Bu ilin yanvar-avqust aylarında Azərbaycanın elektrik enerjisi ixracı təqribən 3 dəfə azalıb. Bunun əsas səbəblərindən biri ən böyük alıcılar sırasında yer alan Türkiyə və Gürcüstanın Azərbaycanın elektrik enerjisinə tələbatının azalmasıdır.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2025-ci ilin səkkiz ayında Türkiyəyə 345,7 milyon kVt/s elektrik enerjisi ixrac edildiyi halda, 2026-cı ilin eyni dövründə bu istiqamətdə heç bir ticarət olmayıb.
Azərbaycanın əsas alıcılarından biri olan Gürcüstana elektrik enerjisi ixracının həcmi də 57,7 faiz azalıb. Belə ki, bu ilin səkkiz ayında qonşu ölkəyə elektrik enerjisi ixracı 202,3 milyon kVt/s-a qədər düşüb. Nəticədə bu satışdan əldə olunan gəlir 56 faiz azalaraq 27,5 milyon dollardan 12 milyon dollara enib.
Əvəzində, bu ilin səkkiz ayında müharibə şəraitində olan Rusiya və İranın Azərbaycan elektrik enerjisinə tələbatı artıb. Belə ki, Rusiyanın ölkəmizdən aldığı elektrik enerjisinin həcmi yanvar-avqust aylarında 11 faiz artaraq 75,2 milyon kVt/s-dan 83,6 milyon kVt/s-a yüksəlib. Bu satışdan əldə olunan gəlir isə cəmi 3,6 milyon dollar təşkil edib.
İrana elektrik enerjisi ixracı isə 58,5 faiz artaraq 33,1 milyon kVt/s-a çatıb. Bu istiqamətdə təxminən 942 min dollar dəyərində satış həyata keçirilib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə ümumilikdə 319,04 milyon kVt/s elektrik enerjisi satıb. İxracın ümumi dəyəri 16,6 milyon dollar olub. Bununla ixrac olunan elektrik enerjisinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə, dəyəri isə 3,2 dəfə azalıb.
DSK-nın aylıq hesabatlarından görünür ki, bu ilin səkkiz ayında Azərbaycanda elektrik enerjisi istehsalında da azalma baş verib. Belə ki, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 17,9 milyard kVt/s elektrik enerjisi istehsal edilib. Bu rəqəm 2025-ci ilin eyni dövrünün göstəricisindən 2,4 faiz azdır.
Bunun əksinə olaraq, Azərbaycanın elektrik enerjisi idxalı artıb. 2026-cı ilin ilk səkkiz ayında idxalın həcmi 24,3 faiz artaraq 143,7 milyon kVt/s-a çatıb. Dəyər baxımından isə idxal 43,3 faiz artaraq 7 milyon dollar təşkil edib.
Xatırladaq ki, dövlət rəsmiləri tez-tez Azərbaycanın elektrik enerjisi istehsalını artırmaq, yaşıl enerji dəhlizlərini inkişaf etdirmək və gələcəkdə ixrac potensialını Qərb ölkələrinə qədər genişləndirməklə bağlı fikirlər səsləndirirlər. Bu baxımdan bərpa olunan enerji mənbələrinin inkişafı ölkənin enerji strategiyasının əsas prioritetlərindən biri hesab olunur. Hazırda Azərbaycanda BP, Masdar, ACWA Power və bu kimi xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində günəş və külək elektrik stansiyalarının tikintisi üzrə investisiya layihələri həyata keçirilir. Bu layihələrin reallaşdırılması nəticəsində yaxın illərdə ölkənin enerji balansına minlərlə meqavat həcmində yeni istehsal güclərinin əlavə olunacağı bildirilir. Həmçinin 2035-ci ilə qədər enerji balansında bərpa olunan enerji mənbələrinin payının təxminən 43 faizə çatdırılması planlaşdırılır.
Beləliklə, Azərbaycan elektrik enerjisi istehsalını əhəmiyyətli dərəcədə artırmağı hədəfləsə də, qarşıda mühüm bir məsələ durur: artan istehsal gücləri üçün dayanıqlı alıcıların tapılması.