“Rusiyadakı inflyasiya Azərbaycanda son dövrlərdə ərzaq inflyasiyasının kəskin artmasına təsir edən əsas xarici amillərdən biridir”.
Bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatının 2025-ci il üzrə qiymətləndirilməsinə dair hesabatında bildirib.
Hesabata görə, Rusiya həm ümumi idxal, həm də ərzaq idxalı baxımından Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın ümumi idxalında Rusiyanın payı 18 faiz təşkil etdiyi halda, ərzaq idxalında bu göstərici 34 faizə çatır. Tərəvəz idxalında isə 2023-cü ilin məlumatlarına əsasən, bu pay 44 faizə yüksəlib.
BVF ekspertləri hesab edirlər ki, yüksək idxal asılılığı Rusiyadakı inflyasiya proseslərinin Azərbaycanda ərzaq qiymətlərinə ciddi təsir göstərməsi ilə nəticələnir:
“2025-ci ildə ərzaq inflyasiyasındakı sıçrayışa nəzər salsaq, bunun təxminən üçdə ikisi əvvəlki altı ay ərzində Rusiyada baş verən inflyasiya dinamikası ilə bağlıdır”.
Fondun proqnozuna görə, 2026-cı ildə xarici təzyiqlər səbəbindən Azərbaycanda ərzaq inflyasiyası artım meyli göstərəcək. Beynəlxalq qurum hesab edir ki, Yaxın Şərqdə, o cümlədən İran və ABŞ arasında davam edən müharibə fonunda qlobal neft qiymətlərinin kəskin bahalaşması nəticəsində 2026-cı ildə dünya ərzaq qiymətləri 8 faiz artacaq. Eyni zamanda, Rusiyada inflyasiyanın 2026-cı ildə təxminən 5,6 faiz səviyyəsində sabitləşəcəyi gözlənilir.
“Bu kimi xarici amillərin gələn il Azərbaycanda ərzaq inflyasiyasına yenidən təzyiq göstərəcəyi ehtimal olunur. Lakin artan geosiyasi gərginlik və müharibənin şiddətlənməsi əmtəə axınlarını daha da poza biləcəyi üçün bu perspektiv əhəmiyyətli dərəcədə dəyişə bilər”, – hesabatda vurğulanır.
Fondun hesabatına əsasən, istehlak səbətinin 43,2 faizini ərzaq məhsulları təşkil edir. Xarici ekspertlər hesab edirlər ki, İstehlak səbətində ərzağın yüksək payı ərzaq inflyasiyasının Azərbaycanda ümumi inflyasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilməsinə səbəb olur.
Hesabatda qeyd edilir ki, ərzaq inflyasiyası 2024-cü ilin aprelində qeydə alınan mənfi 1,8 faizdən 2025-ci ilin oktyabrında 8,2 faizə yüksəlib. 2026-cı ilin yanvarında isə bu göstərici 7,1 faizə qədər geriləyib.
Eyni zamanda, xidmətlər və qeyri-ərzaq məhsulları üzrə inflyasiya da 2024-cü ilin ortalarında müşahidə olunan minimum səviyyələrdən sonra artıb. Qeyri-ərzaq inflyasiyası nisbətən mülayim qalaraq 2025-ci il ərzində illik 2–3 faiz intervalında dəyişdiyi halda, xidmət sektorunda inflyasiya tənzimlənən qiymətlərdə aparılan düzəlişlər nəticəsində kəskin artaraq 2025-ci ilin əvvəlində 8,4 faizə çatıb. Sonrakı aylarda isə tədricən azalma müşahidə olunub.
BVF tövsiyə edir ki, mövcud inflyasiya proqnozu Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini dəyişməz saxlamasını əsaslandırır. Bununla belə, Mərkəzi Bank gözlənilməz inflyasiya sıçrayışlarına operativ reaksiya verməyə hazır olmalıdır.
Sənəddə həmçinin qeyd olunur ki, Yaxın Şərqdə davam edən müharibənin şiddətlənməsi karbohidrogen qiymətlərini artıraraq Azərbaycanın xarici və fiskal mövqeyinə əlavə dəstək verə bilər. Lakin bu proses qlobal ərzaq qiymətlərinin bahalaşması vasitəsilə ciddi inflyasiya təzyiqləri yarada, ərzaq təhlükəsizliyinə mənfi təsir göstərə, miqrasiya təzyiqlərini gücləndirə, dövlət xərclərini artıra və biznes mühitində qeyri-müəyyənliyi yüksəldə bilər. Nəticədə iqtisadiyyatın şaxələndirilməsi strategiyası üçün əlavə risklər yarana bilər.
Eyni zamanda, artan geosiyasi və siyasi qeyri-müəyyənlik qlobal iqtisadi artımı zəiflədə, Azərbaycanın xarici mövqeyinə və fiskal gəlirlərinə mənfi təsir göstərə bilər.
Hesabatda vurğulanır ki, daxili risklər sırasında fiskal konsolidasiya siyasətinə kifayət qədər sadiqliyin olmaması inflyasiyanın artmasına və uzunmüddətli fiskal dayanıqlığın zəifləməsinə səbəb ola bilər. Dövlət müəssisələrində islahatlar da daxil olmaqla, özəl sektorun inkişafı istiqamətində məhdud irəliləyiş iqtisadi şaxələndirməni ləngidə və potensial iqtisadi artımı azalda bilər.
Qeyd edək ki, Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda illik inflyasiya 5,7 faiz təşkil edib. Həmin dövrdə ərzaq məhsulları üzrə inflyasiya 6,7 faiz olub. Hökumət ilin sonunadək inflyasiyanın 5,9 faiz səviyyəsində olacağını proqnozlaşdırır.