Atam niyə öldü?

Günel Mövlud

Günel Mövlud

Günel Mövlud - Banner

Günel Mövlud - Banner

Bu gün səhər atam dünyasını dəyişdi. O, dörd il idi ki, xərçəng xəstəsi idi. Dörd dəfə əməliyyat olunmuşdu. Mütəmadi müalicə alırdı. Xəstəliyinin müalicəsi ancaq İsraildə mümkün idi və bir dəfə klinikalardan biri ilə əlaqə saxlamışdım. Ancaq lazım olan məbləğ nə məndə, nə də ailəmizdə vardı. Onsuz da, bahalı kimyaterapiyalar və dərmanların xərcini güclə çatdırırdıq.

Əlbəttə, bu dörd il ərzində mən insanlara müraciət edə bilərdim. Atamın müalicəsinə pul yığa bilərdim. Yazar kimi məşhurluğumdan istifadə edə bilərdim. Bəlkə də ona lazım olan məbləği elə bircə adam verə bilərdi. Amma bunu etmədim. Ona görə yox ki, bunu özümə yaraşdırmadım. Yox. Ona görə ki, mən bu üsulu doğru hesab eləmirəm. Vətəndaşın müalicəsini başqa vətəndaşların üstünə atmaq doğru deyil. Bunun üçün dövlət var.

Atam Azərbaycan vətəndaşı idi. 35 ildən artıq işləyib, dövlətə vergi ödəmişdi. Heç vaxt dövlətin, yaxud hakimiyyətin əleyhinə olmamışdı. Halbuki, olsa belə, bu, heç nəyi dəyişdirməməliydi. Atam öz ölkəsindəki hakimiyyətə o qədər inanırdı ki, iki oğlu həbs olunanda onlara qarşı çıxmadı, doğma qızından imtina etdi. Ömrüboyu öz ölkəsinə sadiqliyinin və verdiyi vergilərin hesabına onu öz dövləti müalicə etməli idi. Bu, onun dövlətinin öz vətəndaşı qarşısında borcu idi. Amma atam müalicə edilmək əvəzinə işdən atıldı, qohumları işdən çıxarıldı, oğulları həbs olundu.

Qardaşlarımın həbsi onu çox dərin depressiyaya saldı.O, ümumiyyətlə, bütün kimyaterapiyalardan və digər prosedurlardan imtina etdi. İşləyib, ataları həbsə düşən 5 nəvəsini, iki gəlinini, şəkər xəstəsi arvadını dolandırmalı oldu. Nəhayət, orqanizmi davam gətirmədi, yatağa düşdü. Və bu gün vəfat etdi.

Atamın ölümünə görə kədərlənirəmmi? Hə, amma, bu, ata itkisinin kədəri deyil. Bu, indi mənim sürgündə olmağımın, atamın dəfninə belə gedə bilməməyimin kədəri deyil. Bu, indi anamın yanında olub, ona təsəlli vermək imkanımın olmamasının kədəri deyil. Bu, ümumiyyətlə, şəxsi kədər deyil. Çünki məni bioloji doğmalarımla bağlayan tellər çoxdan və birdəfəlik qırılıb.

Amma bu, çox dərin və amansız bir kədərdir. Bu, mənim ölkəmdə qocaların, kasıbların, köməksizlərin xəstələnəndə, başlarına iş gələndə düşdükləri ümidsiz vəziyyətin kədəridir. Çıxılmazlıqlarının kədəridir. Bu, onun kədəridir ki, atamın ölümü, nə Azərbaycanda, nə də mənim ailəmdə son çıxılmaz durum deyil. Bu, onun kədəridir ki, bəlkə də şəkər xəstəsi olan anamı da eyni aqibət gözləyir. Bu, onun kədəridir ki, yüzlərlə, minlərlə yaşlı, kasıb, köməksiz atalar və analar ölkədə tibbi sığortanın yoxluğu səbəbindən çarəsiz can verməli olacaqlar.

Qəbrin nurla dolsun, ata! Mən heç vaxt sənin arzuladığın kimi övlad olmadım. Səninlə heç vaxt ortaq fikrimiz, dəyərlərimiz, prinsiplərimiz olmadı. Biz həmişə bioloji ata-bala olduq. Bir-birimizin nə həyat tərzini, nə fikirlərini, nə də dəyərlərini qəbul etmədik. Və indi, aramızda düz 35 il çəkən münasibətlərdən sonra, sənin vəfatın günü, gec də olsa, sənə iki şeyə görə təşəkkür etmək istəyirəm: məni uşaq yaşlarımdan alışdırdığın zəhmətə və evimizə doldurduğun kitablara görə.

Çox sağ ol, ata. Nə yaxşı ki, sən mənim insan kimi tərbiyəmi o kitablara tapşırdın. Mən buna görə sənə yerdən-göyə qədər minnətdaram.

Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib....

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/y8eyui

Ən çox baxılan