İnanclı məhbusun Umbakıya köçürülməsinə ailəsindən etiraz: “Niyə belə düşmənçilik edirlər?”

Tural Vəliyev. Foto: Facebook səhifəsi

Hicab qadağasına etiraz olaraq aclıq aksiyası keçirən və buna görə işgəncəyə məruz qalaraq cəza kamerasına salındığı bildirilən inanclı məhbus Tural Vəliyev indi də Umbakıya köçürülür.

Bu barədə Meydan TV-yə məlumatı məhbusun ailəsi verib.

Ailəsinin bildirdiyinə görə, Tural Vəliyev noyabrın 19-da qısa telefon danışığı zamanı başqa müəssisəyə köçürüləcəyini bildirib. Köçürülmənin səbəbi barədə isə heç nə deməyib.

Ailəsi deyir ki, Tural Vəliyev aclıq etdiyi üçün oktyabrın 15-də 17 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qalıb, oktyabrın 23-dən isə cəza kamerasında saxlanılıb. Onlar iki həftə ərzində məhbusun vəziyyəti və harada saxlanılması barədə məlumat ala bilməyiblər. Yaxınları onun Umbakıya köçürülməsinin aclıq aksiyası ilə əlaqəli olduğunu düşünürlər.

Yaxınları məhbusun Umbakıya göndərilməsindən narahatdır. Bildirirlər ki, Vəliyevin hazırda  saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsi ailəsinə daha yaxın olduğundan onunla görüşmək nisbətən asandır. Onlar köçürülmədən sonra isə görüşlərin çətinləşəcəyindən ehtiyat edirlər:

“Niyə belə düşmənçilik edirlər? Fikirləşmirlər ki, onun arxasınca necə gediləcək? Həyat yoldaşı ağır xəstədir. Ailəsinin maddi durumu da yaxşı deyil”.

Sentyabrın 21-də Nazirlər Kabineti məktəblərdə şagird geyim qaydalarına dəyişiklik edib. Qərarda hicabın adı birbaşa çəkilməsə də, geyimin məktəbli formasının vahidliyinə və təhsilin dünyəvi prinsiplərinə uyğun olması tələbi yer alıb. Bundan sonra məktəblərdə hicablı şagirdlər, həmçinin müəllimlər dərslərə buraxılmayıb.

Bundan sonra etirazlar olub və Daxili İşlər Nazirliyi 37 nəfəri ictimai asayişi pozmaqda və qanunsuz hərəkətlərdə iştirak etməkdə ittiham edərək saxlayıb. 

Həbsdə olan bir qrup inanclı məhbus da etiraz aksiyasına başlayıb. Onlar hicabla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını tələb edərək aclıq aksiyası keçiriblər.

Noyabrın 16-da isə dini inanclı şəxslərin hüquqlarının müdafiəçisi Arzu Abdulla məlumat yayıb ki, 17 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirən inanclı məhbuslar kütləvi şəkildə döyülüb və işgəncələrə məruz qalıblar.

Məsələ ilə bağlı aidiyyəti qurumlar münasibət bildirməyib.

Tural Vəliyev «Müsəlman Birliyi» Hərəkatının üzvüdür. O, 12 mart 2023-cü ildə saxlanılıb. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (satış məqsədilə külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, hazırlanması, istehsalı, emalı, daşınması, göndərilməsi və ya satışı) ittiham irəli sürülüb.

2024-cü il fevralın 5-də  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Sədri Taleh Bağırzadə də daxil olmaqla, Müsəlman Birliyi Hərəkatının rəhbər şəxsləri hazırda həbsdədirlər. Onlar 2015-ci il noyabrın 26-da Nardaran hadisələri zamanı həbs ediliblər. Bundan sonra da həbslər davam edib.

Həbs olunanların böyük əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir, saxta ittihamla cəzalandırıldıqlarını deyirlər.

Tural Vəliyevin adı Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın hazırladığı siyasi məhbus siyahısında yer alıb. Siyahıda ümumilikdə 322 nəfərin adı var. Onların çoxu inanclı şəxslərdir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir. Rəsmi mövqeyə görə, heç kim siyasi baxışına və ya fərqli düşüncəsinə görə həbs edilmir, məhkum olunan şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilirlər.

Ana səhifə ▸ Siyasət ▸ İnanclı məhbusun Umbakıya köçürülməsinə ailəsindən etiraz: “Niyə belə düşmənçilik edirlər?”