Raul Vallenberg İnsan Hüquqları Mərkəzi (Raoul Wallenberg Centre for Human Rights) Azərbaycanda noyabrın 18-də ilk dəfə qeyd olunan Siyasi Məhbuslar Günü ilə bağlı bəyanat yayıb.
Təşkilatın sosial şəbəkə hesabında yayımlanan bəyanatda Azərbaycanda fundamental azadlıqların sistemli şəkildə məhdudlaşdırıldığı bildirilib.
“Prezident İlham Əliyevin hakimiyyəti dövründə müstəqil media susdurulub, vətəndaş cəmiyyəti institutları dağıdılıb, jurnalistlər, alimlər və siyasi opponentlər həbs olunublar”, – bəyanatda deyilir.
Həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan sədri Əli Kərimli, Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdıq (Əhmədova), iqtisadçı alim Qubad İbadoğlu və onun qardaşı Qalib Bayramovun işlərinə də diqqət çəkilir.
Təşkilat bu şəxslərin işlərinin siyasi repressiyaların insanlara vurduğu zərəri nümayiş etdirdiyini vurğulayıb.
“Siyasi fikir ayrılığı cinayət deyil. Özbaşına həbslərə son qoyulmalıdır”, – deyə bəyanatda qeyd olunub.
Azərbaycanda Siyasi Məhbuslar Gününün təsis edilməsi təşəbbüsü 2026-cı il iyunun 1-də həbsdə olan jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə bəyanatı ilə irəli sürülüb.
Təşəbbüs müəllifləri hər il noyabrın 18-nin Siyasi Məhbuslar Günü kimi qeyd edilməsini təklif ediblər. Bu tarix 2007-ci il noyabrın 18-də həbsdə olarkən aclıq aksiyası zamanı həyatını itirən siyasi fəal Faina Kunqurovanın xatirəsinə həsr olunub.
Günün 2026-cı il noyabrın 18-dən etibarən hər il qeyd olunması nəzərdə tutulub.
Müxtəlif yerli və beynəlxalq insan hüquqları təşkilatları Azərbaycanda siyasi motivli həbslərlə bağlı narahatlıqlarını ifadə ediblər. Son hesabata görə, hazırda ölkədə 322 siyasi məhbus var. Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə həbs olunması ilə bağlı ittihamları qəbul etmir.