Bəhruz Həsənli Ukraynada yenidən həbs edilib

Bəhruz Həsənli. Foto: şəxsi Facebook səhifəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) hazırda həbsdə olan sədri Əli Kərimlinin keçmiş mühafizəçisi Bəhruz Həsənli Ukraynada yenidən həbs edilib.

Bu barədə partiya üzvləri sosial mediada paylaşım ediblər.

Onların sözlərinə görə, avqustun 6-da Apellyasiya Məhkəməsi prokurorluğun şikayətini təmin edib və birinci instansiya məhkəməsinin Həsənlinin azadlığa buraxılması ilə bağlı qərarını ləğv edib.

Bildirilir ki, məhkəmə onun barəsində iyulun 27-də saxlanıldığı tarixdən hesablanmaqla 40 günlük müvəqqəti həbs qərarı verib. Qərarın verildiyi tarixdən də həmin müddətin təxminən 30 günü qalırdı.

Bəhruz Həsənli iyulun 27-də Xarkovda Azərbaycan tərəfinin müraciəti əsasında saxlanılıb. Saxlanılma Azərbaycanın prokurorluq orqanlarının müraciəti ilə bağlı olub. İyulun 30-da Xarkovun Şevçenkivski Rayon Məhkəməsi Həsənlini həbsdən azad edib. Bununla belə, onun ekstradisiyası ilə bağlı hüquqi prosedur davam edib.

Ukraynalı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Azərbaycan hakimiyyəti Həsənlini naməlum şəxslərdən 850 min dollar alaraq bu vəsaiti AXCP sədri Əli Kərimliyə “dövlət çevrilişi təşkil etmək məqsədilə” ötürməkdə ittiham edir. 

Xarkov İnsan Hüquqlarının Müdafiəsi Qrupu, Vətəndaş Azadlıqları Mərkəzi və Ukrayna Helsinki İnsan Hüquqları Birliyi Həsənlinin Azərbaycana ekstradisiya edilməməsi üçün Ukrayna Baş Prokurorluğuna müraciət edib. Hüquq müdafiəçiləri onun Azərbaycana verildiyi halda pis rəftar, işgəncə və ədalətsiz məhkəmə araşdırması riski ilə üzləşə biləcəyini bildiriblər.

Həsənli 2016-cı ildən Ukraynada yaşayır. Onun həyat yoldaşı və azyaşlı övladının da Xarkovda yaşadığı bildirilir.

Həsənlinin ekstradisiyası ilə bağlı yekun qərar verilməyib.

AXCP bildirir ki, Bəhruz Həsənli barəsində qəbul edilən həbs qərarı Azərbaycan hakimiyyətinin onun ekstradisiyasına nail olmaq məqsədi daşıyır. Partiya üzvləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya rəsmi səfər etməsini də bu kontekstdə qiymətləndirirlər. Azərbaycan XİN-in açıqlamasında səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sıbiha və digər yüksək vəzifəli rəsmilərlə ikitərəfli görüşlərin keçirildiyi bildirilib.

Hazırda AXCP sədri Əli Kərimli də daxil olmaqla partiyanın 20-yə yaxın üzv və fəalının həbsdədir. AXCP onların müxtəlif cinayət ittihamları ilə həbsini siyasi motivli sayır. Azərbaycan rəsmiləri isə ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı iddiaları qəbul etmir və həmin şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın mayın 13-də açıqladığı son siyahıda 328 nəfərin adı yer alıb. İttifaq bu şəxsləri siyasi məhbus hesab edir. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olması barədə iddiaları rədd edir.

Ana səhifəSiyasətBəhruz Həsənli Ukraynada yenidən həbs edilib