Hökumət işsizlikdən sığorta ödənişi alanların sayında 20 faiz artım proqnozlaşdırır

İllüstrasiya: Andrii Yalanskyi\shutterstock

Hökumət 2027-ci ildə işsizlikdən sığorta ödənişi alan şəxslərin sayının artacağını proqnozlaşdırır.

Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun (İSF) gələn il üçün büdcəsinə dair rəyində qeyd olunur ki, 2027-ci ildə 19,2 min nəfərə işsizlikdən sığorta ödənişinin verilməsi proqnozlaşdırılır. Bu, 2026-cı ilin sonuna olan gözlənti ilə müqayisədə 20 faiz çoxdur.

Belə ki, İSF 2026-cı ilin sonunadək 16 min nəfərə işsizlikdən sığorta ödənişi etməyi nəzərdə tutub.

2026-cı ildə bu şəxslərin 11,2 min nəfərinin, 2027-ci ildə isə 15 min 360 nəfərin minimum sığorta ödənişi alacağı gözlənilir. Beləliklə, növbəti ildə işsizlikdən sığorta ödənişi alanların ümumi sayının 20 faiz, minimum ödəniş alanların sayının isə təxminən 37 faiz artacağı proqnozlaşdırılır.

Bu göstəricilər gələn il işsizlikdən sığorta ödənişi alanların sayında əhəmiyyətli artım gözlənildiyini göstərir. Belə ki, sığorta ödənişi alacaq şəxslərin sayında 3,2 min nəfər artım olacaq. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən oktyabrın 1-dək muzdla çalışan işçilərin sayı 14 min nəfər azalıb, hətta sentyabrın 1-nə olan statistikada bu rəqəm 31,2 min nəfərə qədər yüksəlmişdi. Bununla yanaşı, 2025-ci ilin ortalarından etibarən bir sıra dövlət qurumlarında kütləvi ixtisarların aparılması ilə bağlı mediada məlumatlar dərc olunur.

Artıq son iki ildə ölkədə işini itirənlərin sayında artım sürətlənib. Bu səbəbdən İSF-nin işsizlik sığortası ilə bağlı ödənişləri də kəskin yüksəlib.

Hələ Hesablama Palatası İşsizlikdən Sığorta Fondunu ödənişlərin əhatə dairəsi ilə bağlı düzgün proqnozlaşdırma aparmamaqda ittiham edir.

2027-ci ilin büdcə layihəsinə görə, İSF-nin gələn il işsizlikdən sığorta ödənişlərinə 36 milyon manat xərcləməsi nəzərdə tutulub. Bu, 2025-ci illə müqayisədə 2,1 dəfə və ya 19 milyon manat çoxdur. Cari illə müqayisədə isə işsizlikdən sığorta ödənişlərinə ayrılacaq vəsait 28,6 faiz və ya 8 milyon manat artacaq.

Hesablama Palatasının Fondun büdcəsinə dair rəyində qeyd olunur ki, 2026-cı ilin doqquz ayının göstəricilərinin təhlili əsasında ilin sonunadək təsdiq edilmiş proqnozdan daha çox vəsaitə ehtiyac yaranması riski mövcuddur.

Fondun izahatında isə işsizlikdən sığorta ödənişləri üçün proqnozlaşdırılandan daha çox vəsait tələb olunması 2026-cı ildə bu ödənişləri almaq üçün müraciət edən şəxslərin sayının çoxluğu ilə əsaslandırılıb. Bildirilib ki, həmin şəxslərə ödənişlər 2027-ci ildə də davam etdiriləcək.

Bundan başqa, Fond bildirir ki, əmək müqaviləsinə xitam veriləcək və işsizlikdən sığorta ödənişi almaq hüququ qazanacaq şəxslərin sayında artım gözlənilir. Bununla əlaqədar əvvəlki ildən davam edən ödənişlərlə yanaşı, 2027-ci il ərzində yeni təyinatlar, ilkin və təkrar müraciətlər üzrə ödənişlərin sayının da artacağı proqnozlaşdırılır. Eyni zamanda, 2027-ci ildə minimum aylıq əməkhaqqı artırılarsa, işsizlikdən sığorta ödənişlərinin yuxarı həddinin, eləcə də minimum sığorta ödənişinin məbləğinin yüksələcəyi bildirilir.

Hesablama Palatasının İSF-nin gəlir və xərcləri üzrə apardığı audit zamanı işsizlikdən sığorta ödənişi təyin edilmiş şəxslərin qarşısında maliyyə öhdəliklərinin tam yerinə yetirilmədiyi müəyyən olunub.

Belə ki, qurumun rəyinə əsasən, 2025-ci ilin büdcəsi hazırlanarkən işsizlikdən sığorta ödənişləri üçün tələb olunan vəsaitin artım tempi ilə ödənişlərin əhatə dairəsi arasındakı uyğunsuzluqlara dair əvvəlcədən edilmiş xəbərdarlıqlar nəzərə alınmayıb. Nəticədə həmin il hesablanmış sığorta ödənişlərinin məbləğindən daha az vəsait ödənilib. Bununla belə, hesabatlarda işsizlikdən sığorta ödənişləri üçün nəzərdə tutulmuş 17 milyon manatlıq büdcə proqnozunun 100 faiz icra edildiyi göstərilib.

Başqa sözlə, bu istiqamətə ayrılmış vəsait tam xərclənsə də, işsizlikdən sığorta ödənişi təyin edilmiş bütün vətəndaşlara hesablanmış məbləğlərin tam ödənilmədiyi aşkarlanıb.

Hesablama Palatası diqqətə çatdırıb ki, qanunvericiliyə əsasən, işsizlikdən minimum sığorta ödənişinin məbləği ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqına bərabərdir. Bu səbəbdən minimum əməkhaqqının artırılması işsizlikdən sığorta ödənişləri üzrə büdcə xərclərinin də artmasına səbəb ola bilər.

Palata 2027-ci ilin büdcə göstəricilərinin təhlilini və əsas minimum parametrlərə yenidən baxılması ehtimalını nəzərə alaraq, 2026-cı ildə işsizlikdən sığorta ödənişləri üçün ayrılmış vəsaitin kifayət etməməsi riskini vurğulayıb.

Qurum, eyni zamanda, büdcə planlaşdırılmasında mövcud yanaşmanın davam etdiriləcəyi təqdirdə, oxşar maliyyə riskinin 2027-ci ildə də yarana biləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, İSF-nin 2027-ci il üçün xərclərinin 319,2 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 52,8 milyon manat və ya 19,8 faiz çoxdur.

Ana səhifə ▸ İqtisadiyyat ▸ Hökumət işsizlikdən sığorta ödənişi alanların sayında 20 faiz artım proqnozlaşdırır