12 noyabr 2026-cı ildə Azərbaycan ilə Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bəyannamənin giriş hissəsində hər iki dövlət ikitərəfli əlaqələrin gücünü, dərinliyini və dinamizmini qəbul edərək, qarşılıqlı hörmətə, ortaq maraqlara və praktik əməkdaşlığa əsaslanan münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq üçün ortaq qətiyyətlərini ifadə ediblər.
Bəyannamənin əsas hissəsi üç bölmədən ibarətdir: 1. Müdafiə və Təhlükəsizlik; 2. Ticarət, İnvestisiya və Artım; 3. Təhsil və İnnovasiya.
Müdafiə və təhlükəsizlik hissəsində Azərbaycan ilə Birləşmiş Krallıq müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, məhkəmə və hüquqi əməkdaşlığı formalaşdırmaq, hüquq-mühafizə orqanları arasında tərəfdaşlıq və sərhəd idarəçiliyini təmin etməyi qarşılarına məqsəd qoyurlar. Bəyannamənin Ticarət, investisiya və artım hissəsində tərəflər Orta Dəhlizin inkişafını dəstəkləyəcəklərini, bərpaolunan enerjinin inkişafı üzrə əməkdaşlıq edəcəklərini bildiriblər. Təhsil və innovasiya sahəsində isə tərəflər təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlığı dərinləşdirəcəklərini qeyd ediblər.
Cənubi Qafqazda fərqli yanaşma: Ermənistan və Gürcüstan demokratiyanı vurğulayır, Azərbaycan isə yox
Ancaq, tərəflər bəyannamənin heç bir yerində demokratiya, insan haqları, ədalətli seçki kimi mövzulara toxunmayıblar. Məsələni maraqlı edən nüans odur ki, bir neçə ay əvvəl Birləşmiş Krallıq ilə Ermənistan arasında da strateji əməkdaşlıq haqqında bəyannamə imzalanmışdı. Həmin sənəddə Birləşmiş Krallıq və Ermənistan İdarəetmə və Demokratik Müqavimət başlığı altında demokratik dəyərlərə, şəffaf və effektiv idarəetməyə sadiq olacaqlarına söz veriblər. Bundan əlavə, tərəflər azad və ədalətli seçkinin, müstəqil mətbuatın və vətəndaş cəmiyyətinin əhəmiyyətini vurğulayıblar. 2025-ci ildə Birləşmiş Krallıq Gürcüstan ilə də eyni məzmunlu sənəd imzalayıb. Həmin sənəddə də demokratiya, insan haqları, hüququn aliliyi, mətbuat azadlığı kimi dəyərlərə sadiqlik hər iki dövlət tərəfindən vurğulanıb.
Birləşmiş Krallıq ilə Azərbaycan arasında əvvəlki bəyannamələr
12 noyabrda bağlanan bəyannamənin giriş hissəsində iki mühüm sənədə istinad edilir. Bunlardan biri 1994-cü il 23 fevral tarixində imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, digəri isə 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamədir. 1994-cü ildə imzalanmış sənədin tam mətninə açıq mənbələrdə rast gəlmək olmasa da, sənəd imzalanandan sonra Prezident Heydər Əliyev çıxışı zamanı insan haqları və demokratiya mövzularına toxunmuşdu:
“Bizim daxili siyasətimiz hüquqi demokratik dövlət, demokratik cəmiyyətin yaradılmasına, Azərbaycanda demokratiyanın inkişafı üçün hər cür şəraitin təmin olunmasına, demokratik prinsiplərin, siyasi plüralizmin və çoxpartiyalı sistemin bərqərar edilməsinə, insan hüquqlarının müdafiəsinə, şəxsiyyət azadlığının, söz, mətbuat, vicdan azadlıqlarının, milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidələrindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının hüquq bərabərliyinin təmin olunmasına yönəldilmişdir” (Müstəqilliyimiz Əbədidir, İkinci Kitab, səh. 337-338).
1998-ci il bəyannaməsində də demokratiya və insan haqları mövzularına toxunulub. Bəyannamədə deyilir:
“Azərbaycan və Birləşmiş Krallıq demokratik təsisatların daha da inkişaf etdirilməsi sahəsində və beynəlxalq inkişaf departamentinin Noy-Hay Fondu tərəfindən texniki yardım proqramları vasitəsilə kömək göstərilməsi də daxil olmaqla, Azərbaycanda səmərəli bazar iqtisadiyyatının yaradılmasında əməkdaşlığı davam etdirəcəklər.” (Müstəqilliyimiz Əbədidir, Onaltıncı Kitab, səh. 353).
Həmçinin 1998-ci ildə Prezident Heydər Əliyevin imzaladığı Birləşmiş Krallıq ilə partnyorluq münasibətlərinin genişləndirilməsi tədbirləri haqqında sərəncamında da demokratiya, insan haqları, demokratik islahatlar kimi mövzulara yer verilmişdi.
Göründüyü kimi, Birləşmiş Krallıq ilə diplomatik münasibətlərdə müstəqilliyin ilk illərində hələ də demokratiya və insan haqları kimi mövzular gündəmdə idi. Ancaq təxminən 30 il sonra imzalanan strateji əməkdaşlıq haqqında bəyannamədə artıq bu mövzu çıxarılıb.
Son illərdə beynəlxalq sənədlərdən insan haqları mövzusu çıxarılır
Azərbaycan hökumətinin son illərdə imzaladığı strateji tərəfdaşlıq sənədlərində insan haqları mövzuları tamamilə gündəmdən çıxarılıb. Elə bu ilin əvvəlində Azərbaycan Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyada da heç bir insan haqları və demokratiya mövzuları qeyd edilməyib. İnsan haqlarının qeyd olunduğu bəyannamə, maraqlıdır ki, Çin və Azərbaycan arasında imzalanıb və hər iki ölkə insan hüquqlarının ən ciddi pozulduğu ölkələr sırasındadır. Ancaq bu bəyannamədə belə insan hüquqları ölkə daxilində olan diskursa uyğun olaraq təqdim edilib. Belə ki, bəyannamədə tərəflər bəyan edirlər ki, insan hüquqları adı altında dövlətlərin daxili işlərinə müdaxiləyə qarşı çıxırlar.
“İnsan hüquqları adı altında daxili işlərə müdaxilə” narrativi Azərbaycan hökumətinin ən çox istifadə etdiyi narrativlərdən biridir.
Ancaq son illərə qədər Azərbaycanın digər dövlətlərlə imzaladığı strateji tərəfdaşlıq sənədlərində insan haqları və demokratiya mövzularına toxunulurdu. Məsələn, 2017-ci ildə Polşa və Latviya ilə, 2014-də İtaliya ilə imzalanan sənədlərdə insan haqları və demokratiya mövzusuna toxunulub.
Azərbaycan və Birləşmiş Krallığın qızıl ticarəti
Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi münasibətlər uzun illərdir davam edir. 2025-ci ilin rəsmi statistikasına görə Birləşmiş Krallıq Azərbaycanın xarici ticarət dövriyyəsində 1,14 milyard dollar ilə 8-ci yeri tutur. 2026-cı ilin yanvar-sentyabr aylarında isə Birləşmiş Krallıqla xarici ticarət dövriyyəsi artıq 3,7 milyard dollara çatıb. Birləşmiş Krallıq ilə ticarətin maraqlı tərəfi odur ki, Azərbaycanın ənənəvi ixrac məhsulu olan neft və qaz məhsulları 2026-cı ildə Azərbaycanın Birləşmiş Krallığa ixracatında kiçik yer tutur. Belə ki, 3,7 milyard ticarət dövriyyəsinin 3,5 milyard dolları Azərbaycandan Birləşmiş Krallığa satılan qızıl və digər metal məhsulları (Qızıl, sikkə kəsilməsi üçün olmayan, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər və digəri) olub.
Həmçinin Birləşmiş Krallıq Azərbaycanın ən böyük investorlarından biridir. Bu ilin iyununda energetika nazirinin müavini Orxan Zeynalovun verdiyi açıqlamaya görə Birləşmiş Krallığın Azərbaycana qoyduğu investisiyanın həcmi 39,9 milyard dollar olub ki, bunun da təqribən 37 milyardı enerji sektoruna cəlb edilib. Bu investisiya həcmi Birləşmiş Krallığı Azərbaycanın ən böyük xarici investoru edib.
Həmçinin 2025-ci ilin oktyabrında Birləşmiş Krallıq 1992-ci ildə Azərbaycana qoyduğu silah satışı ilə bağlı embarqonu da götürüb.
Beləliklə, Azərbaycan və Birləşmiş Krallıq arasında imzalanmış strateji tərəfdaşlıq sənədində insan haqları və demokratiya mövzuları qeyd edilmir. Birləşmiş Krallıq ilə digər region ölkələri olan Gürcüstan və Ermənistan arasında imzalanan eyni tipli sənədlərdə isə insan haqları və demokratiya mövzularına toxunulub. Diqqət çəkən məqam, Azərbaycanın son illərdə imzaladığı beynəlxalq sənədlərdə ümumiyyətlə insan haqları mövzusunun kölgədə qalmasıdır.