Hesablama Palatası 14 yerli icra hakimiyyəti tərəfindən həyata keçirilən yolların əsaslı təmiri işlərində ciddi nöqsanlar aşkarlayıb.
Palatanın məlumatına görə, yerli icra hakimiyyətləri tikinti işləri zamanı layihələrin dəyərinin şişirdilməsi nəticəsində podratçılara ümumilikdə 1 milyon 78,6 min manat artıq ödəniş edib.
Altı yerli icra hakimiyyəti podratçı şirkətlərlə 6 milyon 291,2 min manat dəyərində satınalma müqaviləsi bağlasa da, işlərin əslində daha əvvəl başladığı və tenderlərin formal xarakter daşıdığı müəyyən edilib. Hesablama Palatasının audit rəyində qeyd olunur ki, satınalma müqavilələri bağlandıqdan cəmi 1-2 gün, bəzi hallarda isə 4 gün sonra işlərin başa çatmasına dair aktlar rəsmiləşdirilib.
“Bütün bu nöqsanlar dövlət satınalmalarında rəqabətlilik və şəffaflıq prinsiplərinə, eləcə də vəsaitlərdən qənaətlə istifadə tələbinə riayət olunmadığını, proseslərin əsasən formal xarakter daşıdığını göstərir”, – deyə audit rəyində vurğulanır.
Audit zamanı müəyyən edilib ki, sözügedən icra hakimiyyətləri tərəfindən şəhərdaxili avtomobil yollarının əsaslı təmiri üçün tələb olunan bir sıra texniki sənədlər hazırlanmayıb. Yolun uzununa və eninə profilləri, meyillilik göstəriciləri, habelə səth sularının kənarlaşdırılması üzrə texniki həllər layihələndirmə və icra mərhələlərində nəzərə alınmayıb.
Nəticədə əsaslı təmir edilmiş yollarda təbii su axınının təmin olunmadığı müəyyən edilib. Bu isə yol örtüyündə suyun toplanması və çökəkliklərin yaranması riskini artırıb. Hesablama Palatasının qənaətinə görə, belə hallar yol örtüyünün istismar müddətini qısaldır və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına səbəb olur.
Dörd yerli icra hakimiyyətinin layihə-smeta sənədlərində işlərə hüquqi əsası olmayan digər smeta normativlərinin tətbiq edildiyi aşkarlanıb. İki yerli icra hakimiyyəti orqanı isə səlahiyyətlərinə aid olmayan yol nişanlarının quraşdırılması, yolların xətlənməsi və rənglənməsi işlərini yolların əsaslı təmiri üzrə smeta sənədlərinə daxil edib.
Audit zamanı müqavilə öhdəliklərini vaxtında yerinə yetirməyən podratçılara müqavilə şərtlərinə uyğun cərimələrin tətbiq edilmədiyi də müəyyən olunub. Eyni zamanda, müqavilələrdə cərimə faizlərinin nəzərdə tutulmaması öhdəliklərin gecikdirilməsinə və cərimələrin hesablanması imkanlarının məhdudlaşmasına səbəb olub.
Audit rəyində qeyd edilir ki, 2024-2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılan və ya əsaslı təmir edilən, ümumi dəyəri 24 milyon manata yaxın olan yol aktivləri mühasibat uçotunda əks etdirilməyib, əsaslı xərclər isə kapitallaşdırılmayıb.
Bu səbəbdən yerli icra hakimiyyəti orqanlarının maliyyə və əmlak hesabatları təhrif edilib. Nəticədə ölkə üzrə dövlət əmlakının uçotunun şəffaflığına və etibarlılığına mənfi təsir göstərilib.
Qeyd edək ki, Hesablama Palatasının 2024-2025-ci illərdə dövlət büdcəsi hesabına həyata keçirilən yolların əsaslı təmiri üzrə audit apardığı yerli icra hakimiyyəti orqanları Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar, Cəlilabad, Mingəçevir, Lənkəran və Şəki olub.