Həbsdə aclıq edən jurnalist komaya düşə bilər

Polad Aslanov – Foto: Chatgpt

Həbsdə olan jurnalist Polad Aslanov hicab qadağasına etiraz olaraq keçirdiyi aclıq aksiyasını davam etdirərsə, komaya düşə bilər. 

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Gülmirə Aslanovanın sözlərinə görə, Polad Aslanov oktyabrın 26-da saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsindən zəng edərək səhhətinin kritik olduğunu bildirib.

Onun sözlərinə görə, aclıq aksiyasına 52 kiloqram çəki ilə başlayan jurnalistin çəkisi hazırda 43 kiloqrama düşüb.

“Poladın qan analizləri hər gün yoxlanılır, arterial təzyiqi ölçülür. Həkimlər qanda şəkərin səviyyəsinin həddindən artıq aşağı olduğunu bildirərək, aclığın davam etdiriləcəyi təqdirdə onun komaya düşə biləcəyi barədə xəbərdarlıq ediblər”, – Gülmirə Aslanova vurğulayıb.

Gülmirə Aslanovanın bildirdiyinə görə, oktyabrın 22-də Ombudsman Aparatının əməkdaşları Polad Aslanova baş çəkərək onun şikayətlərini dinləyiblər. Jurnalist hicab qadağasına görə qızının təhsil hüququndan məhrum edildiyini bildirərək, buna etiraz əlaməti olaraq aclıq aksiyasına başladığını deyib. Polad Aslanov qadağa aradan qaldırılmayana qədər aclıq aksiyasını davam etdirəcəyini deyib.

Nazirlər Kabineti sentyabrın 21-də məktəbli geyimi ilə bağlı qaydalara dəyişiklik edib. Dəyişikliyə əsasən, şagirdlərin müəyyən olunmuş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəsinə yol verilmir. Oktyabrın 6-da isə dövlət məktəblərində çalışan müəllimlərin geyimi ilə bağlı ayrıca tələblər təsdiqlənib.Yeni qaydalar hicablı şagird və müəllimlər, eləcə də valideynlər arasında narazılıqlara səbəb olub.

Polad Aslanov oktyabrın 12-də saxlanıldığı 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlayıb. Gülmirə Aslanovanın sözlərinə görə, həmin gün müəssisənin rəisi Ramiq Nəsibovun göstərişi ilə jurnalist beş günlük cərimə kamerasına salınıb.

Oktyabrın 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə baxmayaraq Polad Aslanovun cərimə kamerasında saxlanılma cəzası hələ də davam edib. 

Gülmirə Aslanova bildirib ki, jurnalist bu gün, oktyabrın 26-da cərimə kamerasından çıxarılacaq.

“Xeberman.com” saytının rəhbəri Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. 13 il azadlıqdan məhrum edilən jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsilə “dövlətə xəyanətdə” təqsirli bilinib.

O, ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Polad Aslanov tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Ana səhifə ▸ Xəbərlər ▸ Həbsdə aclıq edən jurnalist komaya düşə bilər