Noyabrın 23-də Giorqoba bayramı münasibətilə Azərbaycanın Qax rayonundakı Kürmük məbədini ziyarət etmək istəyən pravoslav dindarlar polis tərəfindən məbədə gedən yola buraxılmayıblar. Hadisə Azərbaycanla Gürcüstan arasında məbədin tarixi və dini mənsubiyyəti ilə bağlı sentyabrda yaranmış mübahisəni yenidən gündəmə gətirib.
Gürcüstanın “Dedoplistskaro” televiziyasının yaydığı görüntülərdə məbədə getmək istəyən insanların yolun başlanğıcında toplandığı, ərazidə polis əməkdaşlarının olduğu görünür. Əllərində şam tutan dindarlar polislərlə mübahisə ediblər.
Televiziyanın məlumatına görə, məbədə gedən yol arxeoloji qazıntılar səbəbindən bağlanıb. Kürmük məbədi ənənəvi olaraq ildə iki dəfə – mayın 6-da və noyabrın 23-də, Müqəddəs Georgi bayramlarında ziyarətçilərin üzünə açılırdı.
Gürcüstanın Marneuli və Hucab yepiskopu Giorgi Camdeliani noyabrın 24-də hadisəyə münasibət bildirib. O, sosial şəbəkədə paylaşdığı açıqlamada gürcü zəvvarların bayram günü məbədə buraxılmamasını təəssüflə qarşıladığını deyib.
Camdelianinin sözlərinə görə, Giorqoba gürcülər üçün yalnız dini deyil, həm də milli bayramdır və onların çoxəsrlik tarixinin, ənənələrinin və milli kimliyinin ayrılmaz hissəsidir.
“Dövlətin vəzifəsi hər bir insanın etnik mənsubiyyətindən və dini baxışlarından asılı olmayaraq, onun dini etiqad azadlığını qorumaqdır”, – yepiskop bildirib.
O, belə halların Azərbaycan və Gürcüstan arasında mövcud olan mehriban qonşuluq və dostluq münasibətlərinə zərər vurduğunu deyib. Camdeliani Gürcüstanda yaşayan azərbaycanlıların dini bayramlarını sərbəst qeyd edə bildiklərini xatırladaraq, qarşılıqlı hörmətin vacibliyini vurğulayıb.
Yepiskop məsələ ilə bağlı Azərbaycan hakimiyyətindən izahat gözlədiyini də bildirib.
Məbəd ətrafında sentyabr mübahisəsi
Kürmük məbədi ətrafında mübahisə bu ilin sentyabrında, ərazidə arxeoloji qazıntıların aparıldığı barədə məlumatların yayılmasından sonra başlayıb.
Sentyabrın 24-də Gürcüstan Patriarxlığı məbəddə və onun ətrafında aparılan işlərlə bağlı narahatlığını ifadə edib. Qurumun açıqlamasında məbəd Azərbaycanın ərazisində, tarixi Heretidə yerləşən, Gürcüstanın tarixi və mənəvi irsi üçün əhəmiyyətli abidə kimi təqdim olunub.
Patriarxlıq işlərin Gürcüstan tərəfinə məlumat verilmədən aparıldığını bildirib və onların məqsədi, hansı tədqiqatlara əsaslandığı, eləcə də abidənin mühafizəsinin necə təmin edildiyi barədə izahat tələb edib. Qurum Gürcüstanın dövlət strukturlarının və gürcü mütəxəssislərinin prosesə cəlb olunmasını istəyib.
Sentyabrın 25-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Patriarxlığın açıqlamasına cavab verib.
Nazirlik Gürcüstan Patriarxlığının məbədlə bağlı yanaşmasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə münasibətdə ərazi iddiaları ehtiva etdiyini bildirib.
XİN, həmçinin Azərbaycan ərazisindəki tarixi və coğrafi adların başqa adlarla təqdim edilməsini qəbuledilməz adlandırıb. Nazirlik dini qurumları iki ölkə arasında dostluq münasibətlərinə xələl gətirə biləcək açıqlamalardan çəkinməyə çağırıb.
Məbədin mənsubiyyəti ilə bağlı fərqli mövqelər
Kürmük məbədinin tarixi və dini mənsubiyyəti Azərbaycan və Gürcüstan arasında fikir ayrılığının əsas mövzularından biridir.
Gürcüstan Patriarxlığı və gürcü tərəfi məbədi Gürcüstanın tarixi və dini irsinin bir hissəsi hesab edir. Onlar məbədin tarixi Hereti bölgəsində yerləşdiyini və gürcü pravoslav ənənəsi ilə bağlı olduğunu bildirirlər.
Azərbaycan tərəfi isə məbədi Qafqaz Albaniyasının mədəni irsinə aid edir. Rəsmi Azərbaycan mənbələrində abidə Kürmük məbədi adlandırılır.
Yəni ərəflər məbədin tarixi və dini mənsubiyyəti ilə bağlı fərqli mövqelər sərgiləyirlər. Bununla yanaşı, məbəd Azərbaycanın Qax rayonunda yerləşir və onun ərazisindəki arxeoloji işlər Azərbaycan qurumları tərəfindən aparılır.
Azərbaycan tərəfinin mövqeyi
Noyabrın 23-də baş verən hadisədən sonra Milli Məclisin deputatı Arzuxan Əlizadə AzadlıqRadiosunun Azərbaycan xidmətinə açıqlamasında məbədə girişin məhdudlaşdırılmasının abidənin qorunması və ziyarətçilərin təhlükəsizliyi ilə bağlı olduğunu deyib.
Onun sözlərinə görə, hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ərazidə arxeoloji tədqiqat və konservasiya işləri aparır.
Əlizadə məhdudiyyətlərin dini ziyarətlərin qadağan edilməsi kimi təqdim olunmamalı olduğunu bildirib. Onun sözlərinə görə, işlər başa çatdıqdan sonra ziyarətlərin əvvəlki qaydada davam etdirilməsi nəzərdə tutulur.
Deputat Azərbaycanda gürcü icmasının dini etiqad azadlığından sərbəst istifadə etdiyini də qeyd edib.
Hadisədən bir gün sonra, noyabrın 24-də Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze ilə görüşüb.
Azərbaycan tərəfinin məlumatına görə, görüşdə ölkədə yaşayan gürcü icmasının dövlət qayğısı ilə əhatə olunduğu, dini ibadət yerlərində təmir-bərpa işlərinin aparıldığı və dini bayramların qeyd olunması üçün şərait yaradıldığı bildirilib.
Bununla belə, görüş barədə yayılan rəsmi məlumatda Kürmük məbədinə ziyarətçilərin buraxılmaması məsələsindən bəhs edilməyib.
Noyabrın 23-də Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi nümayəndə heyətinin üzvləri Qax rayonunun Qax-İngilo kəndində yerləşən Müqəddəs Georgi adına kilsəni ziyarət ediblər. Bayram ibadəti kilsənin baş keşişi, protoierey Pyotr (Xumaраşvili) və keşiş Tariel (Poladaşvili) tərəfindən icra olunub.