Azərbaycanın mərkəzində müasir quldarlıq – Fəhlə danışır

İllər keçsə də, 46 yaşlı şəxs hələ də Azərbaycanda məcburi işlədilən işçi kimi qarabasmalar görməkdən bezib.

Source: Svetlana Tiourina

"Həqiqətən çətin vəziyyətdə idik", – Seudin Zoletiç əlavə etdi – "pulsuz, yeməksiz, heç bir şeysiz".

İllər keçsə də, 46 yaşlı şəxs hələ də Azərbaycanda məcburi işlədilən işçi kimi qarabasmalar görməkdən bezib.

"Bu həyatımda əbədi olaraq iz buraxdı", – o deyir.

Zoletiç hazırda Bosniya və Herseqovinanın şimal-şərqində əsasən işçilərin məskunlaşdığı məmləkəti Zivinicedə yaşayır. Uzun boylu, kübar biri olan bu şəxs hekayəsini danışmaq üçün OCCRP müxbiri ilə bir neçə ay ərzində üç dəfə görüşüb.

Hər tərəfi siqaret dumanı bürümüş, arxa fonda pop musiqi çalan yerli bir kafedə siqaret çəkdikdən sonra Zoletiç aylardır uzaq bir ölkədəki iş yerində keçirdiyi vaxtları xatırladı. O, ölkə rejiminə qarşı ədalət uğrunda verdiyi uğursuz mübarizəsindən danışdı və axır ki, bu il Avropa Məhkəməsinin əliylə bu ədaləti tapacağına ümid etdiyini söylədi.

Zoletiç, ailə mövzusuna qayıtdı. Özünün "qızıl oğlanlar" adlandırdığı perspektivi olan iki oğlu və birlikdə yaşadığı, xəstəlikdən əziyyət çəkən həyat yoldaşı var. Onlara dəstək olmaq üçün, 2009-cu ilin yayında, Azərbaycanın paytaxtı Bakıda inşaat sahəsində işləmək fikri ona cəlbedici bir təklif kimi görünüb. Onu işəgötürən insanlar yaxşı əmək haqqı, əla şərait və yaxşı yaşayış vəd ediblər.

Zoletiç Bosniya və Herseqovina, Serbiya və Şimali Makedoniyadan gələn, daha yaxşı bir həyat üçün oxşar təklifləri qəbul edən 700-dən çox işçi sinifinə mənsub insandan sadəcə biri idi. 2006-2009 illəri arasında onlar Bakıdakı ən əhəmiyyətli binaları, o cümlədən “Buta Palace” adlı böyük tədbir zalını və böyük bir sərgi mərkəzini inşa ediblər. Milyonlarla dollarlıq layihələrin ən azı üçü hökumət tərəfindən maliyyələşdirilib.

Ancaq işçilərin əksəriyyətinə müasir qullardan bir az daha yaxşı münasibət göstərilib. Yüzlərlə digər insan kimi Zoletiç də az qidalanaraq, 12 saat əziyyətlə işləyərək pis şəraitdə yaşamalı olub. Onun pasportu müsadirə edilib. Bəzi işçilər döyülüb. Onlardan biri Zoletiçin qollarında can verib. Bundan əlavə, onların əmək haqları kəskin şəkildə azaldılıb və ya heç ödənilməyib.

untitled9.png
Seudin Zoletiçin məmləkəti Zivinice

Zoletiç iş yoldaşlarının acıncaqlı vəziyyətlərinin səmimi və güclü şahidi olub, lakin bu hekayə təkcə onun təcrübələrinə əsaslanmır. Müxbirlər Azərbaycanda tələyə salınan səkkiz bosniyalı ilə söhbət aparıb, ifadələrini yoxlamaq və tamamlamaq üçün yüzlərlə məhkəmə sənədlərini, ifadələri, hesabatları və digər materialları araşdırıblar.

Zoletiçin onu işə götürən “SerbAz” şirkətinin arxasında kimin olduğu barədə heç bir fikri yox idi. İndi OCCRP tərəfindən aparılan bir araşdırma firmanın Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovun həyat yoldaşı və yaxın ortağına məxsus olduğundan şübhələnmək üçün güclü səbəblərin olduğunu ortaya qoyur. Rəhimovun nazirliyi 54 milyon manat (65.8 milyon dollar) dəyərindəki bəzi tikinti layihələrini həyata keçirmək üçün “SerbAz” şirkətini seçib.

Əgər bu doğrudursa, OCCRP tərəfindən ortaya çıxarılan yeni sübutlar müasir Avropada baş verən ən böyük əmək istismarı hadisələrindən biri olan bu hadisədə güclü əlaqələri olan insayder olduğunu göstərir. Bu, 2003-cü ildən bəri hakimiyyətdə möhkəm dayanan Azərbaycanın ilk ailəsi ilə bağlı da suallar doğurur. Rəhimov ölkə prezidenti İlham Əliyevin yaxın tərəfdaşı kimi tanınır. Bundan əlavə, işçilərin işlədiyi özəl obyektlərdən biri olan lüks ticarət mərkəzi indi Əliyevlər ailəsinə məxsusdur.

SerbAzRahimov1.png
“SerbAz”-ı Rəhimovlar ailəsi ilə birləşdirən kompleks bir əlaqə zənciri görünür

Azad Rəhimov, həyat yoldaşı Zülfiyyə və ortağı bu hekayə üçün şərh istəklərinə cavab vermədi. Hal-hazırda ticarət mərkəzinin sahibi olan şirkət bu işlə bağlı “SerbAz” ilə əlaqələndirilməkdən imtina etdi və kommersiya müqavilələrinin məxfi olmasını əsas gətirərək əlavə məlumat vermədi.

Zoletiçin Azərbaycanda ədalət axtarmaq səyləri uğursuz olub. Ona qarşı davranışlarla bağlı verdiyi şikayətlər ölkə məhkəmələri tərəfindən dəfələrlə rədd edilib və bu işi üzərinə götürən məşhur fəal ölkədən qovulub. Onun son ümidi bu il işçilərin müraciəti ilə bağlı qərar verəcəyi gözlənilən Avropa İnsan Haqları Məhkəməsidir.

Digər işçilərin bir çoxu Azərbaycanda keçirdikləri günlər haqqında danışmaq istəməsələr də, Zoletiç bunu etməyin onun üçün vacib olduğunu söylədi: "Bunu daha çox insan bilərsə, yenidən belə halların yaşanması daha çətin olacaq".

Rəhimov və “SerbAz” haqqında daha çox məlumat əldə etmək üçün ikinci hekayəni oxuyun.

"21-ci əsrdə həyatın insanlara bu qədər haqsızlıq, bu qədər pislik gətirərək bu qədər qəddar ola biləcəyini düşünməmişdim",- o əlavə etdi.

ZoleticHome.jpg
Zoletiç uşaqlıqda yaşadığı evinin yaxınlığındakı bir təpədə

“SerbAz”-a inandım

Zoletiç uşaqlığında sosialist Yuqoslaviyada xoşbəxt və qayğısız olduğunu xatırlayır. Kömür mədənçisi atası yaxşı maaş alıb və ailə yaxşı yaşayıb. Zoletiç qonşularının mal-qaralarını öz evlərində saxladıqları Zivinicenin mərkəzindən kifayət qədər uzaqda yerləşən evlərinin yaxınlığındakı bir təpədə “Kovboylar və hindlilər” oyununu oynadığını xatırladır. Hələ indi də Bosniyadakı kiçik bir küncünə olan sevgi ilə doludur.

"Həyat, gözəldir", – o qeyd etdi.

“Mən ölkəmi sevirəm. Ziviniceni də. [Hətta] bu ağır günlərdə belə mən onu gözəl görürəm”.

Lakin böyüdükcə Zoletiç bir çox xəyal qırıqlığına dözməli olub.

Uzunboylu gənc peşəkar basketbol karyerası nəzərdə tuturdu, ancaq yeniyetmə olanda xəsarət alıb və buraxmaq məcburiyyətində qalıb. Onun fikrincə, sırf müsəlman keçmişinə görə Yuqoslaviya Milli Ordusu onu qəbul etmədikdə əsgər olmaq xəyalından daşınıb. Bir neçə il sonra Yuqoslaviya dağılanda yeni müstəqil Bosniya ordusuna qoşulub və ön cəbhədə fəaliyyət göstərib.

1997-ci ildə tərxis olunduqdan sonra, Zoletiç Tuzla şəhərindəki böyük bir ayaqqabı fabrikində işə götürülüb. Nəticədə hər gün təkrarlanan işdən zövq alaraq nəzarətçi vəzifəsinə qədər yüksəlib.

Ancaq 2009-cu ilə qədər Bosniyadakı digər fabriklər kimi onun çalışdığı fabrik də çətinliklə üzləşib. Az maaş alan işçilər hökumətdən kömək tələb etmək üçün küçələrə tökülüb. Zoletiç ailəsinə dəstək olmaq üçün daha yaxşı bir yol tapmalı idi.

O, ilk dəfə Azərbaycanda tikinti işləri üçün yerli insanları yüksək maaşla işə götürən “SerbAz” şirkəti haqqında xəbər tutdu.

"Mən maraqlandım", – o dedi.

“Niyə mən orda olmamalıydım? Xüsusilə kimlərinsə gedib nağd pulla qayıtdığını gördükdən sonra”.

Bir neçə başqa müraciət edənlərlə birlikdə Zoletiç də “SerbAz”-da çalışan işəgötürənlərdən biri ilə görüşmək üçün başqa bir şəhərə yollandı. Ona tikinti işi təklif edərək iş şəraitinin sadalandığı və davranış standartları barədə xəbərdarlığın olduğu qısa bir "bəyanat" imzaladıblar. İndi o, bunun qanuni bir müqavilə olmadığını və bunun gələcəyin xəbərçisi olduğunu başa düşür.

Yalnız eyni zamanda saatı beş ilə səkkiz dollar arasında vəd olunan əmək haqqı çox cəlbedici görünüb.

"Mən tamamilə nikbin idim," – Zoletiç qeyd etdi – "SerbAz”-a inanırdım".

Şirkət nümayəndəsinə təkrar-təkrar zəng edərək getmək üçün həftələrlə öz növbəsini gözləyib. Nəhayət, müqavilə imzaladıqdan iki ay sonra əşyalarını yığması tapşırılıb.

Zoletiç Zivinicedən olan 20 nəfər ilə birlikdə mikroavtobus tutaraq Serbiyanın paytaxtı Belqrada yollanıbvə orada başqa bir bosniyalı qrupa qoşulub. Bir çoxu ondan daha gənc və daha az təcrübəli imiş. Bəziləri hələ yeniyetmə idi.

Ancaq onlar Zoletiçin nikbinliyini bölüşürdüər. Bosniyada hətta işləmək şansı olanların da ayda 200 dollardan çox qazanc əldə etməsi çətin idi. “SerbAz”-ın vədləri gerçək olsaydı, bu məbləği bir neçə gün ərzində bir qədər uzaq Bakıda qazanacaqdılar.

"Biz daha parlaq bir gələcəyə doğru irəliləyirdik" – Zoletiç dedi – "Buna inandıq".

Reallıq zərbəsi

Zoletiç hardasa Azərbaycana girən kimi taleyinin artıq öz əlində olmadığını görüb.

Zoletiç onunla birlikdə gələn qrupun immiqrasiya idarəsindən keçdikdən və bir aylıq turist vizaları aldıqdan sonra "müdür" olaraq adlandırdığı iki adam tərəfindən qarşılandığını söylədi. O, yeni gələnlərin "ordu əsgəri" kimi dayandıqlarını xatırlayır. Onlara pasportların qorunması üçün saxlanılacağı bildirilib.

Zoletiç başqa bir adamın pasportuna ondan daha yaxşı qayğı göstərəcəyinə şübhə edirdi. Ancaq başqa çarəsinin olmadığını anlayaraq onların dediyini edib.

SAŞA LIPOVAC



Hava limanında qrupla görüşən iki nəfərdən biri olan SaŞa Lipovac, işçilərin Azərbaycanda qarşılaşdıqları ən qorxulu simalardan biri idi.


Lipovac, Zoletiçin hekayəsində ən kiçik bir qanun pozuntusunda fiziki zorakılığa əl atan cəza verən və ya kiralıq qatil obrazını canlandırır. Zoletiç və bir çox başqa işçi onu "pis" və "sadist" olaraq xarakterizə etdilər.


İşçilər onunla ilk dəfə Bakı hava limanında görüşəndə bosniyalı serb olan Lipovac artıq Bosniya müharibəsi zamanı etdiyi cinayətlərə görə axtarılırdı.


Daha sonra Bosniya məhkəməsində mülki şəxsləri öldürməkdə, iki kiçik qızı yaralamaqda və bir gecədə bir neçə təcavüz etməklə günahlandırıldı. Bu müharibə zamanı Banja Luka yaxınlığında baş vermiş "ən dəhşətli" cinayət idi. Lipovac 10 il həbs cəzası aldı.

Qrup daha sonra mikroavtobusa mindirilib. Zoletiç oturub gözləyib, əl qoyulan pasportundan narahat olub hara aparılacağını görmək üçün həyəcanlanırıb. Avtobusda Zivinicedən gələn digər üç nəfərə yaxın otururmuş. Bəzi adamlar müxtəlif yerlərə aparılıb, o isə dostları ilə birlikdə olmaq üçün dua edib.

Nəhayət, mikroavtobus 4 metrlik hündür divarlar ilə əhatə olunmuş və böyük bir darvazası olan böyük bir evin önünə çatıb. Zoletiç içəridə 100-ə yaxın adamın yaşadığını görəndə şok keçirdiyini xatırlayır:

"Bir-birimizə baxıb bu nədir? Allahım, mən haradayam? deyirdik".

"Artıq bizim üçün otaq yox idi," o əlavə etdi: "Altı nəfər bir tərəfə, hətta iki nəfər üçün belə yer yox idi”.

Nəzarətçilər dəhlizdə onun və dostları üçün çarpayılar yerləşdiriblər. Briqadaya yalnız çıxış kağızı və nəzarətçilərin razılığı ilə izdihamlı evi tərk etməyə icazə veriləcəyi bildirilib.

Compound.jpg
Bakıdak 100 nəfərlik işçi briqadası

"Biz barının üstündən dırmaşaraq qaça bilərdikmi?" – Zoletiç narahatlıqla xatırladı: "Bəs pasportlarımız olmadan hara gedərdik?"

O, şok keçirən tək insan deyildi. Ən bacarıqlılardan başqa bütün xarici işçilər oxşar şəkildə 5 nəfərlik qruplardan ibarət evlərə yerləşdirilib. Hər yataq otağı çarpayılarla elə təchiz olunub ki, aralarından keçmək çətin olurmuş. Bir otağı 24 nəfərin bölüşməsi tipik idi. Daha çox işçinin yerləşməsi üçün ev dəhlizləri, sauna və hətta hovuzlar yatmaq üçün hazırlanıb.

 İlk günündə Zoletiç daha təcrübəli əllərdən təsəlli tapdığını, bunun onu müsbət düşünməyə təşviq etdiyini xatırlayıb. Lakin həmin axşam müdürlər evə baş çəkəndə əhvalı yenidən dəyişib. Yad bir şəhərdə boş xərclənməməsi üçün bir tədbir olaraq işçilərin maaşlarını "saxlayacaqlarını" bildiriblər. İşçilər evə gedənə qədər ödəniş gözləməməli idilər.

Bu, Zoletiçin və digər işçilərin “ağ kaska” adlandırıldıqları nəzarətçiləri ilə ilk tanışlıqları idi. Sonrakı bir neçə ay ərzində azərbaycanlı olmayan, Zoletiçin bölgəsindən olan bu adamlar işçilərin oyaq olduqları hər saatı necə keçirəcəklərini müəyyənləşdirəcəklərdi.

Sayıqlayanda

12 saatlıq iş günü ağır keçirdi. Hər səhər Zoletiç və digərləri səhər saat 5:00-dan bir qədər əvvəl ev nəzarətçisi tərəfindən oyadılırdı və müvafiq tikinti sahələrinə aparılırdı. Onun vəzifəsi gələcək sərgi mərkəzinin dayağı olan drenaj panellərini quraşdırmaq idi.

Onlara binada yemək verilirdi, ancaq yemək bəzən yalnız kolbasa, sadə yumurta və köhnə çörəkdən ibarət olurdu.

"Yalnız çay yaxşı idi," – o əlavə etdi. "Çörəyi onunla içə bilərdin".

Jurnalistlərə verdiyi müsahibələrdə bir çox işçi, Bakıda olduqları müddətdə həmişə ac olduqlarını və az bəsləndiklərinə görə arıqladıqlarını söylədi.

"Çoxu konslagerdən yeni çıxanlara bənzəyirdi. Yeni gəldikləri vaxtla müqayisədə tanınmaz halda idilər", – Zoletiç dedi.

Binada verilən keyfiyyətsiz qidalara əlavə olaraq işçilər gələcək məvaciblərindən çıxaraq “SerbAz” tərəfindən idarə olunan yeməkxanadan daha çox şey ala bilərdilər. Zoletiç bu sxemin "yarı açıq bir həbsxana" kimi təsvir etdiyi yeri tərk etməmələri üçün yaradıldığını söylədi.

ZoleticSmoking.jpg
Fəhlə Seudin Zoletiç

Adamlar səhər saat 9-a qədər briqadaya qayıtmırdılar. 12 saatlıq iş günündən sonra Zoletiçin topuqları şişir və tükənirdi:

“Səhər işdən əvvəl yarım litr su şüşəsini dondururdum. Sonra ayaqlarımı masaj etmək üçün istifadə edirdim".

Onlarla çarpayılı binada cəmi iki duş və iki tualet vardı. Bəzi işçilər vanna otağından istifadə üçün saatlarla gözləyirdi.

"Duş qəbul etmək və ayaqlarınızı yumaq üçün növbəniz çatanda artıq saat 10:30 və ya 11: 00 olurdu", – Zoletiç dedi. O gecələr beş-altı saat yatdığını xatırlayır. Bəzən, heç yatmırmış. Bir neçə dəfə dəhlizlərdən qaçaraq və qapıları döyən otaq nəzarətçisi tərəfindən oyadıldığını xatırladı. İnsanlar soyuqda titrəyərək alt paltarlarında dururdular.

" Təsəvvür edin. Bu, alkoqol sınağı idi", -Zoletiç dedi: “Onlar səndən üfürməyini istəyir. Hamı düz sırada durur və onlar sizi yoxlayırlar. Bu ağlasığmazdır. Sayıqlayaraq nə baş verdiyini başa düşməyə çalışırsınız. Bu yuxudur, yoxsa nə? Bu, pis bir yuxudur”.

Testi müsbət çıxanların xəyali maaşlarından 500 dollar kəsirdilər. Zoletiç işçilərin qazanclarını azaltmaq və itaət aşılamaq üçün bu "cəzalandırma" üsulunun daim təhlükə törətdiyini söylədi.

ButaConstruction2.jpg
Tikilməkdə olan “Buta Palace” binasında işləyən xarici işçilər

"Sözdə nəzarətçi yataqların yığılıb-yığılmadığını yoxlayırdı. Əgər düşündüyü kimi düzəldilməmiş olsaydı, o, bizi cəzalandırardı. Hətta istirahət etmək üçün çox ara vermək və ya tikinti sahəsində uzun müddət tualet fasiləsi cərimələnmə ilə nəticələnə bilərdi”, – Zoletiç qeyd etdi.

“Bir gün işçilər gündəlik işin bitdiyini düşünüb alətlərini topladılar”, – Zoletiç xatırladı. Nəzarətçilərindən biri qaçdı və işə daha bir dəqiqə davam etmələri üçün onlara qışqırdı. Adamlar başlarını aşağı saldılar və işə qayıtdılar:

"Geri qayıdana kimi bir dəqiqə artıq keçmişdi. Onlar belə etməklə sadəcə əzələ güclərini göstərirdilər”.

"Bu, məni çox incitdi" – Zoletiç alçaldılmasını xatırlayaraq dedi: "Bu insanlıq səviyyəsindən aşağı idi".

Başqa bir isti yay günündə, iş yerindəki ehtiyatsız bir həmkarı əlindən metal borunu salıb və Zoloteçin başına dəyib. Başı xeyli qanayıb. Müdürlər yarasını tikmək üçün bir həkim gətiriblər, ancaq heç vaxt düzgün bir diaqnoz və ya detallı yoxlanışdan keçməyib.

"Mənə kiçik bir it kimi davrandılar", – Zoletiç qeyd etdi.

İşçilər ona dərman almaq üçün pul yığıblar. Ancaq lazımi tibbi yardım olmadan infeksiya qapacağından və ya daha da pis olacağından narahat olub.

"Ailəm haqqında düşündüm. Kaş səmaya uçub, oradan çıxa bilsəydim. Bu, yaşamaq üçün bir döyüş idi”, – Zoletiç əlavə etdi.

Cəmi üç gün sonra yarası hələ təzə ikən və başındakı dikişlərlə yenidən işə göndərilib.

ChartofInfractions.jpg
İşçilərə qarşı qanun pozuntuları və cərimələrin qismən siyahısı onların ifadələrindən, məhkəmə sənədlərindən və insan alverinə qarşı mübarizə qrupunun hesabatlarından tərtib edilmişdir

Briqadada ölüm

Çətin şərtlər qısa müddətdə zərbə endirməyə başladı.

Avqust ayında Zivinicedən gələn, Zoletiçin də tanıdığı işçilərdən biri “SerbAz”-ın inşaat layihəsi həyata keçirdiyi digər bir şəhərdə qaldığı yurdda ürək tutmasından ölüb.

Sonra oktyabr ayının əvvəlində başqa yerə getmək üçün kifayət qədər iş olmadığı bir zaman gəlib. Zoletiç və başqaları heç bir şey etməyərək və yeməyərək öz briqadalarında qalıblar. "Böhran kimi hiss etdim",- Zoletiç əlavə etdi: “Yeməkxanada daha az şey görmək olurdu. Bir daha heç nə gətirmədilər”.

Günortadan sonra işçilərdən biri ağır xəstələnib. Digər işçilər onu həyətə gətiriblər və onu özünə gətirməyə çalışıblar, amma heç bir faydası olmayıb. Adam Zoletiçin qollarında ölüb.

Onun bu mexanika mühəndisini daha öncə bağçada təkcə qəhvə içib siqaret çəkərkən gördüyü yadına düşdü:

"Çox qısa bir müddət idi gəlmişdi. O, psixoloji cəhətdən zəif idi, hamımız bu olanları pis qəbul edirdik. Bəziləri daha az, bəziləri daha çox. Kişi təəssüf ki, dözə bilmədi".

Body.jpg
İşçilər həmkarının cəsədinin ətrafında dayanırlar

“Bu, hamımızı sarsıtdı. Hər halda dəli kimi ölü bir insana baxırdıq. Ağlımız çıxdı. Nə etməliyik? İndi nə? Sonra polis gəldi”.

Ölümlə bağlı araşdırma aparmaq üçün gələn məmurlar işçiləri sorğu-sual ediblər, lakin onların vəziyyətləri, ölkədə olma səbəbləri və ya immiqrasiya sənədlərinin olmaması ilə maraqlanmayıblar. İşçilər tələdə qalıblar.

Bir neçə gün sonra qaz təchizatı, elektrik və su kəsilib.

"Və sonra heç bir şeyimiz qalmadı", – Zoletiç əlavə etdi.

 Zoletiç ümidsizlik içərisində yeganə müsbət şeyi gördü. Fəhlələr fərqli millətlərdən olan və bir müddət əvvəl ölümcül bir müharibən çıxmış bir bölgədən gəlmiş olsalar da, keçmiş əhəmiyyətsiz kimi görünürdü. "Biz bir kimiydik",- Zoletiç dedi: "Qardaşlar kimi."

Adamlar bir-birilərinə açılmağa başladılar və Zoletiç qorxusunun necə olduğunu belə bilmədiyi fəlakətlər barədə başqalarından eşidib:

"Onlar yüksək musiqi açaraq otaqlarda insanları döyərdilər ki, başqaları iniltiləri eşitməsin".

Həqiqət ortaya çıxır

İşçilərin ümidsizliyi və artan aclığı sonda daha çox diqqət cəlb edib.

Onların acınacaqlı vəziyyətinə ilk diqqət yetirən “SerbAz”-a məxsus inşaat sahələrindən birinin yaxınlığındakı kiçik bir köşkdən onlara ərzaq və siqaret satan bir adam idi. O görürdü ki, işçilərin pulu qurtarmağa başlayıb və ac qalıblar. Günlərlə o işçilərə kreditlə ərzaq və siqaret almağa icazə veribmiş.

Satıcı xarici işçilərə kömək edən yerli bir qeyri-kommersiya təşkilatı olan Əlövsət Əliyev adlı keçmiş bir polis məmuru tərəfindən idarə olunan Azərbaycan Miqrasiya Mərkəzi ilə əlaqə yaradıb. Əliyevin işçilərindən biri təşkilat haqqında içərisində çox dilli məlumat olan kitabçanı çəpərin üstünə atıb. İşçilərdən biri tezliklə onlarla əlaqə yaradıb.

Əliyev bir axşam onunla yataqxana tərəfdə görüş təyin edib. İşçi mühafizəçilərin onu izləməsinin qarşısını almaq üçün gizli şəkildə ayrılmalı idi, lakin onun və yoldaşlarının necə yaşadığı haqda məlumat və fotolar aktivisti hərəkətə gətirmək üçün kifayət idi.

Əliyevin ilk addımı mətbuatla əlaqə yaratmaq olub. Azad mediaya basqınları ilə tanınan bir ölkədə ABŞ hökuməti tərəfindən maliyyələşdirilən və ölkədə müstəqil jurnalistika ilə məşğul ola bilən azsaylı mətbuatdan biri olan Azadlıq Radiosunun Azərbaycan ofisinə müraciət edib. (Artıq Azadlıq Radiosunun Bakı ofisi bağlanıb)

O, Azadlıq Radiosunun müxbirləri ilə birlikdə evə gedib. Jurnalistlər tərəfindən lentə alınan videoda Əliyevin dustaqxanada saxlanılan adamlarla ilk görüş anı əks olunub. Onlar arıq və ac idilər. Çarəsizlik içində xilasedicilərinin ətrafında toplaşıblar. Zoletiç də orada olub, arxada dayanıb.

"Mən onların yeməklərinə baxdım",- Əliyev əlavə etdi. "50 litrlik verdələrdə şorba var idi və onların içində nəsə üzürdü. Soyuducunu açdım və içində heç bir şey yox idi. İçməli su yox idi. Hətta duş qəbul etmələri üçün belə su yox idi”.

"Bu, dəhşətli idi", – o dedi.

WorkersCrowd.jpg
Fəhlələr briqadaya ilk ziyarəti zamanı Əlövsət Əliyevin ətrafına toplaşıblar

O, dərhal həyəcan təbili çalıb, mətbuat konfransı təşkil edib və işçilərin gəldikləri ölkələrin səfirliklər və beynəlxalq təşkilatlarla əlaqə yaradıb.

Hakimiyyət müdaxilə etməkdən imtina edib. Buna görə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və bir sıra digər qurumlar Əliyevin təşkilatına qapalı qalan işçilər üçün qida və gigiyena məhsulları vermək üçün pul ödəyiblər.

"Bu, bizim azadlığımızın başladığı an idi", – Zoletiç qeyd etdi: “Biz ifadələrimizi verdik. Yaşayış şəraitimizi, nə işlə məşğul olduğumuzu görmək üçün gəldilər və dəhşətə düşdülər”.

"Bosniyadakı müharibə zamanı olduğu kimi sağ qalmaq üçün nahar qutularımız var idi".

Bu vaxt işçilərin vəziyyəti xəbərlərdə göstərilib. Onların rəhbərləri və nəzarətçiləri ictimaiyyətin gözündən itdi. İndi işçilərin qapısı açıq idi, amma yenə də nə baş verdiyini anlamırdılar. Onların nə maaşları və pasportları verilməyib.

Pərdə arxasında Əliyev Azərbaycan hökumətinin nümayəndələri ilə görüşlər keçirib. O, işçiləri insan alverinə məruz qalan işçilər kimi təsnif etməyə, işlərinə görə pul ödətməyə və evlərinə göndərməyə çalışıb. Lakin proses ləng gedib və o, sərt müqavimətlə üzləşib.

İşçilərin ümidsizliyi daha da artıb.

"Bir nəfər onu buraxmasalar, bir damdan atlayacağını söyləyərək təhdid etdi", – deyə Zoletiç xatırlayır.

Bəziləri evə göndərildikdən sonra qalan işçilər şirkətləri onları öz ölkələrinə geri göndərməyə məcbur etmək üçün küçələrdə yatmaq və xalq etirazlarına qoşulmaq kimi müxtəlif taktikaları sınadılar.

Nəhayət, “SerbAz” işçiləri hər səfərində bir ovuc insanı evə göndərməyə başladı. Hər səhər şirkətin azərbaycanlı işçiləri ölkəni həmin günü tərk edəcək şanslı bir neçə nəfərin siyahısını təqdim ediblər. Adı əlifba sırasında sonda olduğu üçün Zoletiç ən uzun müddət gözləyənlərdən olub.

SerbAzOffice.jpg
Gənclər və İdman Nazirliyinə aid bir binada “SerbAz” ofisi. İşçilər buraya maaşlarını və biletlərini tələb etmək üçün gəlmişdilər

O, vaxtın keçməsi üçün Bakı küçələrində gəzirmiş. Bəzən təsadüfi avtobuslara minib son dayanacağa gedib. Anladığı kiçik rusca ona bəzi gənclərlə dost olmaqda kömək edib. Zoletiç onlarla bir neçə futbol oynayıb. Bu, heç olmasa qısa müddərlik çətinliyini unutdururmuş.

Bu hekayədə əks olunan pis təcrübə işçilərin böyük əksəriyyəti üçün ümumi xarakter daşıyır. Ancaq, bir qayda olaraq, daha yüksək vəzifələrdə olanlar, onlarla pis rəftar edilmədiyini hiss ediblər. Hətta bəziləri Azərbaycanda əlavə iş götürmək üçün imza atıblar.

20 gün gözlədikdən sonra Zoletiç, nəhayət, adını lövhədə görüb.

"Bu, təsviredilməz bir sevinc idi", – o dedi: “Mən evə gedəcəkdim. Gecəni yata bilmədim”.

Kiçik kompensasiyanı almamaları üçün işçilər Azərbaycanda gördükləri işə görə onlara heç bir borcun qalmadığını bildirən bəyanat imzalamağa məcbur olublar.

"İmzalamaq üçün hər şeyin normal olduğu, hər şeyin gözəl olduğu, bizə heç bir borcun olmadığı yazılan bir sənəd aldıq. Onu imzaladıqdan sonra mənə özlərinin istədikləri qədər pul verdilər, heç kim pulun necə hesabladığını bilmirdi", – Zoletiç dedi.

Son məbləği “SerbAz” təyin edirdi və OCCRP reportyorlarının müsahibə aldığı heç bir işçi qazanclarının düşündükləri kimi olduğunu demədi.

 Zoletiç və digərlərini hava limanına qədər polis müşayiət edib və nəhayət, pasportlarını veriblər. Hətta keçmiş qazancları da ruhlarını söndürə bilməyib. Təyyarədə onlar ekipaja evə qayıtmaq haqqında nostalji bir Bosniya musiqisi olan " Čarsija” adlı mahnını səsləndiriblər.

Zoletiç üç ay gerçək qul olaraq yaşadıqdan sonra ailəsi ilə yenidən görüşəndə keçirdiyi hissləri xatırladı.

"Evə gəlmək xoşbəxtlik idi. Sevdiklərimi görmək xoşbəxtlik idi. Onların məni görməsi xoşbəxtlik idi".

Ədalət uğrunda mübarizə

Geri qayıtdıqdan sonra Zoletiç və digərləri onlara qarşı davranışlara cavab olaraq açılan bir neçə məhkəmə işində əsas fiqurlara çevrildilər.

Serbiyada insan alverinə qarşı çalışan “

Astra

” təşkilatı bir neçə həftə işçilərin ifadələrini toplayaraq həyata qayıtmalarına kömək edib. Təşkilatın hesabatına əsasən Bosniya prokurorları istintaqa başlamış və yerli 13 “SerbAz” nümayəndəsini, işçiləri işə götürən və Bakıda həyatlarını idarə edən şəxsləri insan alverinə görə ittiham ediblər.

Zoletiç məhkəməyə şahid qismində çıxıb. Başlanğıcda görünən tarazsızlıq qorxuducu idi.

"Bir tərəfdə mən və prokuror, digər tərəfdə 13 vəkil var idi" – o bildirdi.

Ancaq suallara cavab verməyə başladıqdan sonra onun narahatlığı yox olub.

"Mən həqiqəti deyirdim. Artıq heç bir şeydən qorxmurdum",- deyə o əlavə etdi.

Azərbaycandan fərqli olaraq, indi o azadlıqdadır və ona keçmişdə əzab verənlər ağır cinayətlərdə ittiham olunurdular.

“Onlar məhkəmə prosesindədirlər. Mən də öz ölkəmdəyəm. Mən Azadam".

Nəticə çoxsaylı gecikmələrdən sonra qismən qələbə oldu. Təqsirləndirilən şəxslərdən dördü günahlarını etiraf etdilər, onlardan birinə bir il doqquz ay həbs cəzası verildi, üç nəfərə isə şərti cəza verildi. Qalanları günahkar hesab olunmadı.

Bu arada Azərbaycanda Əlövsət Əliyevin təşkilatı işçilərin gecikdirilmiş əmək haqqı və mənəvi ziyana görə “SerbAz”-a qarşı iddia qaldırdı. Lakin onlar məhkəmə işi ilə yanaşı iki apelyasiyanı da uduzdular. “SerbAz”-ın təqdim etdiyi, hakimlərin də razı qaldığı müdafiədə işçilərin əslində “SerbAz” ilə deyil, Karib adasında yerləşən Anguillada qeydiyyatdan keçmiş korporativ bir şirkətlə əmək müqaviləsi bağladığı deyilirdi. Buna görə şirkətin vəkilləri iddia etdilər ki, bu işdə Azərbaycanın məşğulluq qanunu tətbiq edilməyib.

Bosniya məhkəməsi “SerbAz”-ın işçilərin qanuni işəgötürənləri olduğuna qərar verərək, imzaladıqları sənədlərin başlıqlarında “SerbAz” yazıldığı əsas göstərildi. Öz növbəsində işçilər “SerbAz”-ın Anguilladakı ortağı olan “Accora Business” haqqında heç nə eşitmədiklərini söylədi.

"İfadəmizi vermək, məhkəmədə iştirak etmək imkanımız olmadı" – Zoletiç qeyd etdi – " Güman edirəm ki, həqiqətə çatmaq üçün məhkəmələrində bütün qanuni müdafiə vasitələrinin tükənməsindən danışmadılar. Onlar sadəcə bundan imtina etdilər".

Məsələ artıq Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinə çatdı. Bu il işçilər üçün Azərbaycan məhkəmələrində ədalətli məhkəmə iclasının keçirilməməsi ilə bağlı qərar qəbul edilməlidir.

Strasburqda ədalət?



Bosniya hökumətinin Avropa Məhkəməsindəki nümayəndəsi Belma Skalonjiç məhkəmə işində nə baş verdiyini izah etdi.


Onun sözlərinə görə, Azərbaycan tərəfi işçilərin başına gələnlərə görə hökumətin məsuliyyətini inkar etməkdə davam edir. Digər tərəfdən, işçilərin vəkili iddia edir ki, "Azərbaycan hökumətinin bir sıra uğursuzluqları" olub, o cümlədən, işçilərin vəziyyətlərini araşdırmaqda laqeydlik göstərdiyi və ədalətli məhkəmə iclasından məhrum etdiyi üçün işçilərə qarşı davranışlara görə cavabdehlik daşıyır.


O deyir ki, bu iş "insana 21-ci əsrdə verilən ən əsas təminatların ciddi, açıq-aşkar pozulmasıdır".

SeudinCourt.jpg
Seudin Zoletiç Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsində

Zoletiç indi Zivinicenə geri qayıdıb. İşlədiyi ayaqqabı fabriki indi müflis olub və bitkilərə olan sevgisindən zövq ala biləcəyi istixanada yarım gün işləyir.

Bakıdakı bütün sınaqları ilə bağlı çətinliklə danışdığı iki oğlu ilə fəxr edir. Onlardan biri indi 20 yaşlarındadır, yenicə ailə qurub. Kiçik oğlu isə hələ yeniyetmədir, yaxşı tələbədir və informasiya texnologiyalarını öyrənmək istəyindədir.

Nəyin uğrunda mübarizə apardığını soruşduqda aydın oldu ki, Zoletiç verilməyən maaşları üçün mübarizə aparmır.

"Bir insanın mənim keçdiyim şeylərdən keçmək istəməsi üçün pul növü yoxdur. Heç kim sizə hər şeyi unutdurmaq üçün kifayət qədər pul verə bilməz. Belə pul yoxdur. Ancaq səbr etmək, düz tərəfdə olduğumuzu görmək istərdim. Bunu edənlər cəzalandırılsın və ədalət qalib gəlsin".


Müəlliflər: Miranda Patrucic və Ilya Lozovsky

Ana səhifəSosialAzərbaycanın mərkəzində müasir quldarlıq – Fəhlə danışır