12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan dini inanclı məhbus Alim Yusifov cəza kamerasına salınıb. O, noyabrın 18-də kameraya yerləşdirilib və 6 günlük intizam cəzası alıb.
Məhbusun həyat yoldaşı Türkan Əhmədovanın Meydan TV-yə verdiyi məlumata görə, hadisəyə noyabrın 14-də ailə görüşü zamanı baş verən mübahisə səbəb olub.
Əhmədovanın dediyinə görə, iki günlük ailə görüşü zamanı onlardan otaqdan istifadə üçün 70 manat tələb edilib. Pul verməkdən imtina edən Alim Yusifovla müəssisə əməkdaşları arasında mübahisə yaranıb.
“Görüşə girəndə otağın suyunu kəsdilər. İki gün ərzində nə mətbəxdə, nə də hamam və tualetdə su var idi. Hətta Alimdən pul istədilər ki, otağa görə pul verməlisən”, – Türkan Əhmədova bildirib.
Onun sözlərinə görə, Alim Yusifov pul tələbinə etiraz etdikdən sonra müəssisənin rəisi Cavid Səfərov da hadisəyə müdaxilə edib və belə bir ödənişin olmadığını deyib:
“Rəis gəldi, dedi ki, nə pul, səndən kim pul istəyib? Bildirdi ki, həbsxana otaqlarında ailələrin görüşünə görə pul verilmir. Alim isə etiraz etdi ki, necə yəni pul verilmir? Bizdən başqa ailələr də var, onlar görüşə çıxanda 70 manat veriblər. Bizdən də 70 manat istəyirdilər”.
Məhbusun həyat yoldaşı bildirib ki, tələb olunan 70 manat onun Şəmkirdən Bakıya gediş-gəliş xərcinə bərabərdir.
Əhmədovanın sözlərinə görə, müəssisədə məhbuslardan və onların ailə üzvlərindən müxtəlif xidmətlərə görə pul tələb olunur. O, həyat yoldaşının cəza kamerasına salınmasının da baş verən mübahisə ilə əlaqəli olduğunu düşünür.
Meydan TV məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənə bilməyib.
Şəmkir sakini Alim Yusifov 2024-cü il yanvarın 31-də həbs olunub. Yusifov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə qanunsuz əldə etmə və ya saxlama, istehsal etmə, daşınma, köçürmə və ya satış – külli miqdarda narkotik vasitələr və ya psixotrop maddələrlə bağlı əməllər) maddəsi ilə ittiham olunur. 2024-cü il mayın 6-da Gəncə Ağır Cinayətlər Məhkəməsi Alim Yusifovu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Ailəsi və özü ittihamları qəbul etmir. Onlar Alim Yusifovun dini inancına görə həbs olunduğunu bildirirlər.
Bu, Alim Yusifovun ikinci həbsidir. O, 2018-ci ildə Gəncədə icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və bundan sonra iyulun 10-da baş verən etiraz aksiyası ilə əlaqədar saxlanılıb. 2019-cu ilin mayında Gəncə Ağır Cinayətlər Məhkəməsi onu 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2023-cü ilin dekabrında əfv olunaraq azadlığa buraxılıb.
Alim Yusifovun adı Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın hazırladığı siyasi məhbus siyahısında yer alıb. Siyahıda ümumilikdə 322 nəfərin adı var. Onların çoxu inanclı şəxslərdir.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir. Rəsmi mövqeyə görə, heç kim siyasi baxışına və ya fərqli düşüncəsinə görə həbs edilmir, məhkum olunan şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilirlər.