Həbs edilən vəkillər arasında Ramiz Mehdiyevin qızının, Qarabağdakı keçmiş separatçı qurumun rəhbərlərindən birinin və Müdafiə Nazirliyinin keçmiş yüksək rütbəli zabitinin hüquqlarını müdafiə edən şəxslər var.
Azərbaycanda son bir həftədə üç vəkil saxlanılıb.
Noyabrın 14-dən 19-dək Raman Abışov, Elçin Əmirov və Orxan Kəngərli barəsində cinayət təqibi aparıldığı məlum olub. Onlardan ikisi hədə-qorxu ilə tələb etmək və dələduzluqda, digəri isə güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.
Həbs edilən vəkillər kimlərdir, indiyədək hansı məhkəmə işlərində iştirak ediblər və kimlərin hüquqlarını müdafiə ediblər?
Ramiz Mehdiyevin qızının vəkili
İlk həbs xəbəri noyabrın 14-də yayılıb. Həmin gün vəkil Raman Abışovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığı məlum olub.
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan Abışov barəsində məhkəmənin qərarı ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Onun müdafiə etdiyi şəxslərdən biri Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır.
Abışov Kamilə Əliyevanın əmlak məsələləri üzrə hüquqlarını müdafiə edib. Bu işlərdən biri “Bakı Oksford Məktəbi”nin binası ətrafında yaranmış mülkiyyət mübahisəsi ilə bağlı olub.
Məktəb binası “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilən əmlaklar sırasında yer alıb.
Kamilə Əliyeva isə həmin əmlakda 50 faizlik payının olduğunu bildirərək mülkiyyət hüquqlarının pozulduğunu iddia edib. O, müsadirə qərarı ilə əlaqədar məhkəmə mübahisəsi aparıb.
2025-ci ilin aprelində Bakı Apellyasiya Məhkəməsi Əliyevanın şikayətini əsassız hesab edib.
Raman Abışovun həbsi Ramiz Mehdiyevin özünün cinayət məsuliyyətinə cəlb olunmasından bir neçə həftə sonraya təsadüf edib. Oktyabrın 22-də Mehdiyev barəsində 14 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası çıxarılmışdı.
Bununla belə, Abışovun saxlanılmasının Mehdiyevin ailəsinin əmlak mübahisələri ilə bağlı olduğuna dair təsdiqlənmiş məlumat və yaxud iddia mövcud deyil.
Bakıda mühakimə olunan Davit İşxanyanın vəkili
Noyabrın 16-da daha bir vəkilin, Elçin Əmirovun həbs edildiyi məlum olub.
Bakı şəhəri 9 saylı Vəkil Bürosunda çalışan Əmirov vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
Əmirovun iştirak etdiyi işlərdən biri Qarabağdakı keçmiş separatçı qurumun rəhbərlərinin Bakıda keçirilən məhkəməsi olub.
O, separatçı qurumun keçmiş parlament sədri Davit İşxanyanın müdafiəçisi kimi çıxış edib.
2025-ci il dekabrın 4-də Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə Əmirov müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Həmin məhkəmədə İşxanyanla yanaşı, Qarabağdakı keçmiş separatçı qurumun rəhbərləri Arayik Harutyunyan, Bako Sahakyan, Arkadi Qukasyan və digər şəxslər də mühakimə olunublar.
Əmirovun hazırkı cinayət işinin bu prosesdəki vəkillik fəaliyyəti ilə əlaqəli olduğunu göstərən məlumat yoxdur.
Keçmiş yüksək rütbəli hərbçini müdafiə edən vəkil
Noyabrın 19-da isə “Alyans” Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli polis tərəfindən saxlanılıb.
“APA” İnformasiya Agentliyi onun həbs olunduğunu bildirib. “Oxu.az” isə Kəngərlinin də daxil olduğu beş nəfərin saxlanıldığını, əməliyyat zamanı güclü təsir edən maddələr aşkarlandığını yazıb.
Məlumata görə, faktla bağlı “Cinayət Məcəlləsi”nin 240-cı – güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi başlanıb.
Kəngərlinin indiyədək müdafiə etdiyi şəxslər arasında Müdafiə Nazirliyinin keçmiş baş zabiti Zahid Niftəliyev də olub.
Niftəliyev Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, eləcə də Təhsil-tədris və Elmi tədqiqatlar idarələrində xidmət edib. Onun adı keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovla yaxınlığı barədə mətbuat məlumatlarında da hallanıb.
2023-cü ilin fevralında Tərtər Hərbi Məhkəməsində keçirilən prosesdə Kəngərli Zahid Niftəliyevin müdafiəçisi qismində iştirak edib.
Həmin işdə Niftəliyev rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamlarla üzləşmişdi.
Kəngərli məhkəmədə müdafiə etdiyi şəxsin hərbi qulluqçuların xidmət yerini dəyişmək və ya onları ordudan ehtiyata buraxmaq səlahiyyətinin olmadığını bildirmişdi.
Vəkilin adı daha əvvəl, 2019-cu ildə başqa hadisə ilə əlaqədar da gündəmə gəlmişdi.
O, müvəkkilini müdafiə etmək üçün getdiyi polis bölməsində zorakılığa məruz qaldığını iddia etmişdi. AzadlıqRadiosunun həmin vaxt yaydığı məlumata əsasən, məhkəmə-tibbi ekspertizası Kəngərlinin bədənində xəsarətlər müəyyən etmişdi.
Vəkillər Kollegiyası nə deyir?
Vəkillərin ard-arda saxlanılması fonunda noyabrın 18-də Vəkillər Kollegiyası 2026-cı ilin əvvəlindən bəri aparılmış intizam icraatlarının statistikasını açıqlayıb.
Kollegiyanın məlumatına görə, ilin əvvəlindən 123 intizam işi başlanıb və həmin işlər üzrə 102 qərar qəbul edilib.
Qərarlar əsasında altı vəkil Kollegiyadan xaric olunub, 27 vəkil cərimələnib, 11 vəkilə xəbərdarlıq, doqquzuna isə töhmət verilib. İki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.
Kollegiyadan xaric olunan, fəaliyyəti müvəqqəti dayandırılan və digər xüsuslarda intizam tədbirlərinə cəlb edilən vəkillər barədə ətraflı məlumat mövcud deyil.
Cinayət ittihamı ilə saxlanılan vəkillər bu statistika yer almayıblar və Vəkillər Kollegiyasının həbslərlə bağlı rəsmi mövqeyi yoxdur.