Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun səhhəti ağırlaşıb.
Bu barədə Səmədovun dostları sosial şəbəkədə paylaşım ediblər.
Onların sözlərinə görə, Bəhruz Səmədov Umbakı həbsxanasına köçürüləndən sonra sıx və qaranlıq otaqda saxlanılır.
“Bəhruz Umbakıya köçürüləndən bəri balaca, televizoru belə olmayan otaqda qalır. O, uzun müddət yazı-pozu ilə məşğul olmaqdan, onsuz da, zəifləmiş gözlərini artıq tamamilə korluğa yaxın vəziyyətə gətirib”, – deyə dostları yazır.
Yaxınları deyir ki, Səmədovu müayinə etməyə gələn həkim-oftalmoloq sadəcə göz damcısı verməklə kifayətlənib və belə şəraitdə qalmamalı olduğunu bildirib.
Çexiyanın Karlov Universitetinin doktorantı olan B.Səmədovu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları 2024-cü il avqustun 21-də həbs edib.
Səmədov 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlətə xəyanətdə ittiham olunub. İstintaqın versiyasına görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.