Azərbaycanda ölənlərin sayı artıb

“Belə olan şəraitdə ölüm hallarının 44,5 faiz çoxalmasının səbəblərini təsadüflərdə deyil, şüurlu fəaliyyətdə axtarmaq daha məntiqlidir”.

Foto: Meydan TV


İqtisadçı: “Ölkədə ölüm hallarının artmasının 92 faizdən çoxu koronavirusla bağlı deyil”

Azərbaycanda həyatını itirənlərin sayı 44,5 faiz artıb.

Dövlət Statistika Komitəsinin

məlumatı

nda belə deyilir.

Bildirilir ki, 2020-ci ilin may ayında 4 min 294 nəfər, iyun ayında 6 min 203 nəfər həyatını itirib. Əhali arasında ölüm sayı bir aya 1 min 909 nəfər və ya 44,5 faiz çoxalıb.

İqtisadçı Nemət Əliyev bunun böyük rəqəm olduğunu deyir. Bildirir ki, iyunda insan ölümü o dərəcədə ayaq açıb ki, hətta cari ilin 1-ci yarımilinin orta aylıq göstəricisini 20 faiz, ötən ilin orta aylıq göstəricisini isə 30 faiz üstələyib:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı məlumatlardan isə aydın olur ki, koronavirus səbəbindən iyunda cəmi 152 nəfər dünyasını dəyişib. Deməli, ölkədə ölüm hallarının artmasının 92 faizdən çoxu koronavirusla deyil, başqa səbəblərlə əlaqədardır. Açıqlanan rəsmi məlumatların təhlili belə qənaətə gəlməyə əsas verir”.

İqtisadçı müqayisə üçün deyir ki, cari ilin 1-ci yarımili ərzində Rusiyada ölənlərin ən yüksək faiz artımı may ayında olub. 16,6 faiz təşkil edib. İyunda isə vəziyyət qismən yaxşılaşıb:

“Bizdə isə ölənlər 44,5 faiz çoxalıb. Özünüz müqayisə edin: 16,7 faiz artım hara, 44,5 faiz artım hara? Aradakı fərqin böyüklüyünə diqqət edirsinizmi? Əhali arasında ölüm hallarının kəskin şəkildə artması təsadüflərin ayağına yazıla bilməz. Çünki sərt karantin şəraitində yaşayıb əhali. Hökumətin verdiyini yeyib, vermədiyini də yeməyib. Hətta xəstə, xəstəliyə meyilli insanlar icazəsiz təmiz hava udmağa da ayaqlarını bayıra basmayıblar ki, yüksək məbləğdə cərimələnə, polis zorakılığı ilə üz-üzə gələ bilərlər”.

Nemət Əliyev deyir ki, əhali COVİD-19-la mübarizə tədbirləri çərçivəsində dövlət başçısı İlham Əliyev başda olmaqla Nazirlər Kabinetinin, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalarla, şərtlərlə oturub-durub. Xəstəxanalar da, həkim heyəti də, təcili tibbi yardım komandası da bütün imkanlarıyla ali rəhbərliyin əmrinə hazır vəziyyətdə durublar:

Nemət Əliyev
Nemət Əliyev

“Belə olan şəraitdə ölüm hallarının 44,5 faiz çoxalmasının səbəblərini təsadüflərdə deyil, şüurlu fəaliyyətdə axtarmaq daha məntiqlidir. Vaxtlı-vaxtında və keyfiyyətli müayinə və müalicə ala bilməməkdən tutmuş dərman, vitamin və qida çatışmazlığına qədər çox səbəblər üzərində düşünmək olar. İlk baxışdan belə təəssürat yaranır ki, koronavirusla mübarizə istiqamətində səfərbərlik həyata keçirilsə də, digər xəstəliklərlə mübarizə cəbhəsi sanki boş buraxılıb… Hər bir halda ölkənin Səhiyyə Nazirliyi, Nazirlər Kabineti (Operativ Qərargah) iyunda yaşanan tükürpədici vəziyyətin gerçək səbəbləri üzərinə aydınlıq gətirməli, izahat verməlidir”. Meydan TV Səhiyyə Nazirliyindən və Nazirlər Kabinetindən məsələyə münasibət öyrənə bilməyib.

Ana səhifəSosialAzərbaycanda ölənlərin sayı artıb