Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrə nəzarəti əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək. Bəzi məsələlərdə nazirlik Dövlət Təhlükəsizliyi Xidməti və Milli Kibertəhlükəsizlik Agentliyi ilə birlikdə işləyəcək.
Nazirlik beş ay ərzində yaş məhdudiyyəti tətbiq olunacaq sosial şəbəkələrin siyahısını hazırlamalıdır. Nazirlər Kabinetinə isə qanunvericiliyin yeni qaydalara uyğunlaşdırılması üçün doqquz ay vaxt verilib.
İmzalanan səənədə əsasən, məlumatların quruma təqdim edilməməsinə, vaxtın pozulmasına və ya yalnış məlumata görə vəzifəli şəxslər 6 min manatdan 7 min manatadək, hüquqi şəxslər 15 min manatdan 20 min manatadək cərimə olunacaq.
Qurumun göndərdiyi sorğuları 5 iş günü ərzində cavablandırmayan və ya məlumatı təhrif edən platforma provayderləri üçün cərimə vəzifəli şəxslərə 7 min manatdan 8 min manatadək, hüquqi şəxslərə 25 min manatdan 30 min manatadək təaşkil edəcək.
Platformalardan təhlükəsiz istifadə qaydalarının pozulmasına görə vəzifəli şəxslər 8 min manatdan 9 min manatadək, hüquqi şəxslər 35 min manatdan 40 min manatadək ödəniş edəcək.
Pozuntunun 1 il ərzində təkrar törədildikdə cərimə vəzifəli şəxslər üçün 9 min manatdan 10 min manatadək, hüquqi şəxslər üçün 45 min manatdan 50 min manatadək müəyyən olunub.
Sənəd 12 ay sonra qüvvəyə minəcək.
Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunvericiliyə yeni dəyişikliklər gətirilib. Bu ilin iyun ayında Milli Məclis tərəfindən qəbul edilən dəyişikliklərə əsasən, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasına məhdudiyyət qoyulması, platformaların istifadəçilərin yaşını yoxlaması, Azərbaycanda nümayəndəlik və ya qeydiyyat yaratması, dövlət qurumlarının sorğularını beş iş günü ərzində cavablandırması, eləcə də bu tələbləri yerinə yetirməyən platformalara qarşı cərimələr, reklam qadağası və internet trafikinin mərhələli şəkildə azaldılması kimi mexanizmlər nəzərdə tutulur.
Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən son dəyişikliklərlə internet resurslarının məhkəmə qərarı olmadan müvəqqəti bloklana biləcəyi halların siyahısı da genişləndirilib. Yeni qaydalara əsasən, təhqir və böhtan, şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar, narkotik vasitələrin təbliği, ictimai təhlükəsizliyə təhdid yaradan dezinformasiya və digər məzmunlar belə bloklama üçün əsas hesab oluna bilər.
Hakimiyyət bu dəyişiklikləri uşaqların təhlükəsizliyi, rəqəmsal mühitdə risklərin azaldılması və informasiya təhlükəsizliyi ilə əsaslandırır. Tənqidçilər isə hesab edirlər ki, bu addımlar son illərdə saytların bloklanması, “Media haqqında” qanunun qəbulu, Media Reyestrinin yaradılması və jurnalist həbsləri ilə müşahidə olunan daha geniş nəzarət siyasətinin davamıdır.