Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda ümumi dəyəri 407 milyon dollar olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi üçün 165 milyon dollar maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib. Azərbaycan su çatışmazlığı və iqlim dəyişikliyi ilə bağlı narahatlıqların artması fonunda alternativ su mənbələrindən istifadə imkanlarını genişləndirməyə çalışır.
OC Media yazır ki, Sumqayıtda tikiləcək zavodun Bakı və Abşeron yarımadasının su təchizatı üçün gündəlik 300 min kubmetr içməli su istehsal edəcəyi gözlənilir.
Layihə Azərbaycanın su ehtiyatları üzərində təzyiqin artdığı bir dövrdə həyata keçirilir. Ölkənin ümumi su ehtiyatlarının, o cümlədən içməli su ehtiyatlarının təxminən 70 faizi ölkə hüdudlarından kənarda formalaşır.
Eyni zamanda, gələcək zavodun su mənbəyi olacaq Xəzər dənizində uzun müddətdir suyun səviyyəsinin azalması müşahidə olunur. Bu isə Xəzərin gələcəyi və regionun ekoloji tarazlığı ilə bağlı narahatlıqları artırır. Alimlər xəbərdarlıq edirlər ki, sahil xəttinin geri çəkilməsi Xəzər suitisi və nərə balıqları da daxil olmaqla, endemik növlərin yaşayış mühitini təhlükə altına alır, həmçinin su-bataqlıq ərazilərinə və digər həssas ekosistemlərə mənfi təsir göstərir.
Hökumətyönlü “Report” informasiya agentliyinin AİB-yə istinadən yaydığı məlumata görə, kredit üç tranşla ayrılacaq. İlk iki tranşın hər biri 70 milyon dollar, üçüncü tranş isə 25 milyon dollar təşkil edəcək.
Layihənin ümumi dəyəri 407 milyon dollar həcmində qiymətləndirilir. Hökumət maliyyələşmənin qalan hissəsinin necə təmin ediləcəyi barədə ictimaiyyətə ətraflı məlumat verməyib.
Zavodun gündəlik istehsal gücü 300 min kubmetr təşkil edəcək. Suya tələbatın artdığı dövrlərdə bu göstəricinin 330 min kubmetrə çatdırılması mümkün olacaq.
Layihə dövlət-özəl tərəfdaşlığı çərçivəsində 25 illik müqavilə əsasında həyata keçiriləcək. Zavodda duzsuzlaşdırılan suyun hamısı dövlətə məxsus İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə veriləcək.
Layihənin məqsədi Bakı və Abşeron yarımadasında yaşayış və kommersiya obyektlərinin keyfiyyətli və dayanıqlı içməli su ilə təminatını yaxşılaşdırmaqdır.
Zavodun tikintisi Azərbaycanın məhdud su ehtiyatları ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir. Dünya Bankının məlumatına görə, ölkənin yerüstü su ehtiyatlarının təxminən 70 faizi onun sərhədlərindən kənarda formalaşır. Abşeron yarımadasının su təchizatı da əhəmiyyətli dərəcədə Samur çayından asılıdır. İqlim dəyişikliyi, quraqlıq və suya artan tələbat alternativ su mənbələrinə olan ehtiyacı artırıb.
Bununla belə, layihənin özü də ekoloji narahatlıqlar doğurur. Belə ki, dəniz suyunun duzsuzlaşdırılması zamanı yaranan yüksək duz konsentrasiyalı tullantı suyu yenidən Xəzər dənizinə axıdılacaq.
Dəniz suyunun duzsuzlaşdırılması təcrübəsi Azərbaycan üçün yeni deyil. 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində gündəlik istehsal gücü 1000 kubmetr olan pilot duzsuzlaşdırma zavodu istifadəyə verilib. Sonradan zavodun gündəlik istehsal gücü 2000 kubmetrə çatdırılıb. Lakin Sumqayıtda tikilməsi planlaşdırılan zavod ölkədə dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk irimiqyaslı müəssisə olacaq.
Layihə Asiya İnkişaf Bankının Azərbaycan üzrə 2025–2029-cu illəri əhatə edən tərəfdaşlıq strategiyası çərçivəsində həyata keçirilir. Strategiyada ekoloji baxımdan dayanıqlı inkişaf və ətraf mühitə uyğun infrastrukturun yaradılması prioritet istiqamətlər kimi müəyyən edilib.
Bundan əvvəl Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) da Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi üçün 45 milyon dollar kredit ayrılmasını təsdiqləyib.
Layihəni Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti həyata keçirir. Çinin “PowerChina” qrupuna daxil olan “Huadong Engineering Corporation” (HDEC) şirkəti isə layihənin baş podratçısıdır. HDEC-in subpodratçısı olan İspaniyanın “Savener” mühəndislik şirkəti artıq zavodun layihələndirilməsi və mühəndislik işlərinə başlayıb.
Bu yazı ingilis dilindən tərcümə edilib. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.