnlərində (məsələn, Platonun məşhur mağara mifi), həm də təkallahlı dinlərin kitablarında mağaraların feminin mənalarıyla bağlı çoxlu nümunələr vardır.

Qədim Anadolu inancına görə Ana tanrıça Kibele tanrıları mağarada dünyaya gətirir.

Kültür tarixçiləri ev quruculuğu və memarlığı da qadın peşəsi hesab edirlər. Və Afrikadan tutmuş Amerikaya, Asiyaya, Orta Anadoluya, qədim türk məskənlərinədək olan ərazilərdə (xüsusilə, matrilokal ailə dönəmlərində) insanların yaşadığı evlərin qadınlar tərəfindən inşa edildiyinə dair çoxlu faktlar var. Bu evlərin qurulmasında (məsələn, dairəvi kümbəzlər, çadır evlər, qübbələr və s.) ana bətni simvolundan bol-bol istifadə edilib.

Qədim Misirdə yazı və ölçü tanrıçası Seşat olması da təsadüfi deyil. (Sonralar bu allah da transseksuallaşdı, cinsini dəyişib kişi tanrı Tota çevrildi).

B.G.Walkerin fikrincə, Seşat həm də sayların, heroqliflərin, saxlanılan qeydlərin tanrıçası olmaqla yanaşı, “Kitabların xanımı”, “İnşaatçı ölçüsünün xanımı” kimi adlara sahib olub. Qədim Şumerdə də tanrıça Nidaba da həm yazı, həm də inşaatçıların tanrıçası olub.

Beləliklə, ümumiləşdirək:

1.Yer, günəş və insan ana bətnindən doğulur.

2.İnsanlar yaşayış məskənlərini və müqəddəs məkanlarını (tanrıçaların evini) ana bətni bənzərində inşa edirdilər.

3.Həbsxanaları da yenidən doğulma anlamında ana bətni formasında tikirdilər.

4.Qəbirləri ana bətni formasında (insanın bir daha doğulacağına inanıldığı üçün) düzəldirdilər.

Müqəddəsləşdirilmiş, allahlaşdırılmış, hər canlının ilk vətəni, ilk yolu olan ana bətni, analıq orqanı bəs nədən sonralar tabuya cevrildi: həm söyüş və təhqir nəsnəsi, həm də qorunması lazım gələn, adı belə çəkilməyən, ləkələnməsindən və ya ləkələnməməsindən ötrü ölümlərə yol açan namus və əxlaq simvolu oldu?

Növbəti yazılarım bu suallar ətrafında olacaq.

Ana səhifəMənim FikrimcəDoğan, yaradan, ana rəhminin adı ilə…