Hicab, məktəb və təbliğat maşını media

69 nömrəli məktəbdə çəkilən görüntüdən screenshot

2026-cı ilin sentyabrın 21-də Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Qərara görə “Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.”

Bu qərarda məktəblilərin hicab geyinməsinə qarşı açıq qadağa olmasa da, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu və hökumətin bu qərarı ilə əslində məktəblilərin hicab geyinməsinə qarşı dolayı yolla qadağa qoyulduğu iddia edildi. Bu qeyri-müəyyənlik dövründə həm Nazirlər Kabineti, həm də Təhsil Nazirliyi rəsmi açıqlama verməyərək qeyri-müəyyənliyin davam etməsinə səbəb oldular. Bu qeyri-müəyyənlik ölkə boyunca müxtəlif məktəblərdə hicab geyinən məktəblilərin məktəbə buraxılmaması ilə bağlı xəbərlər gələnə qədər davam etdi. Son bir neçə gündə bu xəbərlərin artmasına əsaslanaraq demək olar ki, qərar açıq şəkildə qadağa etməsə də praktiki olaraq məktəblilərin hicab geyinməsinə qadağa qoyulub.

Azərbaycanın yerli mediasının hökumətin nəzarətində olması faktı artıq mübahisə doğurmur. Müstəqil beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan mediası tamamilə hökumətin nəzarətində olan institut kimi qəbul edilir. Media azadlığı reytinqlərində Azərbaycan ən aşağı yerləri tutaraq Rusiya, Türkmənistan kimi ölkələrlə bir sırada durur.

Hökumətin nəzarətində olan media qurumları məktəblilərə qoyulan hicab qadağası ilə bağlı propaqanda alətinə çevrilərək qərarın əslində doğru olduğunu təbliğ edir. Günlərdir hökumət mediası müxtəlif posterlər, video çarxlar və ya xəbərlər hazırlayaraq hökumətin qərarını tərifləyirlər, vahid məktəbli formasının təbliğatını aparır. Maraqlı nüans odur ki, son illərə nəzər salanda nəzarətdə olan bu medialar mövzunu işıqlandırmır, təhsildə “dünyəvilik” prinsipini yada salmır, bu barədə heç bir xəbər hazırlamırdılar. Hökumət mediasının ötən illərdə hazırladıqları xəbərlərə göz gəzdirəndə görmək olar ki, bu mövzu demək olar ki, heç müzakirə edilməyib. Hətta qərarın verilməsindən təqribən 20 gün keçsə də, bu cür təbliğat materialları qərarın verildiyi ilk günlərdə dərc edilmirdi. Yalnız son bir neçə gündür bu tərz materialların yayılmasına başlanıb.

Məktəblilərin hicab geyinməsi ilə bağlı mövzu ilk dəfədir müzakirə obyektinə çevrilmir. Belə ki, 2010-cu ildə Təhsil Nazirliyi məktəblilərin dərsə hicabla gəlməsini qadağan etmişdi. Bunun nəticəsində hicablı şagirdlər məktəbə buraxılmırdı və bu qadağa ölkədə ciddi rezonans doğurmuşdu. Hətta Nardaran və Masallıda keçirilən aksiyalarda o vaxtkı təhsil naziri Misir Mərdanovun şəkilləri yandırılmışdı. Ancaq sonradan bu göstərişin tətbiqi dayandırıldı və hicablı şagirdlərin məktəblərdə təhsil almasına xüsusi bir maneə yaradılmadı.

Hazırda şagirdlərin hicab geyinməsinə qarşı təbliğat aparan hökumətin nəzarətində olan media qurumları həmin dövrlərdə də eyni təbliğat üçün alət rolunu oynayırdı və bu gün həmin mediaların istifadə etdiyi narrativlər həmin dövrdə də istifadə edilirdi. Məsələn, hökumətin nəzarətində olduğu bilinən APA xəbər agentliyinin xəbər saytına nəzər salanda görmək olur ki, 2010-cu ilin dekabrında eyni məzmunlu müsahibələr paylaşıblar. Bu müsahibələr əsasən dövlət rəsmilərinin, deputatların, ictimai şəxslərin məktəblərdə hicabı qadağan edən qərarı dəstəkləmələri mövzusunda olub. Eyni məzmunlu materiallar Trend.az (1, 2, 3) və Day.az (1, 2, 3) kimi o dövrdə fəaliyyət göstərən medialarda da dərc edilib.

Bu günlərdə hökumət mediasının istifadə etdiyi bir digər narrativ olan “xarici qüvvələrin müdaxiləsi” həmin dövrdə də geniş istifadə edilirdi. Belə ki, məktəblilərin hicab geyinməsinə qarşı qəbul edilən qərara edilən etirazlar xarici ölkələrin, xüsusilə İranın müdaxiləsi kimi göstərilirdi. Məsələn, Trend.az-ın paylaşdığı “Azərbaycanda dünyəvi dövlət əleyhinə çağırışlar edən dindarların arxasında İran dayanır – cənubi azərbaycanlı mühacir” başlıqlı məqaləsində Aslan Xalidi “İranın Azərbaycanda yaratdığı süni hicab probleminə bəzi politoloq və ziyalıların dəstək verməsini pisləyib və bildirib ki, onlar bununla İran kəşfiyyatını dəstəkləyirlər”. Azərbaycanda həmin dövrdə eyni məzmunlu xəbərləri APA xəbər agentliyi (1, 2, 3) tərəfindən də dərc edilib.

Maraqlıdır ki, təqribən 2011-ci ildən etibarən hökumətin məktəblərdə hicab qadağası yumşaldı və məktəblilərə hicabla dərsə gəlməsinə istisnalar xaricində maneə yaradılmadı. Elə həmin dövrdən etibarən son günlərə qədər heç bir hökumət yaxud dövlət mediasında hicablı şagirdlərlə bağlı hər hansı problem işıqlandırılmırdı. Nə təhsilin dünyəviliyi, nə şagirdlərin hicab geyinməsini dəstəkləyənlərin “xarici qüvvələrin” nəzarətində olmasını dövlət və hökumət mediası qabartmır, bu mövzuda hər hansı xəbər paylaşmırdı. Ancaq, son bir neçə gündür hökumətin məktəblərdə hicab qadağasını qoyması ilə birlikdə hökumət və dövlət mediası yenidən 2010-cu ildə olduğu kimi təbliğata başlayıb, hökumətin verdiyi bu qərarı dəstəkləyən materiallar dərc edir, bu qərara qarşı çıxanları da xarici qüvvələrin nəzarətində olan şəxslər kimi təqdim edir.

Digər bir maraqlı nümunə Yeni Müsavat qəzetidir. Belə ki, 2010-cu illərdə hələ də öz müxalif mövqeyini qoruyub saxlayan Müsavat qəzeti məktəblilərin hicabla bağlı qadağasını sərt tənqid edən materiallar dərc edirdi. “Hicab – Uniforma, Yoxsa İnsan Haqqı?”, “Hicab Qadağasının Pərdəarxası”, “Hicab Qadağasının Müdhiş Sirri”, “Hicabdan Əlini Çək”, “Hicaba Azadlıq” kimi başlıqlarla dərc edilən xəbərlərdə məktəblilərə qoyulan hicab qadağasının qanuni olmadığı, insan haqlarını pozduğu iddia edilirdi. Müsavat qəzeti sonrakı illərdə mövqeyini dəyişərək hökumətin nəzarəti altına keçdi və onun narrativlərini yaymağa başladı. Bu günlərdə eyni qəzet “Məktəb bərabərlik məkanı olmalıdır” – Vahid forma niyə vacibdir?”, “Qanun şahdır, ənənə şah deyil” – Kəmalə Ağazadə”, “Məktəbli forması bəhanəsi: İran Azərbaycanda qarşıdurma yaratmağa çalışır” kimi materiallarında Müsavat qəzeti şagirdlərə qoyulan hicab qadağasını tərifləyir, buna qarşı etiraz edənləri “xarici qüvvələr”in nəzarətində olan kəslər kimi təqdim edir.

Beləliklə, yuxarıdakı nümunələr bir daha göstərir ki, Azərbaycanda hökumət və dövlət mediası tərəfsiz və obyektiv xəbər dərc etmək əvəzinə hökumətin propaqandası rolunu oynayır. Hökumətin hər hansı mövzuda mövqeyi dəyişirsə bu mediaların da mövqeləri dərhal hökumətin yeni mövqeyinə uyğunlaşır.

Ana səhifə ▸ Sosial ▸ Hicab, məktəb və təbliğat maşını media